Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Heydərov Anar Bəhruz oğlunun ailəsi və qazilər – Cəfərov Tural Nazim oğlu, Xəlilov Elvin Bəxtiyar oğlu, Həmdullayev Tərlan Zakir oğlu idman ictimaiyyəti nümayəndələri tərəfindən ziyarət edilmişdir.
Görüşlərdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Peşəkar Futbol Klubunun, Olimpiya və Paralimpiya İdman komplekslərinin və 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəhbər işçiləri iştirak etmişlər.
Ziyarətlər zamanı vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolundan söhbət açılmış, şəhid ailələri və qazilərin qayğıları dinlənilmişdir. Bildirilmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə qazilərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Şəhid ailələri və qazilər öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıq və təşəkkürlərini bildirmişlər.