YAP Sumqayıt şəhər təşkilatı şəhərdə yaşayan bir qrup aztəminatlı ailələrin şagird adı qazanacaq övladlarına məktəbli ləvazimatlarının hədiyyə edilməsi ilə bağlı tədbir həyata keçirib.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov birinciləri salamlayıb və onlarla həvəsləndirici söhbətlər aparıb. Onlara məktəbli ləvazimatları ilə dolu məktəbli çantası hədiyyə edilib.
Sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev birinciləri yeni tədris ili münasibətilə təbrik edib və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təbrikini onlara çatdırıb.
Beləliklə, YAP Sumqayıt şəhər təşkilatının dəstəyilə Sumqayıtda baş tutmuş xeyriyyə tədbiri çərçivəsində YAP Sumqayıt şəhər təşkilatının fəal üzvləri Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmilə Fəyyaz, “Gənc Müəllimlər” Şurasının bir qrup könüllü əməkdaşı tərəfindən 20-dək uşağa məktəbli dəsti və dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim edilib.
Davamlı olaraq müxtəlif sosial layihələr reallaşdıran YAP Sumqayıt şəhər təşkilatı gələcəkdə də ölkədə təhsilə və cəmiyyətin rifahına töhfə verəcək belə təşəbbüsləri davam etdirməyi nəzərdə tutur.