Dekabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı, görkəmli ədib, ictimai xadim Anarın 80 illik yubileyinə həsr olunmuş “Müdrik ömrün akkordları” adlı görüş keçirildi.
Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini cənab Teymur Səmədov, Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, AYB-nin Moskva bölməsinin sədri Tofiq Məlikli, universitetin professor-müəllim tələbə heyəti və şəhərimizin ziyalıları iştirak etdilər.
Əvvəlcə Xalq Yazıçısı universitetdə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən fotoşəkillərə, Ulu Öndərə həsr olunmuş kitablara baxış keçirdi və xatirə kitabında ürək sözlərini qeyd etdi.
Sonra Akt zalında davam edən görüşü giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq görkəmli yazıçının həyat və fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan xalq şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin ailəsində doğulub boya-başa çatmış Anar Azərbaycan ədəbiyyatının inkişafında böyük əməyi olan istedadlı yazıçı, əsl ziyalıdır. XX əsrin altmışıncı illərində Azərbaycan ədəbiyyatında baş vermiş “altmışıncılar” ədəbi axınının möhkəm və dayanıqlı olmasında, yetmiş-səksəninci illərdə ədəbi-ictimai mühitdə ümummilli ideallar uğrunda aparılan mübarizədə və nəhayət, müstəqillik dövründə yeni ədəbiyyatın yaradılmasında, bədii fikrin ölkə maraqlarına xidmətə istiqamətləndirilməsində xalq yazıçısı Anarın özünəməxsus xidmətləri vardır. Rektor çıxışında Ulu öndər Heydər Əliyevin mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan, onun dünyada tanıdılması istiqamətində gördüyü işlərdən danışdı, bildirdi ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük diqqət yetirmişdir. Ümumiyyətlə, elə bir sahə yoxdur ki, orada Heydər Əliyev zəkasının izi görünməsin. Ulu Öndərin bu siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətin və incəsənətin yüksəlişi sahəsində böyük işlər görülür. Həmin sahənin nümayəndələlərinin yüksək dövlət mükafatlarına layiq görülmələri ölkə başçısı tərəfindən mədəniyyətə, incəsənətə göstərilən qayğının və verilən ali qiymətin daha bir parlaq nümunəsidir.Rektor Azərbaycan ədəbiyyatının zənginləşməsində Xalq Yazıçısı Anarın mühüm xidməti olduğunu vurğuladı və yaradıcılığının müxtəlif məqamlarına toxundu. Bildirdi ki, Anarın əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə və Avropa ölkələrində də maraqla qarşılanır. Rektor Azərbaycan ədəbi-ictimai fikrinin inkişafı yollarında fəaliyyətini uğurla davam etdirən xalq yazıçısı Anarı anadan olmasının 80 illiyi münasibətilə bir daha təbrik etdi və ona böyük yaradıcılıq uğurları arzuladı və qiymətli hədiyyə təqdim etdi.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini – şəhər fövqəladə hallar komissiyasının sədri cənab Teymur Səmədov çıxış edərək görüş iştiraçılarına Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun adından salamını və Xalq Yazıçısı Anarın 80 illik yubileyi münasibəti ilə təbrikini çatdırdı. Teymur Səmədov qeyd etdi ki, Anar təkcə yazıçı deyil, rejissor, ssenarist, sənətşünas, tərcüməçi, publisist, folklorşünas, ədəbiyyatşünas və ictimai xadimdir.Anarın qələminin məhsulu olan “Ağ liman”, “Dantenin yubileyi”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Anlamaq dərdi”, “Adamın adamı”, “Mən, sən, o və telefon”, “Keçən ilin son gecəsi”, “Otel otağı”, “Gürcü familiyası”, “Mütləq görüşərik” və digər əsərləri ədəbiyyatımızın gözəl nümunələridir. Bu gün onun əsərləri nəyinki Azərbaycanda, həm də xarici ölkələrdə böyük maraqla oxunur.
Sonra cənab Teymur Səmədov görkəmli ədibə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının adından qiymətli hədiyyə və Sumqayıt şəhəri haqqında yeni dərc olunmuş nəfis tərtibatlı kitabı təqdim etdi.
Xalq Yazıçısı Anarın yubileyi münasibətilə təbriklərini çatdıran universitetin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov, həmin kafedranın professoru Rafiq Yusifoğlu, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək görkəmli yazarın yaradıcılığından və ədəbiyyatımızın inkişafına verdiyi töhfələrdən söz açdılar. Bildirdilər ki, yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan Anar müasir bədii-fəlsəfi, ictimai-siyasi və elmi-mədəni fikrimizin ən tanınmış və nüfuzlu nümayəndələrindəndir.
Xalq yazıçısı Anar Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova, tədbirin təşkilatçılarına və yaradıcılığına verilən yüksək qiymətə görə öz dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, ömrünün qalan hissəsini də Azərbaycan ədəbiyyatının inkişafına sərf edəcək və dilimizin, mədəniyyətimizin təbliği yolunda əzmlə fəaliyyət göstərəcək, belə görüşlər tez-tez təşkil olunacaq.
Görüşdə universitetin tələbələri Şəbnəm Abışovanın ifasında Nigar Rəfibəylinin “Anara” və Nuranə Kərimovanın ifasında “Ən gözəl əsərimsən” şeirləri səsləndirdirildi.
Sabir Sarvan adına Uşaq poeziya teatrının ifasında yubilyarın əsərləri əsasında hazırlanmış “Sayların sərgüzəşti” adlı hekayəsindən səhnəcik nümayiş etdirildi.
Xalq Yazıçısı Anar tələbələrin ona ünvanlanan çoxsaylı sualları cavablandırdı və xoş arzularını çatdırdı.