Sumqayıtda “Xocalı-29” adlı onlayn anım tədbiri keçirildi

1244

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı-29” adlı onlayn anım tədbiri keçirildi.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavinləri Teymur Səmədov və Gündüz Əliyev, Milli Məclisin Sumqayıt şəhərini təmsil edən deputatları Hicran Hüseynova, Emin Hacıyev, Müşfiq Məmmədli, şəhər təşkilatı Şurasının və İdarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatının sədrləri, şəhər ziyalıları və Xocalı faciəsinin canlı şahidi Aydın Əliyev iştirak etdilər.
Tədbir iştirakçıları tərəfindən soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxış edərək bildirdi ki, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından 29 il keçir. 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Xocalı şəhərinin sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi, heç şübhəsiz, erməni vandalizminin bariz nümunəsidir. Həmin gecə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Bu və digər faktlar bu faciənin bəşəriyyətə qarşı cinayət və soyqırımı olduğunu göstərir. Xocalı qətliamı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan ediblər. XX əsrin sonunda törədilən bu faciə bütövlükdə insanlığa qarşı ən qanlı cinayətdir.
Sədr qeyd edib ki, bu gün Xocalı faciəsinin 29-cu ildönümü ərəfəsində faciə qurbanlarını ehtiramla yad edərkən, eyni zamanda, torpaqlarımızın işğaldan azad olunmasını iftixarla qeyd edirik. Bəli, Vətən müharibəsi həm ölkəmizin ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpası ilə nəticələndi. Eyni zamanda, Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmadı. 44 günlük müharibə zamanı qalib Azərbaycan Ordusu tərəfindən məhv edilən terrorçular sırasında bu soyqırımının icraçıları da vardı.
Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini Teymur Səmədov çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı bəşər tarixinə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi həkk olunub. Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilər tərəfindən soyqırımı aktlarına məruz qalıb. Xocalı faciəsi ermənilərin öz havadarlarının köməyi ilə son iki yüz il ərzində xalqımıza qarşı törədilmiş soyqırımı siyasətinin davamı idi. Əslində ermənilər Xocalı faciəsinə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. Bəşəriyyət əleyhinə törədilmiş bu cinayətin dəhşətləri heç zaman yaddaşlardan silinməyəcək. Xocalı faciəsinin dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayandığını – söyləyən natiq qeyd etdi ki, Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarının xatirəsini həmişə uca tutur.
Daha sonra Milli Məclisin deputatları Emin Hacıyev və Hicran Hüseynova, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova çıxış edərək XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı ilə bağlı fikirlərini diqqətə çatdırdılar. Vurğulandı ki, dünya ictimaiyyəti Xocalıda törədilmiş qətliama biganə qalmamalı, bu soyqırımının icraçıları qanun qarşısında cavab verməlidirlər.
Sonda Xocalı soyqırımının canlı şahidi Aydın Əliyev çıxış edərək xalqımızın başına gətirilən müsibətlərdən ürək ağrısı ilə danışdı və Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə ilə bağlı fikirlərini bölüşdü.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər