Sumqayıtda qətl törətməkdə və quldurluqda təqsirli bilinərək məhkum olunan dəstə üzvlərindən Fərid Bağırzadə və Murad Eyvazov Ali Məhkəməyə müraciət ediblər.
“Ölkə.Az” xəbər verir ki, onların müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Gülzar Rzayevanın sədrliyi ilə iyul ayının 16-da keçiriləcək.
İttihama görə, Füzuli rayon sakini Amal Nadirli Sumqayıt şəhərində bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İskəndərov həbs ediliblər.
Təqsirlındirilən şəxslər soyğunçuluq məqsədilə əlbir olaraq Saray qəsəbəsində yerləşən “Topaz” bukmeker kontorunda işləyən Amal Nadirli ilə bağlı cinayət əlaqəsinə giriblər.
Amal Nadirliyə hücum edərək üstündəki pulları ələ keçirmək məqsədilə Kamran Qurbanov mobil telefon vasitəsilə dəstənin digər üzvlərinə zəng edərək Amal Nadirlinin obyektdən çıxdığını gördüyünü deyib. Dəstənin digər üzvləri Çingiz Babayevin avtomobili ilə onu təqib ediblər.
Amal Nadirli Sumqayıtda avtobusdan düşərək, bir qədər piyada gedəndən sonra quldurlar ona hücum edib, onu döyüb, ciblərini soyublar.
Onlar Amal Nadirlinin üzərində olan cəmi 550 manatı götürərək, hadisə yerindən qaçıblar.
Amal Nadirli xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək olmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dəstə üzvlərinə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Fərid Bağırzadə 19 il, Murad Eyvazov 18 il, Əkbər İsgəndərov, Kamran Qurbanovun isə hər biri 11 il müddətinə azadlıqdan məhrum edilib.