Sumqayıt Apellyasiya Məhkəməsində xalasının tanışını bıçaqlamaqda təqsirləndirilən Ruslan İbrəhimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, R.İbrəhimovun 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası 4 ilə endirilib. Onun ittiham edildiyi Cinayət Məcəlləsinin (CM) 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə) maddəsinə tövsif olunub.
İttiham aktına əsasən, R.İbrəhimov ötən il sentyabrın 26-da xalası ilə qeyri-rəsmi nikahda olan Ramil Şıxəliyevi bıçaqlayıb. Hadisə Sumqayıt şəhəri 9-cu məhəllədə baş verib. O, həmin ünvana gələrək R.Şıxəliyevi çölə çağırıb küçədə söhbət edib. R.İbrəhimov onu xalasının Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsində olan öz evində deyil, Sumqayıt şəhərində kirayə tutduğu evdə uşaqları ilə yaşamasında günahlandırıb.
Daha sonra R.İbrəhimov R.Şıxəliyevi üzərində gəzdirdiyi tiyə ilə vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
O, CM-nin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 228.4-cü (qanunsuz silah gəzdirmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İbrəhimov 8 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.
Sumqayıtda xalasının tanışını bıçaqlayan şəxsin cəzası azaldılıb
•
1099