2019-cu ildə Sumqayıtda baş vermiş cinayət hadisəsinin təfərrüatlarına baxdıqca insanın beyninə bir fikir gəlir: Məgər mübahisəni başqa cür, xoşluqla yoluna qoymaq olmazdımı? Görünür ki, tərəflərdən biri bunu istəsə də, digəri mütləq qan çıxmasını beyninə salıb, elə bu düşüncəsinin yaratdığı dəliqanlılığa görə özü qətlə yetirilib.
Oxu.Az həmin cinayət işi üzrə məhkəmə istintaqının materiallarını əldə edib.
Öncəliklə deyək ki, mətndəki adlar hamısı şərtidir, etika xatirinə cinayətdə iştirak edən tərəflərin ad və soyadlarını açıqlamayacağıq.
Hər şey ondan başlayır ki, mebel ustası işləyən Muxtarın telefonu vaxtı ilə güləşlə məşğul olmuş Tağının maşınında qalır. Görünür ki, Tağı həmin telefonu qaytarmaq niyyətində olmayıb. Bu zaman anası Minəxanım Muxtara zəng edir, lakin telefonu açan şəxsin başqa adam olduğunu biləndən sonra narahatlıq keçirir. Tağı isə ananı əmin edir ki, onda qalan telefonu geri qaytaracaq.
Narahatlıq keçirən ana digər oğlu Qəmbərə zəng edir, vəziyyəti ona bildirir…
Qəmbər keçmiş məhkumdur
Proseslərin sonrakı gedişatına keçməzdən əvvvəl Qəmbərin portretini “cızaq”.
Qəmbər 2000-ci ildə qəsdən adam öldürmə cinayətinə görə 16 il müddətinə azadlıqdan məhrum edilib. 11 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayarkən digər dustaq Eldarla dostluq münasibəti yaranır. Onlar azadlıqlarına qovuşduqdan sonra mülki həyatda da isti münasibətlərini davam etdirirlər.
Bu münasibətlər əsasında onlar özlərinə yeni “kruq” yaradırlar, bu ətrafda Qəmbər böyük hörmət sahibi kimi tanınır. Yəni, içəridə “yatıb-çıxdığına”, məhbusluq həyatında türmə qaydalarına riayət etdiyindən onun mülki həyatda da “hörmət”i olur.
Narahatlıq ananı sakit buraxmır
Minəxanım yenidən Tağının nömrəsinə zəng edir. Tağı isə kobud cavab verir, minnət qoyaraq “hələ mən yaxşı insanam ki, o telefonu qaytaracağam” deyir. Bu azmış kimi ardınca Muxtarın öz halal telefonunu yenidən Muxtara bağışlayacağını deyir.
Ananın həyəcanı artır, elə bilir ki, Tağı Muxtara nəsə edəcək. Qəmbərə zəng edir, Qəmbər vəziyyəti yoluna qoyacağına söz verir.
Qəmbər qardaşının nömrəsinə zəng edir, Tağı telefonu götürür, onlar razılaşırlar ki, “Əşya bazarı”nın yanında görüşsünlər. Lakin Qəmbər Tağının ona pis nəsə edəcəyindən qorxduğundan “söhbət”ə tək getmir, öz dostu Elşadı da aparır. Elə Tağı da tək gəlmir….
Tağının da “kruqu” var
Tağı da keçmiş məhkumdur, o da cəzaçəkmə müəssisəsində olarkən Ramil adlı şəxslə dostlaşıb, münasibətlərini mülki həyata qədər daşıyıblar. Ramil özü də 7 il “srok” yatıb, mübahisələrdə bunu özünün üstünlüyü kimi qələmə verir.
“Əşya bazarı”nda mübahisəni həll etmək üçün gəlirlər, hər iki tərəfdə həyəcan var, biri digərinin ona nəsə edəcəyindən ehtiyatlanır.
Mübahisə həllini tapmaq əvəzinə daha da böyüyür, Tağı sumqayıtlıların ünvanına təhqiramiz ifadələr işlədir. Qəmbərlə dostu Eldar soyuqqanlı davranırlar, hər hansı aqressiya nümayiş etdirmirlər, sülh üçün yeni platforma təklif edirlər – çay süfrəsi arxası.
Buna görə “Xanə” restoranında görüşürlər. Tağı Ramillə yanaşı, digər dostu Adəmi də özü ilə gətiribmiş.
Qəmbər onlarla söhbət edərkən qardaşı Muxtar, onunla birlikdə Əhməd, Səfa da gəlirlər. Mübahisənin rəngi tündləşir, Əhməd Tağıdan sumqayıtlıların ünvanına söyüş işlədib-işlətməməsini soruşur, Tağı isə bunu fəxrlə bir daha deyir və peşman olmadığını bildirir.
Əhməd isə sərt xəbərdarlıq tonunda Qəmbərin xətrinə dəyən adama nələr edəcəyini bildirir, Ramil isə onun üstünə qışqıraraq “bu nə danışıqdır ə, mən 7 il “srok yatmışam” deyəndə Eldar çaynikdəki isti çayı onun üstünə atır. Dava başlayır, mərəkə qopur, restoran işçiləri aranı sakitləşdirir və onları çölə çıxarır. Lakin emosiyalar çöldə yenidən coşur, tərəflər bir-birinə qarşı hücuma keçirlər.
Əsas dava Tağı ilə Əhməd arasında olur, Tağı dəfələrlə ona zərbələr endirmək istəsə də, buna nail ola bilmir, Əhməd onu bir neçə dəfə yerə yıxır.
Vəziyyətin qızışdığını görən Rüstəm isə aradan çıxır. Bu zaman “mikrorayon uşaqları” gələrək onlara buranın məhəllə olduğunu, sakit durmalarını tələb edirlər. Razılaşırlar, hətta “mikrorayon uşaqları”ndan üzr də istəyirlər.
Sən demə aranın sakitləşməsi Tağıya vaxt qazandırır, o, hər iki əlində dönər bıçaqları tutaraq Qəmbər, Muxtar, Əhməd, Eldar və Səfaya hücum çəkir.
İstintaq müəyyən edib ki, bu zaman vaxtı ilə bir-birlərinə arxa-dayaq duracaqlarını deyən şəxslərin hamısı qaçır, ortada təkcə Əhməd qalır. Əhmədlə Tağı əlbəyaxa davaya çıxırlar, Tağı ona xəsarət yetirir, o isə özünü qorumaq məqsədilə cibində gəzdirdiyi bıçaqla Tağıya zərbələr endirir, daha doğrusu məqsədi həm də Tağını öldürmək idi və öldürür də…
“Boynuna götür, mən cavanam”
Törətdiyi qətldən sonra Əhməd hərəkətindən peşman olur. O, Qəmbəri axtarır, lakin ona əli çatmır. Minəxanımla əlaqə saxlayır, Qəmbərin yerini soruşur, Eldarı da götürüb Qəmbərin yanına gedir. Əhməd gənc olduğunu, adam öldürməyə görə həbs olunacağı təqdirdə həyatının məhv ola biləcəyini, dava-dalaşın onun probleminə görə başlandığını deyir.
Qəmbərin əvvəllər həbsdə olduğunu, məhkumluq həyatı yaşadığını, təkrar məhkumluq həyatı yaşamasının çətin olmayacağını deyir, baş vermiş cinayəti boynuna götürməyini ondan tələb edir. Qəmbər razılaşır. Qəmbər qardaşı Muxtarı da götürüb Coratda yaşadıqları bağ evinə yollanır.
Hüquqi ədalət mütləq yerini tapmalıdır
Əhməd hər ehtimala qarşı özünü sığortalamaq üçün bir müddət İrana getməyi planlaşdırır, Əhməd və Səfaya zəng edərək hallalıq istəyir. Ancaq onlar da Əhməd kimi eyni düşüncəyə qapılırlar və birlikdə Ərdəbilə gedirlər.
Bir müddət orada qalırlar. Ancaq tale elə gətirir ki… Sən demə Qəmbər hadisəni olduğu kimi anasına danışıbmış, anası Minəxanım isə qətiyyətlə cinayəti boynuna götürməməyi tapşırır.
Dostlar isə İran sərhədlərini tərk edib Türkiyəyə – İğdıra gedirlər. Türkiyədə olarkən Qəmbər onlara zəng edir, cinayəti boynuna almayacağını bildirir. Əlacsız qalan Əhməd İstanbul hava limanına gedir, cinayət törətdiyini deyir. 2019-cu ilin iyulun 5-də Bakı hava limanına gələn kimi özü könüllü polisə təslim olur.
Əhməddən başqa cinayətin iştirakçılarının hamısı Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) ittiham olunur, cəza alır.
Əhmədə isə daha ağır cəza kəsilib, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Çünki o, davanın digər iştirakçılarından fərqli olaraq, adam öldürmüşdü…