Sentyabrın 6-da Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən Sumqayıt şəhər, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində Təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Sumqayıt şəhər, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabat məruzəsi dinlənilib.
Qarşıdan gələn “Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edən nazir müavini Firudin Qurbanov təhsil sahəsində qazanılan nailiyyətlər və qarşıda duran vəzifələrdən danışıb. Firudin Qurbanov istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlər nəticəsində həm respublika, həm də beynəlxalq olimpiadalarda şagirdlərin uğurlarının ildən-ilə artdığını qeyd edərək, bu il Bakıda nüfuzlu Beynəlxalq İnformatika Olimpiadasının təşkilinin əhəmiyyəti haqqında söz açıb. Həmçinin xüsusi istedadlı uşaqlardan ibarət yeni açılması nəzərdə tutulan lisey siniflərə uşaqların cəlbi, risk qrupuna daxil olan təhsilalanlar və bu kimi məsələlərlə bağlı görüləcək işlərə toxunulub.
Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və konfransın qərar layihəsi hazırlanıb.