Şahidlər hadisə nəticəsində ölən və yaralananlar olduğunu bildirirlər
Ötən gecə Sumqayıtdakı baş vermiş silahlı insidentin təfərrüatları məlum olub
Aprelin 8-nə keçən gecə Sumqayıt şəhəri, 18-ci mikrorayonda polislə bir qrup şəxs arasında baş verən silahlı insidentin təfərrüatları məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları “Aylı gecə” restoranının yaxınlığında yerləşən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin olduğu 5 mərtəbəli binanı dövrəyə alıb. Daha sonra həmin binada olan 10-a yaxın mənzildə axtarış aparılıb və şübhəli şəxslər saxlanılıb. Sonuncu axtarış aparılan mənzildən çıxan şəxslər polisə atəş açıblar. Sonra isə maşına minərək, qaçıblar. Bu zaman həmin maşın bir polis əməkdaşını vurub. Polis əməkdaşı yüngül xəsarət alıb.
İnsident zamanı ölən olduğu barədə məlumat hələlik təsdiqini tapmayıb.
Əməliyyat uğurla başa çatdırılıb və şübhəli şəxslərin hamısı saxlanılıb. Polisə atəş açan, həmçinin avtomobillə polis əməkdaşını vuran şəxslər də sonradan tutulub. Onların istifadə etdiyi silah götürülüb.
Qeyd edək ki, Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev Lent.az-a dünən belə bir əməliyyatın keçirildiyini təsdiqləsə də, ətraflı məlumat verə bilməyəcəyini bildirdi.
Faktla bağlı araşdırma aparılır.
Nizam RZA, lent.az