Sumqayıtda rusiyalı şairlərin şeirlərindən ibarət “Fəzanın cazibəsi” adlı antologiyanın təqdimatı keçirilib

691

Sumqayıt Şəhər Poeziya Evində Rusiyanın Arxangelsk vilayətinin şairlərinin şeirlərindən ibarət “Fəzanın cazibəsi” adlı antologiyanın təqdimatı keçirilib. Yeni nəşr Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Rusiya Yazıçılar İttifaqı Arxangelsk regional bölməsinin birgə layihəsi çərçivəsində ərsəyə gəlib.

Təqdimat mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Rus icmasının nümayəndələri, Milli Məclisin deputatları, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin, Arxangelsk Azərbaycan diaspor təşkilatının sədri Tərlan Qasımov, yazıçı və şairlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Poeziya evinin direktoru İbrahim İlyaslı Azərbaycanda şeirə, sözə verilən dəyərdən söz açıb, şairlərin bir millətə deyil, bəşəriyyətə məxsus olduğunu deyib.

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Məsləhət Şurasının sədri, layihə rəhbəri, şair Əkbər Qoşalı “Fəzanın cazibəsi” almanaxının ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib, antologiyanın tərcüməsinə istedadlı gənc azərbaycanlı şairlərin cəlb olunduğun diqqətə çatdırıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov Sumqayıtın hər zaman beynəlmiləl bir şəhər olduğunu, gündən-günə daha da gözəlləşən şəhərə dost gəlişinin bayram kimi qeyd edildiyini söyləyib.

Azərbaycan Rus icmasının sədri, Milli Məclisinin deputatı Mixail Zabelin Rusiya və Azərbaycan arasında dostluğun və qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini, rus və Azərbaycan xalqlarının ənənəvi ədəbi əlaqələrinin genişləndiyini vurğulayıb. O, gənc şairlərin bir araya gələrək bu ənənəni davam etdirməsini yüksək qiymətləndirib.

Deputat Qənirə Paşayeva ədəbi əlaqələri, kitabları iki xalq arasında ən möhkəm körpü, poeziya günlərinin, bayramlarının təntənəli şəkildə keçirilməsini isə könül dostluğu adlandırıb.

Tədbirdə Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov və Sumqayıtdakı Rus icmasının rəhbəri Lyubov İsmayılova beynəlmiləl şəhərdə bu kimi təqdimatın keçirilməsini təqdir ediblər.

Əməkdar Jurnalist Azər Həsrət DGTYB və Rusiya Yazıçılar İttifaqı Arxangelsk regional bölməsinin birgə layihəsi olan antologiyanın işıq üzü görməsini yüksək dəyərləndirib və bu cür layihələrin davamlı olmasını arzulayıb.

Sona Mixail Zabelin kitabın ərsəyə gəlməsində xidməti və əməyi olanları Azərbaycan Rus icmasının Respublika Şurasının fəxri fərmanı ilə təltif edib.

Tərlan Qasımov isə bir qrup yazara Rusiya Yazıçılar İttifaqı Arxangelsk regional şöbəsinin təşəkkürnaməsini verib.

Sonra tədbir iştirakçıları rus və Azərbaycan dillərində şerlərini səsləndiriblər.

Tədbir Sumqayıtın 11 saylı məktəbinin şagirdlərinin Arxangelsk haqqında oxuduqları mahnı ilə yekunlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər