Azərbaycanda silsilə cinayətlər törətməkdə təqsirləndirilən şəxsin fotosu tapılıb.
Lent.az hüquq-mühafizə orqanlarından təqsirləndirilən şəxsin şəklini əldə edib. Həmin fotoda 26 yaşlı Elbrus Musa oğlu Xəlilov hərbi geyimdədir və onun Cinayət Məcəlləsinin 178.2.2-ci, habelə 120.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair qeydlər öz əksini tapıb.
Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, Rusiyada tutulan Elbrus Xəlilov yaxın günlərdə Azərbaycana ekstradisiya olunacaq.
Xatırladaq ki, E. Xəlilov bir müddət əvvəl Rusiyanın Belqorod şəhərində həbs edilib. O, Sabunçu rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin fərarilik maddəsi ilə axtarışda olub. Lakin sonradan onun törətmiş olduğu ağır, xüsusilə ağır cinayətləri üzə çıxıb.
Belə ki, adıçəkilən şəxs bu il fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi öldürməkdə, atası İsmayıl Balayevi isə ağır yaralamaqda şübhəli bilinir. Bundan başqa o, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Müdafiə Nazirliyinin əsgərini, habelə həmin qəsəbədə polis əməkdaşlarını öldürməkdə günahlandırılır. E. Xəlilov Tağıyev qəsəbəsində polis əməkdaşını qətlə yetirəndən sonra onların tabel silahını da özü ilə götürüb. Fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinə basqında istifadə olunan tapançanın məhz həmin polis əməkdaşının tabel silahı olduğu sübuta yetirilib.
E. Xəlilovun Bakı şəhərində də bir sıra xüsusilə ağır cinayətlər törətdiyi, bir neçə valyutadəyişmə məntəqəsinə basqın edərək külli miqdarda pul apardığı qeyd olunur. Hüquq-mühafizə orqanlarından, həmçinin bildirilib ki, E. Xəlilov Rusiyada saxlanarkən çoban qiyafəsində olub. Azərbaycan Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı onun ölkəyə ekstradisiya edilməsi üçün artıq Rusiyaya ezam edilib.
Xatırladaq ki, bu il fevralın 20-də Sumqayıt sakinləri İsmayıl Balayev və onun oğlu Vüqar Balayev iş yerinə gedərkən Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar. Nəticədə iki güllə yarası alan Vüqar Balayev hadisə yerindəcə keçinib, İsmayıl Balayev isə xəsarətlə Sumqayıt Şəhər xəstəxanasına yerləşdirilib. Silahlı basqına məruz qalan ata-oğul millət vəkili İqbal Ağazadənin yaxın qohumlarıdır.
Azərbaycanın baş prokuroru Zakir Qaralov ötən ay mətbuata açıqlamasında Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçilərinə olan basqınla bağlı istintaqın gedişində ciddi irəliləyişlərin olduğunu deyib. Z. Qaralov qeyd edib ki, həmin cinayət hadisəsini törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində istintaq qrupu çox ciddi işlər görür: “Cinayəti törədən şəxsin hadisə yerində buraxdığı izlər var. Həmin şəxsin hadisə yerindən qaçdığı mikroavtobusdan onun saç və qan nümunələri götürülüb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Ümumilikdə deyə bilərəm ki, Sumqayıtda, Tağıyev qəsəbəsində dörddən çox bu cür cinayət hadisələri törədilib. Məlum hadisə də daxil olmaqla həmin cinayətlərin hamısının açılması və cinayəti törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin olunacaq”.Hafiz Heydərov lent.az
Ümid edirəm ki, hüquq mühafizə orqanlarımız digər cinayətlərin araşdırılmasında da bu cür operativlik və məsuliyyət nümayiş etirər. Fərdlər arasındakı fərqlərə görə yanaşma tərzi bir dövlətin dövlətçilik prinsiplərinə uyğun gəlmir. Kimliyindən asılı olmayaraq xalq dövlətin onların hüquqlarını qoruduğuna arxayın olmalıdır. Belə olarsa dövlətçiliyimiz də inkişaf edər, xalq da hakimiyətə daim böyük inamla dəstək göstərər. Başda Baş prokurorluq olmaqla bu cinayətləri törədən Xəlilovun həbsində əziyyəti keçən hər kəsi təbrik edirəm.