“Azərsu” Acıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında yaşayış məntəqələrinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekologiyasının daha yaxşı qorunması istiqamətində kompleks tədbirləri davam etdirir. Cəmiyyətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Abşeron rayonunun Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər olan ərazilərdə çirkab suların Xəzər dənizinə axıdılmasının qarşısını almaq üçün yeni layihə həyata keçirilir. İcrasına 2011-ci ilin ikinci yarısında başlanmış layihəyə əsasən bu ərazidən dənizə axıdılan çirkab suları toplanaraq Sumqayıt şəhərinin cənubunda tikiləcək yeni təmizləyici qurğuya axıdılacaq.
Bu məqsədlə dəniz sahili boyunca 6 km-dən artıq diametri 1000 mm olan GRP (şüşəlifli) və polietilen borulardan ibarət kanalizasiya xətti çəkilib. Layihəyə uyğun olaraq xətlərin çəkilişi 2012-ci ilin əvvəlində başa çatdırılacaq. Bundan başqa toplanan tullantı suların çirkab sutəmizləyici qurğuya axıdılması üçün marşrut boyunca 3 ədəd təzyiqli nasos stansiyası tikilir. Sumqayıt şəhərinin cənubunda məhsuldarlığı sutkada 100 min kubmetr olan bioloji çirkab sutəmizləyici qurğunun inşasına isə 2012-ci ilin əvvəlində başlanacaq.
Qeyd edək ki, layihə başa çatdıqdan sonra ərazidəki istirahət mərkəzlərinin, həmçinin Novxanı qəsəbəsinin və bağ massivlərinin tullantı sularının birbaşa dənizə axıdılmasının qarşısı tam alınacaq.