“ASAN xidmət”ə işə qəbulla bağlı vətəndaşlardan qanunsuz pul tələb edən şəxslər hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Zakir Məmmədov, Yasin Məmmədov və Ədalət Zaidovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Məhkəmənin hazırlıq iclası hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.
Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Nurəddin Quliyev orta təhsillidir. “ASAN xidmət”in Sumqayıt filialında ştatdankənar mütəxəssis işlədiyini deyən N.Quliyev daha əvvəl məhkumluq həyatı yaşamadığını bildirib.
Digər təqsirləndirilən Zakir Məmmədov da orta təhsillidir və məhkumluğu olmayıb.
Təqsirləndirilən Yasin Məmmədov ali təhsillidir və daha əvvəl dələduzluğa görə məhkumluq həyatı yaşayıb.
4 nəfər təqsirləndirilən yalnız Ədalət Zaidov ev dustaqlığındadır. O, məhkumluq həyatı yaşamadığını, bu işdə təqsirinin olmadığını deyib.
Məhkəmənin baxış iclası oktyabrın 31-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluq və Dövlət Agentliyinin birgə araşdırması ilə Nurəddin Quliyevin Zakir Məmmədov və Yasin Məmmədovla bir qrup şəxs halında ayrı-ayrı tanışlarını vəzifəli şəxsə rüşvət verilməklə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə və müsahibədən kənar “ASAN xidmət” mərkəzində işə qəbul etdirəcəyinə inandırıb. Onun ümumilikdə 20 min manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, başqasını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı N.Quliyevin qulluq mövqeyindən istifadə edərək “Ayla LTD”, “Elvin İnşaat Servis” MMC-lərinin təsisçisi Ədalət Zaidov və Rauf Əzizovla əlbir olaraq Məhərrəm Əliyevin evini banka girov qoyub 100 min manat pul alacağını vəd edərək buna görə banka ilkin olaraq 15 min manat pul ödənilməli olduğunu bildirib onların vasitəsilə sonuncudan həmin məbləğdə pulu ələ keçirib dələduzluq etməsinə də əsaslı şübhələr müəyyən edilib.
İstintaqla həmçinin, N.Quliyevin Ə.Zaidov və R.Əzizovla birlikdə tikinti layihəsinin həyata keçirilməsi üçün pula ehtiyac olduğunu yalandan İlqar Qədimova bildirirək 18 min manat pulu alıb təkrarən dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə N.Quliyev, Z.Məmmədov və Y.Məmmədova Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib Y.Məmmədovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınıb, Ə.Zaidova isə həmin Məcəllənin 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İstintaqdan yayındığına görə R.Əzizov barəsində axtarış elan edilərək sonuncu barəsində cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılıb.