Sumqayıtda turizmin inkişafı üçün təkliflər
Faiq HÜSİYEV, Əməkdar jurnalist
2017-ci il fevralın 20-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam və burada əks olunan müddəalar tək ölkəmiz üçün deyil, eyni zamanda, bizimlə dost münasibətdə olan qonşu dövlətlərin turizm sənayesinin inkişafı üçün də stimullaşdırıcı əhəmiyyət daşıyır.Eyni zamanda Prezidentin 2017-ci ilin 30 mart tarixli sərəncamı ilə çimərlik turizminin inkişafına dair tədbirlər planının təsdiq edilməsi yay mövsümü öncəsi böyük aktuallıq kəsb edir.
Əslində Sumqayıtın çimərlik turizmində əsaslı payı olan şəhərlər siyahısına daxil olma şansları böyükdür. Bu şəhərdə son illər ərzində aparılan quruculuq və abadlıq işləri,yenilənmiş infrastruktur vaxtında reallaşdırılmış məqsədyönlü layihələrdəndir. Məlumdur ki, bu şəhərin dəniz sahili boyu təkrarsız relyefi var. Bu unikal sahil zolağını təmiz saxlamaq və şəhər çimərliklərini bərpa etmək lazımdır. Bu məqsədlə ilk növbədə sahilboyu çimərlik ərazilərdə suyun nisbi təmizliyi üçün Sumqayıt aerasiya stansiyasını tam gücü ilə işlətmək lazımdır.
Biz orta və aşağı dəyərli turist paketləri sahəsində ixtisaslaşıb xeyli yeni iş yerləri aça bilərik. Bu heç də utopiya deyil, sadəcə bu yöndə əsaslı- planlı şəkildə işləmək lazımdır. Hər xırda detalı nəzərə alıb ,bu sahədə-yeni turist məhsullarının təklifi sahəsində vətəndaş təşəbbüslərini də düzgün qiymətləndirmək vacibdir.
Bu məqsədlə təklif edirəm ki, Sumqayıtın brend-menecer postu yaradılsın! Əslində Brend menecer turizm infrastrukturuna malik olan hər bir şəhərimiz üçün lazımdır.
Bu gün Sumqayıtın müasir- tullantısız sənayə mərkəzi kimi inkişafı çox sevindiricidir.Amma bu şəhərin çimərlik turizmi üçün böyük cəlbedici potensialı ,həmçinin müalicəvi turizm imkanları da var . Bundan düzgün istifadə etməklə əsaslı nəticələr əldə etmək olar.Stabil inkişaf edən turizm sənayesi xidmət sahəsini inkişaf etdirməklə paralel olaraq yeni investorlar üçün münbit mühit də yaradır.Bu eyni zamanda şəhər sakinlərinin doğma məkana məhəbbət hissinin daha dərindən formalaşmasına , inkişafına təkan verəcək və Sumqayıtın müsbət imicini formalaşdıracaq!
Öz şəhərləri ilə fəxr edən,öz şəhərlərinə bağlılıqlarını dərk edən və nəhayət , özlərini bu şəhərin tərkib hissəsi sayan sakinlər isə hər uğura imza atmağa qadirdirlər.Unutmayaq ki, nisbətən kiçik şəhərlərdə insanlar daha mütəşəkkill olur ! Biz azərbaycanlılar onsuz da qonaqpərvərik.Amma turist axınının sürətləndirilməsi üçün sakinlərimiz arasında müasir düşüncə və ünsiyyət tərzini də formalaşdırmaq lazımdır.
Bu gün üçün Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin turistlərə təklif etdiyi yerlər sırasına Sumqayıtın Tarixi Muzeyi, Heydər Əliyev Mərkəzi, Corat kəndi, Şəhidlər Xiyabanı, Göyərçin abidəsi, Rəsm qalereyası, Nəsimi parkı, Sumqayıt Texnologiyalar Parkı, Bayraq meydanı və şəhər teatrı daxildir.Sadalanan məkanlıar mövcud resurslardır.
Amma uzunmüddətli dövr üçün turist axınının təşkilində Sumqayıtın bir məkan kimi səyahət imkanlarına bir-neçə kateqoriyadan yanaşmaq lazımdır : Təbii səyahət resursları, mədəni tarixi resurslar və səyahət infrastrukturu .
1. Təbii səyahət resurlarına- dəniz; flora; fauna; iqlim ;müalicəvi mənbələr və s.daxildir.
2.Sosial,mədəni–tarixi resurslara- ticarət mərkəzləri, mədəniyyət obyektləri,muzeylər ,dini və tarixi məkanlar daxildir.
3. Səyahət infrastrukturuna – mehmanxana,qidalanma,nəqliyyat ,əyləncə idrəçilik və s. daxildir.
Bu yanaşmaların hər birində Sumqayıt üçün həlli vacib məsələlər mövcuddur.
Təbliğati sahədəki işlər :
· Xarici ölkələrdə ,ələlxüsus ,Rusiya, Belorus və Qazaxıstanın böyük sənaye mərkəzlərindəki yerli KİV-lərdə və internet resurslarında,disput saytlarında çimərlik və müalicə turizmi mərkəzi kimi Sumqayıtın təbliğatını aparmaq.Bu işdə yerli diasporun əlaqələrindən istifadə etmək ;
· Rusiya, Belorus və Qazaxıstanın böyük zavod və fabriklərinin ,həmçinin dövlət müəssisələrinin həmkarlar ittifaqları ilə məqsədyönlü danışıqların aparılması ;
· Yerli və xarici turist şirkətlərilə danışıqların aparılması və Sumqayıtın çimərlik turizmi paketinə salınmasını təşkil etmək;
· Sumqayıt haqqında xırda bələdçi-tanıtım roliklərinin çəkilməsi;
· Ərəb ölkələrinin, Rusiya, Belorus və Qazaxıstanın ümumölkə telekanallarında Sumqayıt haqda süjetlərin verilməsi ;
· Xarici və ölkədaxili turistlərin cəlb edilməsi üçün şəhər turist portalının yaradılması;
· Şəhərdə müxtəlif dillərdə sosial plakat reklamını gücləndirmək (“Təşəbbüslər paytaxtı”, “Gənclər şəhəri” , “Xəzərin mirvarisi” , “Xoşbəxt insanlar məkanı” və s).
· Sosial şəbəkələrdə Sumqayıtla bağlı məlumatların yerləçdirilməsi və geniş paylaşım edilməsi.
Şəhərdaxili infrastruktur sahəsindəki işlər : ( güzəştli şərtlərlə investisiya vəsaitinin cəlb edilməsi yolu ilə cəsarətli addımların atılması ):
· Xəzər dənizinin sahil zolağınında lazımı çimərlik infrastrukturunun yaradılması və yaxın məsafədə dəniz dibinin daşlardan , dəmir qalıqlarından təmizlənməsi
· Sahilə yaxın ərazilərdə 3-4 mərtəbəli, aşağı büdcəli mehmanxanaların tikməsi;
· Vaxtilə mövcud olmuş müalicəvi yod-brom və kükürdlü su mənbələrini bərpa etmək və bu mineral mənbələr üzərində tam pansiyon olmayan kiçik vannalarla müalıcə mərkəzi və tam pansiyaon olan bir-neçə sanatoriya açmaq ;
· Dənizkənarı bulvarda Sumqayıt botanika bağını bərpa etmək ;
· Partnyor layihəsi əsasında Yapon bağının salınması ;
· Müasir attraksion məkanının qurulması;
· Yüngül konstruksiyalı suvenir-hədiyyə köşklərinin və iaişə obyektlərinin sahilboyu qurulması;
· Sumqayıtda –Corat qəsəbəsində tarixi gözətçi qülləsinin tikilməsi.Əslində bu tarxi fiksiyadır.Çox ölkələr bü üsuldan istifadə edir.Bu qüllə X-Xİ əsrdə yaşamış xəzərlərə aid edilə bilər və qəsəbə üçün yeni tarixi obraz yaradıla bilər.Eyni zamanda Coratdakı qədim hamamlar ,məscid və xan evinin turist marşrutuna salması;
· Sumqayıtın dənizkənarı bulvarında və sahil bulvarında yeni gül bağının salınması (Soçi və Kislovodksdakı “dalina roz” vadisi kimi);
· Sumqayıt- Novxanı katerlə dəniz gəzintisi turlarının təşkil edilməsi ;
· Sumqayıtda müxtəlif ölçülü balıqlar üçün “Akvarium” məkanının qurulması;
· Sumqayıtda lövbər salmış gəmidə balıq restoranının təşkili;
· Yeniləşən Sumqayıtın bürüncdən yeni simvolu sayılacaq monument-abidənin yaradılması;
· Şumqayıtda şəhərdaxili informasiya –məlumat nişanlarının yenilənməsi(küçə adları , istiqamətlər və s.)
· Dənizkənarı parkda velosiped yollarının təşkil edilməsi ( bunu ekslüziv olaraq velosiped icarəyə vermək hüququna malik olan firmaların hesabına da etmək olar).
Şəhər daxilində yay mövsümündə əyləncə sahəsindəki işlər :
· İyun ayının ilk günlərində çimərlik mövsümünün başlanması ilə əlaqədar Sumqayıtda “Neptun” bayramının keçirilməsi;
· İyuyl ayında Sumqayıtda mahnı festivalının keçrilməsi;
· Avqust ayında Sumqayıtda əncir və üzüm meyvələrilə bağlı 2 günlük satış festivalının keçirilməsi;
· Sentyabr ayında Sumqayıtda şirniyyatla bağlı 2 günlük satış festivalının keçirilməsi;
· Sumqayıtla bağlı selfi müsabiqəsinin elan olunması və həftədə bir dəfə ( və yaxud 10 gündən bir ) müsabiqənin qalibi olan turistin qiymətli hədiyyə ilə mükafatlandırılması;
· Sumqayıtla bağlı turistlər arasında sosial-şəbəkələrdə ən yaxşı video-hesabat müsabiqəsinin və turist təəsüratı yazısı qalibinin həftədə bir dəfə ( və yaxud 10 gündən bir ) hədiyyə ilə mükafatlandırılması ;
· Sumqayıt haqqında təbliğat materiallarının- kitab,foto-albom,broşur ,marka, açıqca,suvenirlərin,köynək , beysbolka və s. istehsalı və satışı ;
· Dənizkənarı bulvarda yay mövsümü boyu özfəaliyyət kollektivlərinin konsertlərinin təşkili;
· Sumqayıtlə rəssamların şənbə və bazar günlərində rəsm qalereyası önündə satış sərgilərinin təşkil edilməsi;
· “Made in Azərbaycan” brendli məhsulların, həmçinin şəhər sakinlərinin əl işlərindən ibarət “Sənətkarlar” adlı satış yarmarkalarının təşkili və prosesə şəhər sakinlərinin daha çox cəlb olunması ;
İlkin mərhələdə ən ehtiyatlı proqnozlarda orta hesabla bir aya ən azı 10 000 (on min) turistin Sumqayıt çimərliklərinə cəlb edilməsi mümkündür ki, ancaq yay mövsümündə ümumilikdə 30 000 (otuz min) turist deməkdir.Bir həftə müddətində orta hesabla turistin ümumi xərclədiyi vəsaitin təqribən 500 dollar həcmində olduğunu nəzərə alsaq bu vəsaitin mövsüm ərzində 15 mln.dollar olduğunu görərik .
2015-ci ildə qardaş Türkiyədə təkcə Rusiyadan dörd milyon yarım insan istirahət etmişdi. Biz bu yay mövsümünə aktiv hazırlaşsaq, rusiyalı turistlərin ən azı bir faizini təkcə Sumqayıt və Lənkarana cəlb edə bilərik. Bu isə 45 min turist deməkdir.
Məsələyə ümumi yanaşmada qonşu Qara dəniz sahillərindəki ölkələrin təcrübəsi karımıza gələ bilər. Sadəcə, münbit şərait yaradıb kommunikasiyaları müvafiq səviyyəyə çatdırmaq, münasib qiymətlər təklif etmək lazımdır. Sahilə yaxın ərazilərdəki 2-3 mərtəbəli şəxsi evlərin əksəriyyətini aşağı büdcəli mehmanxanalara çevirmək mümkündür. Rusiya Ukrayna, Gürcüstan bu tətəcrübədən aktiv istifadə edir.
Kiçik bir haşiyə– Yay mövsümündə ən çox turist qəbul edən rayon Qəbələ olub. Qəbələ Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, 2017-ci ilin iyun ayında bu rayona 19 min 245 turist gəlib ki, onların da 12 min 400-ü əcnəbilərdir. Amma Qəbələyə turistlər ən çox iyulda gəlibər. İyulda bu bölgədə 45 min 463 turist istirahət edib. Onların da 33 min 259 nəfəri əcnəbi turistlər olub. Yayın son ayında isə Qəbələyə 28 min 508 nəfəri əcnəbilər olmaqla 39 min 191 turist gəlib.
Qusarda isə 2016-cı ildə 107 min, 2017-ci il ərzində isə 196 min nəfər turistin istirahət etmişdir.
***
Xatırladaq ki, 2017-ci il üçün turizm sənayesinin ölkə üzrə ÜDM-də payı 4,5% ,məşğulluqda payı isə 3,3%-dir. Hazırda ölkəyə gələn xarici turistlərin üstünlük verdikləri turizm mərkəzlərinin 75 faizi Bakıda yerləşir.
***
2017-ci ilin iyul ayında ölkəmizə 330 min turist gəlib ki, bu sözügedən il ərzində ən çox turistin gəldiyi aydır.
***
Ölkəyə gələn turistlərin qalma müddəti 5-7 gündür. Turistlər səfər müddətlərinin 3-4 gününü Bakıda qalır, qalan günləri isə paytaxta daha yaxın olan regionlara səfər edirlər. Azərbaycana gələn hər bir turist orta hesabla 700-1000 ABŞ dolları məbləğində vəsait xərcləyir.
Dünya turizm sferası ilə bağlı bəzi statistik göstəricilər. :
Dünyanın ən çox turist cəlb edən şəhərləri- 2016-cı ilin statistikası
1.Bangkok-19,41 miliyon nəfər
2.London- 19,06 milyon nəfər
3.Paris- 15,45 milyon nəfər
4.Dubay – 14,87 milyon nəfər
5.Sinqapur-13,11milyon nəfər
2016-cı ildə turistlər Bangokda 14,1 mlrd.dollar ,Dubayda isə 28,5 mlrd.dollar vəsait xərcləyiblər.
Köhnə sovetlər birliyində turizmin ən dinamik inkişaf etdiyi şəhər Tallindir. 2017-ci ildə bura 4,5 milyon turist səfər edərək ( 2016-cı illə müqayisədə 7% çox) şəhərdə 960 mln.avro vəsait xərcləmişlər.
******************************
Rusiyada əhalisi 100 minə qədər və dənizə çıxışı olmayan şəhərlərə gələn turist sayı:
( 2014-ci ilin statistikası Q- Ъ 19.10.2015)
Sergiyev Posad- 1 120 000 nəfər
Suzdal – 1 100 000 nəfər
Vıborq – 740 000
Rostov Velikiy – 540 000
Ples – 420 000
Uqliç – 361 000
Kirillov – 346 000
Yaroslavl vilayətində Əhalisi 5 000(beş min) olan Mışkin qəsəbəsini ildə 140 000 (yüz qırx min) turist gəzir.Əsas məqsəd şəhərdəki siçan muzeyini görməkdir.
Adətən turizmdən gələn gəlirlər kiçik şəhərlərin ümumdaxili məhsulunun 3-5% təşkil edir. Amma yeni iş yerləri , aidiyyatı sahədə əmək məşğulluğu və yerli məhsulların , həmçinin xidmət sahəsinin çalışması baxımından % göstəricisi yüksəkdir.