S.Vurğun adına Sumqayıt şəhər Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti, yazıçı-publisist Eyruz Məmmədovun yeni kitabının – “Sən kimsən, Armando?” adlı romanının müzakirəsi keçirilib.
Özünün dramatik gərginliyi ilə oxucunu sonadək intizarda saxlayan, ona dünyanın acılıqları, gözlənilməz “sürprizləri” fonunda həyatın ən adi sayıla bilən töhfələrini, şirinliklərini qiymətləndirməyi bacarmağı təlqin edən əsər o qədər güclü ədəbi-psixoloji təsirə malikdir ki, görüşə gələnlərin çoxu tədbirin aparıcısı, respublikanın Əməkdar Mədəniyyət işçisi, şair Əşrəf Veysəllinin, sonra isə Eyruzun “proloq” çıxışlarını diqqətlə dinləsələr də, sanki intizarla müəllifi suallar “topuna” tutacaqları məqamı gözləyirdilər. Bir-birinin ardınca “yağdırılan” şifahi və yazılı suallara istedadı kimi mütaliəsi də güclü olan, dünya ədəbiyyatını və Azərbaycanın klassik, həm də müasir ədəbiyyatını dərindən bilən Eyruz Məmmədovun cavabları elə maraqlı olurdu ki, oxucu elə bil yazıçının mənəvi dünyası və həyat fəlsəfəsi ilə yenidən və daha dərindən tanış olurdu.
Görüş zamanı suallardan imkan edib çıxış etmək fürsəti tapanlar – şəhərin tanınmış ziyalısı, maraqlı müdrik-fəlsəfi düşüncələri ilə “statusman” ləqəbi qazanmış doktor Hümbət Quliyev, şairlərdən Zirəddin Qafarlı, Rafiq Oday, Asif Asiman, Mərkəzi Kitabxananın baş direktoru, Əməkdar Mədəniyyət işçisi Yeganə Əhmədova, veteran jurnalist Zümrüd Baloğlanova, tarixçi Fazil İmanov, Sumqayıt şəhər Qarabağ Veteranları və Əlilləri Cəmiyyətinin sədri, “Tərəqqi” medallı Tərlan Hacızadə, kitabın redaktoru, yazıçı Arif Ərşad və digərləri əsərdə kitabxanaçı qızın üzləşdiyi çətinliklər və yaxşı adamların, o cümlədən mərd, qeyrətli nişanlısının köməkliyi ilə problemlərdən, müsibətlərdən yaxa qurtarıb, azad olması ilə bağlı müəllifin həyati erpizodları inandırıcı şəkildə vermək bacarığını, yazıçı istedad və təxəyyülünü yüksək qiymətləndirmişlər.
Görüşdə Eyruz Məmmədovun görkəmli Azərbaycan kino-rejissoru, mərhum Davud İmanovla birgə sovetin ideoloji baryerləri şəraitində çəkdikləri çox unikal, SSRİ dövründə böyük cəsarət, mərdlik, qətiyyət, prinsipiallıq, ən başlıcası isə – əsl vətənpərvərlik tələb edən “Sumqayıtın əks-sədası” tarixi filmi, həmçinin onun erməni faşizmini, siyasi riyakarlığını, işğalçılıq niyyətlərini ifşa edən, rus, ingilis, alman, türk və ispan dillərində çap edilərək, dünyanın bütün aparıcı ölkələrində yayılan “Sumqayıt – 1988”, “Cinayət və cəza” və s. kimi tarixi-publisistik araşdırmaları yada salınmışdır. Və oxucular xalqımız, o cümlədən Sumqayıt və sumqayıtlılar qarşısında xüsusi xidmətlərini nəzərə alaraq, bu il 65 illik yubileyi qeyd edilən Eyruz Məmmədovun “Sumqayıtın Fəxri vətəndaşı” adına və fərdi Prezident təqaüdünə təqdim edilməsinin labüdlüyünü də bir arzu kimi dilə gətirmişlər.
Tədbirin sonunda Kitabxananın baş direktoru Yeganə Əhmədova “Sən kimsən, Armando?” romanında ustalıqla yaratdığı kitabxanaçı qız obrazına, kitabxana işini dolğun, mənalı epizodlarla təsvir etdiyinə görə müəllifə dərin təşəkkürünü bildirmişdir.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.
Rəhman ORXAN
www.sumqayitxeber.com