Sumqayıtda şəhid Gəray Məmmədovun anım günü keçirilib.
Tədbirdə çıxış edənlər cəsur döyüşçünün döyüş yoluna nəzər salıb, döyüş yoldaşları 1992-1993-cü illərdə onun iştirak etdiyi əməliyyatları xatırlayıblar. Qeyd edilib ki, hərbi xidməti başa vurduqdan sonra doğma kəndi Güləbirdə qayıdan Gəray Laçın Rayon Daxili İşlər Şöbəsində polis sıralarına daxil olub. Erməni təcavüzünün başlandığı ilk illərdəncə torpaqlarımızın müdafiəsi uğrunda döyüşə atılan fədakar oğullarımızdan biri də Gəray Məmmədov idi. Şəhid olduğu günə qədər torpaqların müdafiəsi uğurunda ağır döyüşlərdə iştirak edən qəhrəman döyüşçü bu illərdə Laçının Güləbird, Cicimli, Qazıdərəsi, Səfiyan, Fərəcan uğrunda gedən döyüşlərdə iştirak edib, düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb. 27 avqust 1993-cü ildə Güləbird kəndi ətrafındakı müdafiə əməliyyatı isə cəsur döyüşçü üçün son döyüş oldu, G.Məmmədov qəhrəmancasına şəhid oldu.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 iyul 2010-cu il sərəncamı ilə ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Gəray Məmmədov “İgidliyə görə” medalı ilə təltif edilmişdir. 1997-ci ildən Laçın rayonu Güləbird kənd kitabxanası onun adını daşıyır. Tədbirdə şəhidin döyüş yoluan həsr olunmuş “Silaha sarılan ömür” səədli filmi nümayiş etdirilib.