Sumqayıtda UEFA-nın himayəsi altında Açıq Əyləncəli Futbol məktəbinin tədbirləri keçirilib

759

Sumqayıtın əsas idman arenasında – Mehdi Hüseynzadə adına şəhər stadionunda yüzlərlə oğlan və qız toplaşmışdı. Burada təntənəli şəraitdə Açıq Əyləncəli Futbol Məktəbinin tədbirləri başlanmışdır. Xatırladaq ki, Sumqayıtda bu tədbirlər 6-cı dəfə keçirilir.

Layihənin milli əlaqələndiricisi Kərim Ağayevin sözlərinə görə, bu layihə əsasən münaqişə zonaları yerləşən ölkələrdə UEFA ilə Danimarka humanitar təşkilatının birgə həyata keçirdiyi “Grass rots football” proqramı çərçivəsində reallaşdırılır. Azərbaycan 2002-ci ildən bu layihəyə qoşulmuşdur. K.Ağayevin sözlərinə görə, təşkilatçılar Açıq Əyləncəli Futbol Məktəbinin proqramına daxil olan silsilə tədbirləri qaçqın, məcburi köçkün və müharibə əlillərinin uşaqları üçün nəzərdə tutmuşlar. Ölkəmizdə bu layihə AFFA-nın təşkilatı dəstəyi ilə həyata keçirilir.

Budəfəki bayram münasibətilə 8-12 yaşlarında 200-ə yaxın oğlan, həmçinin onların məşqçiləri və təlimatçılar Sumqayıt stadionunun futbol meydanında toplaşmışdı. AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev, Sumqayıt bələdiyyəsinin sədri professor Əbülfəz Babayev, şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mübariz Bəşirov, AFFA-nın Şimal Regional Futbol Federasiyasının sədri, Respublikanın Əməkdar Məşqçisi Yaşar Şamilov tədbir iştirakçılarını təbrik etmişlər. Natiqlər bu cür tədbirlərin məqsədi və əhəmiyyəti barədə söhbət açaraq idmanın müxtəlif növlərinin, o cümlədən futbolun inkişafında Sumqayıtın potensial imkanlarını vurğulamışlar. Onlar gənclərin asudə vaxtının təşkilində bu layihənin əhəmiyyətini qeyd etmişlər.

Sonra əyinlərinə Danimarka Humanitar Təşkilatı tərəfindən verilmiş xüsusi idman forması geyinmiş tədbir iştirakçıları meydanın bölündüyü sektorlar üzrə paylaşaraq estafet, driblinq, fint, hərəkətdə olan topun ötürülməsi kimi müxtəlif təmrinləri yerinə yetirmiş, ip üzərindən tullanmışlar. Uşaqlar bir həftə müddətində futbol ilə məşğul olacaqlar. Bu günlər ərzində onlara müvafiq idman avadanlığı ayrılacaq, hər gün yüngül səhər yeməyi, sərinləşdirici içkilər veriləcəkdir. Xüsusi treninqlər keçmiş təlimatçı və məşqçilər uşaqların yanında olacaqlar. Qaçqın, məcburi köçkün və müharibə əlillərinin uşaqları üçün Açıq Əyləncəli Futbol Məktəbi çərçivəsində tədbirlər Gəncə, Ağdam, Siyəzən, Naftalan, Yevlax, Neftçala və respublikanın digər regionlarında keçiriləcəkdir.

AzərTAc

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər