Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qonşusunu döyərək öldürməkdə təqsirləndirilən Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Y.Bayramov 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərə isə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ötən il avqustun 20-də Sumqayıt şəhər ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla həmin gün şəhər ərazisində R.Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.
Onlar Sumqayıt şəhər Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Bu şəxslərdən yalnız Y.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin hazırlıq iclasında digər şəxslər də həbs edilmişdi.
Y.Bayramov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma), digər təqsirləndirilən şəxslər isə 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.