Sumqayıtda şəhid anası koronavirusdan dünyasını dəyişib.
Xeberle.com-un məlumatına görə, bir müddət öncə koronavirusa yoluxan Vətən Müharibəsi şəhidi Ruslan İmanquliyevin anası Ramiyyə Səfərova aparılan müalicə tədbirlərinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, Ruslan İmanquliyev 1996-ci il 14 martda Sumqayıt şəhərində anadan olub. Anası yeganə övladı olan Ruslanı tək başına, atasından heç bir dəstək olmadan böyüdüb. O, Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyinə qəbul olub. Oranı “Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator” ixtisası ilə bitirib.
2015-ci il iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə çağırılıb və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik Alay Taborunda xidmət edib. Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında Ruslan İmanquliyevi Azərbaycan Silahlı qüvvələrinin sıralarına qayıtmağa sövq edib. Ruslan İmanquliyev Pirəkəşkül qəsəbəsindəki N saylı hərbi hissədə Tank Əleyhinə Tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlayıb. O, işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak edib.
2020-ci il 27 sentyabrda başlamış 2-ci Qarabağ müharibəsinin ilk günündən düşmənlə qarşı-qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşub. 2 oktyabrda Füzuli istiqamətində gedən ağır döyüşlərdə həlak olub. 3 oktyabrda Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.