Sumqayıtda Qızıl Aypara Cəmiyyətinin könüllüləri ilə görüş keçirildi – FOTOLAR

1206

Qızıl Aypara Cəmiyyətinin 100 illiyi və Sumqayıt şəhərinin 70 illik yubileyləri ərəfəsində Sumqayıtdakı Heydər Əliyev Mərkəzində cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun şəhərin ayrı-ayrı təşkilatlarının, təhsil və səhiyyə müəssisələrinin gənc nümayəndələri və könüllülər ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərdəki abidəsini ziyarət edib, önünə güllər düzüblər.

Qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Mərkəzin akt zalında keçən görüşdə N. Aslanov rəhbərlik etdiyi cəmiyyətin tarixi, fəaliyyəti haqqında məlumat verib. O, ölkə başçısı İlham Əliyevin cəmiyyətin inkişafında göstərdiyi diqqət və qayğıdan danışıb.

Deputat, həmçinin bildirib ki, qısa zaman kəsiyində Sumqayıt şəhərində aparılan quruculuq işləri iftixar hissi doğurur. Həmçinin cəmiyyətin şəhərdə fəaliyyət göstərən bölməsinin fəaliyyəti barədə də söz açılıb.

Qızıl Aypara Cəmiyyətinin gənclər və könüllülər sahəsində fəaliyyətinin əsas məqsədi haqqında danışan N.Aslanov könüllülüyün ürəkdən gələn bir hiss olduğunu bildirib. “Bu, elə bir hissdir ki, sən bunun müqabilində heç nə tələb etmirsən. Gündəlik həyatda hər birimiz könlümüzdən gələn yaxşılıq və hörmət hisslərini yaşlılara yolu keçməkdə kömək etməklə, avtobusda yaşca böyüklərə yer verməklə, hər hansı bir şəxsə yaşından asılı olmayaraq yardım etməklə göstəririk. Könüllü olmaq da məhz bu hisslərin birlikdə təzahürüdür”, – deyə o bildirib.

Görüşdə şəhər gənclərinin könüllülük fəaliyyəti və perspektivləri müzakirə olunub.

Görüş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin himninin səsləndirilməsi ilə başa çatıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər