Sumqayıt Apelyasiya Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşını öldürməkdə ittiham olunan Əlaqif Abbasovun apelyasiya şikayəti üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlaqif Abbasov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əlaqif Abbasov apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının ləğv edilməsini və həmin cəzanın müddətli cəza ilə əvəz edilməsini istəyib.
Hakim Rasim İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Prosesdə apelyasiya şikayətinin dəlilləri, apelyasiya şikayətinin verilmə vaxtı araşdırılıb, həmçinin təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi noyabrın 11-də davam etdiriləcək.
Qeyd edək ki, keçən il avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı, 1955-ci il təvəllüdlü Elmira Xalid qızı Dadaşova Əlaqif Abbasov tərəfindən bıçaqlanaraq öldürülüb.
Əlaqif Abbasovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 11-də İbrahim Hüseynovun evindən 860 manat pul və qızıl əşyalarını oğurlaması, avqustun 14-də Kənan Hüseynquliyevin evindən oğurluğa cəhd göstərməsi, habelə cari ilin aprel-iyun ayları ərzində Çiçək qəsəbə sakini Elşən Cəlilovun, Hökməli qəsəbə sakini Mirxas Ağayevin və Kənan Məmmədovun evlərindən pul, qızıl və məişət əşyalarını oğurlaması da müəyyən edilib.
Bundan əlavə onun “Bərəkət-98” firmasının ofisindən içərisində 100 manat və möhür olan seyfi, Reyhan Müzəffərovanın evindən 2850 manat pul oğurlanması da müəyyən edilib.