Sumqayıtda tikiləcək Karbamid zavodunun müqaviləsi imzalandı

968

ARDNŞ və “Samsung Engineering Co. Ltd.” şirkəti arasında Karbamid Zavodunun inşası məqsədilə Layihələndirmə, Satınalma və Tikinti müqaviləsi imzalanmışdır

Martın 13-də ARDNŞ-nin Baş ofisində “Samsung Engineering Co. Ltd.” şirkəti ilə Dövlət Neft Şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə Layihələndirmə, Satınalma və Tikinti müqaviləsi imzalanmışdır.Müqaviləni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Samsung Engineering Co. Ltd.” Şirkətinin prezidenti və Baş icraçı direktoru Ki Seok Park imzalamışlar. Tərəflər bu sənədin perspektivlərini yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, müqavilə çərçivəsində “Samsung Engineering Co. Ltd” şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək “açar təhvili” əsasında zavodu tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcəkdir. Müqavilə çərçivəsində “Samsung Engineering Co. Ltd.” zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və zavodun istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək.

İmzalanma mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, ölkəmizdə müasir beynəlxalq standartlara uyğun azot gübrəsi istehsal olunacaq Karbamid Zavodunun inşası layihəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən həyata keçirilir. Karbamid Zavodunun tikintisi dövlət investisiyaları hesabına maliyyələşdiriləcək və 2013-2015-ci illər ərzində həyata keçiriləcəkdir. Ammonyak istehsalı, karbamid mayesi istehsalı və əmtəəlik karbamid istehsalı bölmələrindən ibarət zavodda sutkada 2000 ton karbamid istehsal olunması nəzərdə tutulur. Zavodun inşası üzrə işlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə həvalə olunmuş, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2011-ci il tarixli Fərmanı ilə Şirkətin tərkibində huquqi şəxs statusuna malik Karbamid Zavodu yaradılmışdır. Layihənin həyata keçirilməsi məqsədilə ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 24 hektarlıq torpaq sahəsi ayrılmış və 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Zavodun təməlqoyma mərasimi keçirilmişdir.

Qeyd olunmuşdur ki, Karbamid Zavodunun inşasını həyata keçirəcək subyektin seçilməsi məqsədilə Dövlət Neft Şirkəti və müvafiq Nazirliklərin nümayəndələrindən ibarət Tender Komissiyası yaradılmışdır. 5 avqust 2011-ci il tarixində təbii qaz əsaslı Zavodun “açar təhvili” şərtilə layihə sənədlərinin hazırlanması və tikintisi üzrə açıq beynəlxalq tender elan olunmuşdur. Tenderdə “iddiaçı” qismində iştirak etmək istəyən 14 şirkət ARDNŞ-ə müraciət etmiş, onlardan 10-u – “Saipem S.p.A.”, “Technip Italy S.p.A.”, “Toyo Engineering Corporation”, “Samsung Engineering Co. Ltd”, “ThyssenKrupp Uhde GmbH”, “Kawasaki Heavy Industries, Ltd.”, “Petrofac International LLC”, “Mitsubishi Heavy Industries, Ltd.”, “Hyundai Engineering & Construction Co. Ltd.” və “Tecnimont S.p.A.” şirkətləri “Əsas şərtlər toplusu”nu əldə etmək hüququnu qazanaraq “iddiaçı” statusunu almışlar. 14 dekabr 2012-ci il tarixdə Tender Komissiyasının yekun iclasında bütün qiymətləndirmələr nəzərə alınaraq Cənubi Koreyanın “Samsung Engineering Co. Ltd.” şirkəti tenderin qalibi elan olunmuşdur.

Tədbirdə Karbamid Zavodunun Azərbaycan iqtisadiyyatında əhəmiyyətindən danışılmış, bildirilmişdir ki, burada istehsal olunacaq gübrə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm rol oynayacaqdır. Beləliklə, Azərbaycanda karbamid gübrəsinin istehsalı nəinki ölkə daxilində bu məhsula olan tələbatın ödənilməsi, eləcə də region ölkələrinə həmin məhsulun ixrac edilməsinə şərait yaradacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Vusale Hasretli
    Mart 22, 2013 - 13:38

    Çox təəssüf ki, bu xəbər Azərbaycan Neft Şirkətinin saytında verilən xəbərin birə-bir eynisidir. Jurnalistikada xəbərçilik “copy” və “paste” deyil.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər