Azərbaycan Silahlı Qüvvələrinin mayoru Taleh Kərimovun və müddətdən artıq hərbi qulluqçu Elnur Abdullayevin anım mərasimi keçirilib.
Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, şəhər İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev, Sumqayıt şəhər Cümə Məscidinin Axundu Hacı Rauf Sərdərov, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Anım mərasimlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən millət vəkili Tahir Mirkişili Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbəni xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü, rəşadətli ordumuzun hərbi qulluqçularının igidlik və şücaəti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyəti, hücum diplomatiyası və dəmir yumruğu sayəsində əldə etdiyimizi vurğulayıb.
TahirMirkişili qeyd edib ki, Vətən müharibəsində şəhid olmuş hər hərbçimizin əziz xatirəsi hər zaman sonsuz ehtiram və minnətdarlıqla anılacaq, onların döyüş meydanında nümayiş etdirdiyi fədakarlıq və şücaət gələcək nəsillər üçün nümunə olacaq.