Sumqayıtda təlim mərkəzi yaradılacaq

727

 

Bu gün Bakıda «Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması» layihəsi üzrə Koreya Xarici İşlər Nazirliyi ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında 3,7 mln. dollar dəyərində qrant razılaşması imzalanıb.

«APA-Economics»in məlumatına görə, layihə çərçivəsində Bakı şəhərində və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki daxil olmaqla 15 bölgədə təlim mərkəzləri yaradılacaq.

Təlim mərkəzlərində Koreya mütəxəssisləri tərəfindən xüsusi təhsil informasiya sistemi quraşdırılacaq və zəruri avadanlıqlarla təmin olunacaq. Dövlət qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim kurslarında iştirak edə biləcək, eyni zamanda, mərkəzin distant təhsil xidmətlərindən yararlanacaqlar. Layihə çərçivəsində təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının hazırlanması üzrə təcrübə əldə etmək üçün yerli mütəxəssislər Koreyada təlim kursları keçəcəklər.

İmzalanma mərasimində çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması dövlət qulluqçularına İKT-nin tətbiqi sahəsində yeni praktik bilik və bacarıqların əldə edilməsinə imkan yaradacaq: «Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəldilməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək».
Öz növbəsində Koreyanın Azərbaycandakı səfiri Çoy Suk İnn iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və qeyd edib ki, İKT sahəsində yüksək təcrübəyə malik olan Koreya öz təcrübəsi ilə Azərbaycanla bölüşməyə hazırdır.

Qeyd edək ki, qrant razılaşması Ə.Abbasov və Çoy Suk İnn tərəfindən imzalanıb.

Bundan başqa, görüş zamanı iki ölkə arasında mövcud və perspektiv əlaqələrdən, Azərbaycanla Koreyanın KOICA təşkilatı arasında əməkdaşlıq və bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər