Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsində işləyən Vüqar Balayevi “Makarov” tipli tapança ilə öldürən, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirən şəxsin fotorobotu hazırdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant E. Zahidov Milli.Az-a açıqlamasında vətəndaşlardan fotorobotdakı şəxslə bağlı hər hansı məlumatları olduğu və ya onu gördükləri təqdirdə 102 xidmətinə zəng etmələrini, ya da ərazi üzrə aidiyyatı polis orqanlarına müraciət etməyi xahiş etdi.
Xatırladaq ki, fevralın 20-də saat 07:30 radələrində valyutadəyişmə məntəqəsinin əməkdaşı Vüqar Balayev və atası 53 yaşlı İsmayıl Balayev işə gedərkən yaşadıqları 1-ci mikrorayon, Nərimanov prospekti ərazisində naməlum şəxslərin basqınına məruz qalıb. Nəticədə Vüqar ölüb, İsmayıl isə ağır yaralarla xəstəxanaya çatdırılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5, 29, 120.2.7 (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun icraatına götürülüb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Basqına məruz qalanlar millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadənin yaxın qohumlarıdır.
Anar Məmmədov
Milli.Az