Aprelin 19-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Əli Kərim adına Sumqayıt Poeziya Evinin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin dəvəti ilə Azərbaycanda səfərdə olan görkəmli türk şairi və ictimai xadimi, Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı ekspozisiyayla tanış olmublar
Tədbiri giriş sözü ilə açan Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı Türkiyə və Azərbaycan arasında olan mədəni ələqələrdən bəhs etmiş və yubilyarın ümumtürk ədəbiyyatındakı fəaliyyətindən danışıb.
“Türk Ədəbiyyatı” jurnalının baş redaktoru, tanınmış türk yazıçısı İmdat Avşar Serhat Kabaklının həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib.
Sonra söz Milli Məclisin Mədiniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevaya verilib. O, Türkiyə və Azərbaycan arasında mədəni-ədəbi əlaqələrin inkişafında Serhat Kabaklının xüsusi xidmətləri olduğunu qeyd etmiş, onu yubileyi münasibəti ilə təbrik etdib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Sumqayıt şəhəri ilə mədəni münasibətlərin inkişafına verdiyi töhfələrə görə və 70 illik yubileyi münasibətilə Serhat Kabaklını Regional İdarənin “Fəxri Fərmanı” ilə təltif etmiş, eyni zamanda Türk Ədəbiyyatı Vəqfinin 03 aprel 2022-ci il tarixli 2022/3 saylı qərarına əsasən Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilməsi ilə bağlı sənədi qəbul edib.
Tanınmış sumqayıtlı şairlər, prezidentin fərdi təqaüdçüləri Ofelya Babayeva və Əşrəf Veysəlli çıxış edərək yubilyarla bağlı öz ürək sözlərini söyləyib, onu təbrik edərək xatirə hədiyyələri təqdim ediblər.
Sumqayır Dövlət Dram Teatrının aktyorları, əməkdar artistlər İzaməddin Bağırov və Cəlal Məmmədov şairin şeirlərini söyləmiş, Aşıq Roman Azaflı və Aşıq Elməddin Məmmədli şairin şeirlərini saz havaları ilə ifa ediblər.
Dünya Gənc Türk Yazarları Birliyinin rəhbəri, gənc şair İntiqam Yaşar Dünya Gənc Türk Yazarlar Birliyi və Sumqayıt Poeziya evi adından yubiley təltifini yubilyara təqdim edib.
Sonda çıxış edən Serhat Kabaklı ona olan diqqət üçün tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkür edib, Sumqayıt şəhərinə olan özəl sevgilərini dilə gətirib.
Tədbiri yekunlaşdıran Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından yubilyarı təbrik edib, Türk Ədəbiyyatı Vəqfinin onun adına imzaladığı Təşəkkür Məktubunu qəbul edib.