Təhsil Nazirliyi bir il ərzində pandemiya səbəbindən təhsildə yaranan boşluqları aradan qaldırmaq üçün orta ümumtəhsil məktəblərində “Yay məktəb”lərini təşkil edib.
Bu gün Nazirliyin jurnalistlər üçün təşkil etdiyi mediatur çərçivəsində biz də “Yay məktəb”ini yaxından izləmək şansı əldə etdik. İlk üz tutduğumuz təhsil ocağı isə Sumqayıt şəhər 9 saylı orta məktəbi oldu. Məktəbin həyətinə daxil olar-olmaz bir qələbəliklə üzləşdik.
Şagirdlərin bir qismi xalça üzərində müxtəlif oyunlar keçirir, kimi voleybol oynayır, kimi rəsm, əl işləri ilə diqqət çəkir. Dövrə vurub rəqs edənlər, musiqi ifa edənlər isə “Yay məktəbi”nə xüsusi bir rəng qatdılar.
Diqqət çəkən “Azərbaycan” mahnısının ifaçıları – “4 b” sinfinin şagirdləri bizimlə söhbətdə “Yay məktəbi” ilə bağlı təəssüratlarını bölüşdülər:”Burada həm əylənirik, həm də dərs oxuyuruq. “Yay məktəbi”ndə dərslər daha maraqlı olur, çünki açıq havada keçirilir. Bu gün həm mahnı oxuyacaq, həm rəsm çəkəcək, həm də əl işləri ilə məşğul olacağıq”. İbtidai sinif müəlliməsi Aytəkin Səlimova da söhbətə qoşularaq şagirdlərinin uğurlarından danışdı:” “4 b” sinfinin şagirdləri bu il keçirilən “Xarıbülbül” festivalında ikinci yerə layiq görüldülər və diplomla təltif olundular: “Şagirdlərimizin həm də gözəl əl işləri var. Hazırda dərslərə 10 şagird qoşulub. Daha çox şagird iştirak etmək istəyirdi, amma əksəriyyət yay fəsli olduğu üçün rayonlara üz tutub”.
Aytəkin müəllimə onu da əlavə edib ki, yay məktəbində şagirdlərin qiymətləndirilməsi ənənəvi qaydada aparılmayacaq: “Burda qiymətləndirmə fərqlidir, şagirdləri daha çox həvəsləndiririk, mükafatlandırırıq. Məsələn, riyaziyyatdan yarışlar keçirir, əyləncəli oyunlar təşkil edirik”.
“Mən böyüyəndə həkim olacağam”, deyən birinci sinif şagirdi Nuray Müslümova isə sinif yoldaşı Məhəmmədi necə müalicə etdiyini hər kəsə nümayiş etdirdi.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin (SŞTŞ) müdiri Arzu Alızadə isə bizimlə söhbətdə qeyd etdi ki, gələn il “Yay məktəbi”nə maraq daha çox olacaq: “2020-ci ilin sentyabr ayından başlanan Vətən Müharibəsi dövründə məcburiyyətdən məktəblərə payız tətili verilmişdi. “Yay məktəbi”nin yaradılmasında məqsəd həmin dövrdə yaranan boşluğun aradan qaldırılması idi. Valideynlər arasında müəyyən narazılıqlar olsa da, düşünürəm ki, onlar bu şəraiti gördükdən sonra növbəti illərdə övldlarını “Yay məktəbi”nə göndərməyə daha maraqlı olacaqlar. Məsələn, bu il Sumqayıt şəhəri üzrə 5500-ə yaxın şagird qatılıbsa, mənə elə gəlir ki, gələn il “Yay məktəbi”nə daha çox şagird qoşulacaq. Burda məqsəd yaradıcılıqla yanaşı, şagirdlərin fənnlər üzrə geriləmələrini aradan qaldırmaq, eyni zamanda, onların istirahətlərini təşkil etməkdir”.
SŞTŞ-nin müdiri dərslərin beş gün keçirilməsi səbəbinə də aydınlıq gətirdi: “Yay məktəbi”ni açıq havada təşkil etmək imkanı yaradılır, burada pandemiya qaydalarına riayət etmək daha asandır. Bu baxımdan da dərslər beş gün keçirilir. Qeyd etməliyəm ki, bu məktəbin təşkil olunması bir daha bizə müəllim-şagird münasibətlərinin yenidən, daha sıx qurulmasına şərait yaratdı”.
Mediatur çərçivəsində Sumqayıt şəhər 25 saylı orta məktəbinə də yollanırıq. Məktəbin geniş akt zalında şagirdlər arasında intellektual oyunlara qatılırıq. Şagirdlərin demək olar ki, əksəriyyəti müəllimənin zərfdən çıxardığı suallara düzgün cavab verdilər.
Məktəbin ən fəalları-“6 ç” sinfinin şagirdləri bizimlə söhbətdə “Yay məktəbi”nin təşkil olunmasından məmnun olduqlarını dilə gətirdilər:”Pandemiya dönəmində bir müddət dərslərimiz distant oldu, internetimiz olmadı, onlayn dərslərə qoşula bilmədik. Həmin dönəmdə başa düşmədiklərimizi indi yay məktəbində öyrənirik, biliklərimizi daha da təkmilləşdiririk. Məktəbin həyətində də əyləncəli oyunlar təşkil edilir. Çox sevinirik ki, biz yay məktəbinə qoşulmuşuq”.
Oyunlar demişkən, məktəbin həyətində voleybol oynayan uşaqlar da diqqətimizi çəkdi, hətta onlara qoşulub, biz də uşaqlığımızı xatırlayırıq… 5-ci sinif şagirdi Nigar Muradzadə bizimlə söhbətdə dedi ki, hər il “Yay məktəbi” nin təşkil olunmasını arzulayır: “Məktəbi çox sevirik. Müəllimlər bizə əyləncəli yarışlar təşkil edir, biliklər verirlər. Məktəbdən olimpiadalara gedirik, medal, sertifikatlarımız var. Öz arzumla “Yay məktəbi”nə gəldim. Evdə qalmaqdansa, məktəbə gəlmək daha yaxşıdır”.
Voleybolçulardan ayrılıb məktəblilərin təşkil etdiyi tarixi şəxsiyyətlərlə bağlı kiçik teatrı da izləyirik.
Yeri gəlmişkən, mediatur çərçivəsində şagirdlərə keçirilən ustad dərsləri də maraqla qarşılandı. Ustad dərslərində 31-ci beynəlxalq biologiya olimpiadasının qalibi Mətin Muradlı və “Buglance” şirkətinin təsisçisi və direktoru, startapçı gənc sahibkar Toğrul Səməd iştirak etdi. Mətin Muradlı şagirdlərlə görüşdə olimpiadalara hazırlıq prosesindən danışdı, uğur əldə etmənin sirrini onlarla bölüşdü. Toğrul Səməd isə öz növbəsində maliyyə savadlılığından söz açıb, məktəbdən sonra müstəqil həyata atılan addımların düzgün ölçülməsi ilə bağlı təcrübələrini bölüşdü.
Qeyd edək ki, “Yay məktəbi”ndə I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib və iyunun 30-dək davam edəcək.
Afaq Mirayiq,
Musavat.com