Sumqayıtda səfalət içində qıvrılan köçkün qadınla iki qızının acı hekayəti…

943

Ev belə demək mümkünsə, yastı-yapalaq, darısqal bir evdir – məhbəs hücrəsi kimi. Eni 2, uzunu 3 metrdir. Tikilinin döşəməsi yoxdur, sadəcə süpürülmüş və nəm torpaqdan ibarətdir. Üstünə nə bir palaz, nə bir həsir, nə də linoleum döşənib. Evin tavanı da yox sayıla bilər, birbaşa şiferlər görünür – onların arasında isə gecələr sayrışan ulduzlar, gündüzlər də ya mavi səma, ya da dolmuş buludlar.

Burda üç insan yaşayır – üçü də qadın: 80 yaşlı ana, onun 38, 39 yaşlı iki qız. Qızlardan biri ruhi xəstədir. Bu ev Sumqayıtda, 18-ci mikrorayonda, “Yaşıl dərə” adlı bağlar massivindədir. Yaşıllıqdan əsər-əlamət qalmayan dərəyə aparan yollar palçığın, lehmənin içindədir. Adam özünü ucqar əyalətin kimsəsiz bir kəndində hiss edir…

***

Qubadlı köçkünü olan bu ailənin özlərindən savayı kimsəsi yoxdur. 1993-cü ildən bu vəziyyətdə yaşadıqlarını deyən yaşlı nənə göz yaşlarını saxlaya bilmir. O müharibədən öncə yaşadığı şəraiti ilə indiki şəraiti müqayisə edib kimsəsiz qaldıqlarından danışdı: “Bütün yaxınlarımızı müharibədə itirmişik. Müharibədən sonra Sumqayıta gəldik. Ancaq gəldiyimiz gündən bir gün üzü görmədik. Aclıq-səfalət içində yaşadıq. 17 ildir bilmirik bayramlar nə vaxt qeyd edilir. Çünki hər kəs bayram qeyd edərkən biz isinməyə yer axtarmışıq. Atəşfəşanlıq olanda bilmişik ki, hansı gün bayramdır. Gözümüz qapıda qalıb. Fikirləşmişik ki, bəlkə kimsə qapımızı döyər. Ancaq mümkün deyil bura kimsə gəlsin. Yaxınlıqdan keçən adam bilmir burada insan yaşayır, yoxsa adi bir xarabalıqdır. Buranın yayı bir başqa, qışı isə bir başqa cəhənnəmdir. Yayda istidən qovruluruq, qışda isə soyuqdan günlərcə xəstə yatırıq. Dərmanlın qiyməti də ki, od tutub yanır”.
Evi nə ilə isitdiklərini soruşanda qızı Xanımzər “heç nə ilə” deyə cavab verdi: “Biz heç işıq tapmırıq yandırmağa. İstilik sistemini haradan tapaq? Bir neçə ildir bu evdə yaşayırıq. Bu illər ərzində evdə nə qaz, nə su, nə də işıq olmayıb. Bir balaca keroqazımız var. Onu da işlətməyə imkanımız yoxdur. Bir həftə işlədəndə qaz qurtarır. Onu doldurmaq üçün 7-8 manat pul lazımdır. Çörək almağa pulumuz yoxdur. Qazı necə dolduraq? Bu otaqda şam da yandırmaq olmur. Külək necə əsirsə yanmasına imkan vermir”.
Xanımzərin sözlərinə görə, tək gəlir yerlərii yaşlı anasının aldığı 80 manatlıq pensiyadır: “80 manatın 80 min dərdi var. Görürsünüz də, bacım da ruhi xəstədir. Onu da müalicə etmək lazımdır. Anam da xəstədir. Özüm işləyə bilmirəm. Çünki bacımın halı qəfildən pisləşir. Anam öhdəsindən gələ bilmir. Həmin vaxt o cinayət də törədə bilər, özünə nəsə edə də bilər. Ona görə bacımı tək qoya bilmirəm”.

***

Bəs qaçqın ailəsi kiməsə müraciət edibmi? Xanımzər bildirdi ki, dəfələrlə “qaçqınkom”a üz tutsalar da, xeyri olmayıb. Hər dəfə qapı onların üzünə bağlanıb: “Dəfələrlə ora müraciət etmişəm, məktublar göndərmişəm. Bir dəfə belə cavab almamışam. Əksinə, məni qapıdan geri qaytarıblar. Əgər ”qaçqınkom” bizimlə maraqlanmırsa, dərdimizi kimə söyləyək?”
Mehriban Əliyevaya ünvanlanan məktubu isə Sumqayıt Şəhər İcra Hakimiyyəti qulaqardına vurur: “Bir neçə dəfə Mehriban xanıma məktub göndərdim. Bu yaxınlarda məktubun birinə cavab gəldi. Mehriban xanım məktuba baxılması üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərib. Başçının müavini çağırıb məktubu əlimə verdi və dedi ”gedin işinizlə məşğul olun”. Onu da bildirdi ki, bizə onlar baxmır. Gərək gedib “qaçqınkom”a müraciət edək. Əgər ölkənin birinci xanımının da məktubuna məsuliyyətsiz yanaşırlarsa, bəs kimə müraciət etməliyik? Kimsəmiz yoxdur deyə, ortalıqda qalmalıyıq?”
Qeyd edək ki, evdəki qadınlardan ikisi ibadət edəndir. Namaz vaxtı artıq çatmışdı. Onların necə çətinliklə dəstəmaz aldıqlarını görəndə dəhşətə gəlməmək mümkünsüzdü: “Biz şəraitin necə olmasına baxmayaraq hər zaman namazımızı vaxtı-vaxtında qılmışıq. İnanırıq ki, Allah bizi bu sıxıntıdan qurtaracaq. Mən bacımla o günü gözləyəcəm. Ancaq anam xəstədir. O gözləyə biləcəkmi? Bax bu, sual altındadır. 17 illik əzab-əziyyətin heç olmazsa bir gün normal yaşamaq bizim də haqqımızdır. Biz çox şey istəmirik. Demirik ki, bizə göydələnlərdən ev verin. Sadəcə isti, üstüörtülü bir daxma olsa da bizə bəs edər. Qarşıdan qarlı-boranlı aylar gəlir. Onda biz buradan sağ çıxa bilməyəcəyik axı”.
Söhbət əsnasında bunu da öyrəndik ki, bu dörd divara ayda 40 manat kirayə pulu da ödənir. Yəni ailənin aylıq gəliri faktiki, 40 manatdır. Göründüyü kimi, bu insanların təcili qayğıya, yardıma ehtiyacı var. Oliqarxların eyş-işrətə xərclədikləri, şabaşa tökdükləri pulların cüzi bir hissəsi yetər ki, bu ailəni səfil həyatdan qurtarsın…

Türkan TURAN/musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər