Sumqayıtda qətlə yetirilən mağaza müdirinin yoldaşı qatil haqda danışdı : ” Mağazada iş dəftərinə oğru aləminin simvollarını çəkirdi”

2517
Gül mağazalarının sahibini öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Sumqayitxeber.com musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qətlə yetirilən Vüqar Quliyevin xanımı Lamiyə Quliyeva ifadə verib.
Lamiyə Quliyeva mərhumun hüquqi varisidir.
Sərbəst ifadə verən Lamiyə Quliyeva əvvəlcə təqsirləndirilən şəxsin dediklərinin həqiqət olmadığını deyib.
Bildirib ki, həyat yoldaşı heç vaxt işçilərlə kobud münasibətdə olmayıb: “Bizim işçilərlə münasibətlərimiz həmişə yaxşı olub. Mənə bacı, yoldaşıma da qardaş deyirdilər. Hətta o qədər yaxşı münasibətdə idik ki, mənə ana da deyirdilər. Hadisədən bir ay əvvəl Vüsalın nişanı idi. Biz onun nişanını təmənnasız elədik. Buketləri, xonçaları biz verdik. Yoldaşım həmişə bu insana qarşı yaxşı olub”.
Lamiyə Quliyeva deyib ki, həyat yoldaşı heç vaxt söyüş söyməyib: “Yoldaşım 20 ildir ibadət edən adamdır. Onu tanıyanlar hamı gəlib başını qoyar ki, Vüqar heç kimə bir kəlmə də söyüş söyməz. Həmin gün də Ramazan ayı idi. Vüqar da oruc idi. Mənə bir şey maraqlıdır ki, əgər Vüqar Vüsalı söyübsə, ona “borzu” deyibsə, niyə zəng edib ondan üzrxahlıq eləmək istəyirdi? Niyə Vüqara zəng edib “qaqam, gəl görüşək”. Əgər Vüqar onu təhqir etmişdisə, niyə ona qaqam deyirdi, yanına gələndə Vüqarla öpüşürdü?”.
Daha sonra Lamiyə Quliyeva ifadəsinin davamında deyib ki, həyat yoldaşını qətlə yetirən şəxs kriminal aləmə, oğru aləminə maraqlı adam olub: “Vüsal mağazada iş dəftərinə bıçaq, oğru aləminin simvollarını, beşbarmaq çəkirdi. İndi də həmin fotolar var. Mən Vüqara bu haqda demişdim, Vüsalın hərəkətlərindən xoşum gəlmədiyini bildirmişdim”.
Hadisə günü baş verənləri danışan Lamiyə Quliyeva qeyd edib ki, yoldaşı ilə mağazaya gedərkən yolda Vüsalla rastlaşıblar: “Həmin gün Vüsal ona zəng eləmişdi. Vüqar mənə dedi ki, deyəsən Vüsal ondan üzr istəmək istəyir. Vüsal ora gələndə Vüqarla görüşdü, öpüşdü. Sonra çıxıb parka tərəf getdilər. Mən də mağazaya getdim. Çıxandan sonra yarım saat gözlədim. Bir də gördüm ki, iki nəfər mülki geyimli şəxs maşınımıza tərəf yaxınlaşdı. Mən onlardan kim olduqlarını söylədim. Polis olduqlarını bildirdilər. Məni də polis bölməsinə dəvət etdilər. Vüqarın telefonunun kodunu istədilər dedim. Məndən mağazanın qarşısında Vüqarı soruşanda Vüsalla görüşə getdiyini dedim. Sonra xəstəxanaya getdim”.
Məhkəmədə şahid qismində Məhəmməd Musabəyli də dindirilib.
O deyib ki, mərhum müdiri ilə münasibətləri həmişə yaxşı olub. Hadisənin baş vermə səbəbini eyni məzmunlu danışan şahid qeyd edib ki, təqsirləndirilən Vüsal Novruzovla onun da mübahisəsi olub: “İşlə bağlı aramızda mübahisə olub. Amma elə də münasibətimiz olmayıb. Müdirin heç vaxt söyüş söyməzdi. 4 il onunla işləmişəm. Hələ gəlib deyirdi ki, haqqımızı halal edin
Həbs edilən Vüsal deyir ki, mərhum müştərinin şikayətinə görə ona irad bildirib: “Mənə dedi ki, işə “borzuluq” eləməyə gəlməmisən. Görüşüb bu məsələni aydınlaşdırmaq istədim. Söyüş söyəndə vurdum”.
İttihamda yazılır ki, Vüsal çalışdığı mağazanın sahibi Vüqar Quliyevi qisas məqsədi ilə öldürüb. Belə ki, Vüsal mağazaya gələrək maşınını bəzətdirmək istəyən müştəriyə xidmət göstərməyib.
Mağaza sahibi Vüqar işçisi Vüsala “borzuluq eləmə” deyərək iradını bildirib. Vüsal işdən çıxdıqdan sonra keçmiş müdirinə zəng edib və görüş təyin edib. Mağazanın qarşısına gəlib və müdirinə deyib ki, mənə “borzu” deyərək səhv elədin. İttihamda göstərilir ki, Vüqar Quliyev dediyi sözdə israr etdiyinə görə Vüsal tərəfindən bıçaqlanıb. Vüsal Vüqarın qarın nahiyyəsinə 1 bıçaq zərbəsi endirib.
Vüsala Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə və qanunsuz olaraq soyuq silah saxlama maddələri ittiham irəli sürülüb
Elan olunmuş ittihamla Vüsal Novruzov özünü təqsirli bilməyib. Deyib ki, Vüqarı öldürmək niyyəti olmayıb. Hadisə baş verdiyinə görə də özünü qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilib.
Hadisə bu il may ayının 24-də baş verib. Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi Vüsal Novruzov tərəfindən bıçaqlanıb. Vüqar Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə mərhum Vüqar Quliyev Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı olub. O, Sumqayıtda “Gül Vüqar” kimi tanınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər