Sumqayıtda Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anıldı

4846

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Sumqayıt şəhərində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Sonra Sumqayıt şəhər Kimyaçı Mədəniyyət Sarayında tədbir davam etdirilib.  Mədəniyyət Sarayının foyesində Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinə səfərlərini əks etdirən foto-sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Vurğulanıb ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadı.

Qeyd olunub ki, bu gün tarixi şöhrətini bərpa edən 74 yaşlı Sumqayıtın da müasir inkişafı vaxtilə Heydər Əliyevin yaratdığı möhkəm təməllərə əsaslanır. Ümumilikdə Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə 16 dəfə Sumqayıta səfər edib ki, bu da Ulu Öndərin şəhərimizə olan xüsusi diqqət və qayğısının göstəricisidir. Sumqayıtın bu günkü yüksəlişi Heydər Əliyev ideyalarının təntənəsinin təcəssümüdür və bu gün  Sumqayıt artıq sözün əsl mənasında Ulu Öndərin arzuladığı bir şəhərə çevrilmişdir.

Tədbirdə diqqətə çatdırılıb ki,  bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər