Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhərində «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib. Bu barədə «APA-ECONOMICS»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Toplantıda Azərbaycanda idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, bu sahədə görülən işlər, biznes mühitinin yaxşılaşdırılması və s. barədə həyata keçirilən layihələrlə bağlı məlumat verilib. Bildirilib ki, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi ilə bağlı qaydalara edilmiş əlavə və dəyişikliklərə əsasən, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin sayı və prosedurlar azaldılıb, ixrac prosesində hesablaşma qaydaları sadələşdirilib və ixracatçılar üçün daha əlverişli şərait yaradılıb.
Tədbir çərçivəsində «Mövcud və yeni ixrac bazarları, onlara çıxış imkanları» və «Elektron ticarət və onun sahibkarlıq fəaliyyətinin inkişafında rolu» mövzularında məruzələr dinlənilib, www.b2b.az elektron ticarət portalının təqdimatı keçirilib.
Toplantıda Avropa İttifaqına ixrac imkanları, Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramının (GSP+) əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası barədə ətraflı məlumatlar verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.