Sumqayıtda Yehova Şahidləri təhlükəsi? – ARAŞDIRMA

1618

Strateji təhlükə: hərbi sistemin iflici;

Ali məqsəd: hakimiyyəti ələ keçirmək

 

Bu gün dünyanı silahlı təhdidlərdən daha çox ideoloji silahların qorxutduğu danılmaz faktdır. Müasir dünya imperiyaları din, dil, mədəniyyət, ideologiyalar gücünə qurulur.

Mürəkkəb coğrafi yerdə qərar tutan və siyasi maraqların toqquşduğu Azərbaycan özünü ideoloji hücumlardan da sığortalanmış hiss edə bilmir. Təsadüfi deyil ki, dini quruplaşmalar, sektalar ölkəmizi son iki onillikdə daha çox narahat etməyə başlayıb. Əlbəttə, bu qruplaşma və sektalar ölkəmizin xüsusi kəşfiyyat orqanlarının nəzarəti altındadır, ancaq təhdid və təhlükədən heç vaxt tamamilə qorunmaq mümkün deyil.

Radikal dini quruplaşmalar və sektalarının içərisində müxtəlif dinlərə yönəlik müxtəlif məqsəd və ambisiyaları ifadə edən açıq və gizli təşkilatlar var. Son dövrlərdə sosial bazasını gücləndirməkdə olan icmalardan biri də Yehova Şahidləridir.

 

 

Yehova Şahidləri kimlərdir?

Yehovanın Şahidləri 1931-ci ilə, müasir adı qəbul olunana qədər bu “Müqəddəs Kitab tədqiqatçıları” adlanırdı. Bəzi mənbələrə əsasən, Yehovanın Şahidləri protestant yönlü dini təşkilatdır, digərlərinə görə isə paraxristian yönlüdür. Ənənəvi dinlərin, bəzi tədqiqatçıların və cəmiyyətin bir hissəsinin nöqteyi-nəzərincə bu, sektadır (və ya təriqət), digərləri isə bunun sekta olmadığını düşünür.

Təşkilatın özünün hesablamalarına görə, 2011-ci ildə bu dini təşkilatın üzvlərinin maksimal sayı 7 659 019 nəfərə çatmışdır.

2008-ci ildə Yehovanın Şahidlərinin ümumi sayı 7 milyon nəfəri keçib. Bütün dünyada 100 min yıǧıncaq mövcuddur. Onlar 236 ölkə və ərazilərdə təbliǧ işi aparırlar. Bu ölkələrə Yehova Şahidlərinin qadaǧan olunduǧu 30 ölkə də daxildir, məsələn, bunların arasında Çin, Şimali Koreya, Özbəkistan, Türkmənistan, Tacikistan, Səudiyyə Ərəbistanı, İran, İraq və s. kimi ölkələrin adlarını çəkmək olar.

Yehovanın Şahidlərinin özlərinin dedikləri kimi, təlimləri Müqəddəs Kitaba əsaslanır. Təlimlərini əsaslandırmaq üçün ondan geniş olaraq istifadə edirlər. Yehova Şahidləri özlərini məsihçi adlandırırlar və bildirirlər ki, təlimlərdə və ibadətdə erkən məsihçilərin və ya xristianların yolunu davam etdirirlər. Amma bəzi xristian konfessiyalarının təmsilçilərinin və dinşünasların fikrincə bu cərəyanın üzvlərinin baxışları xristian təlimlərindən o qədər uzaqdır ki, onları xristian hesab etmək düzgün deyil.

 

Rəsmi qurumun mövqeyi

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında adıçəkilən icma ilə bağlı deyilir:

– «Yehovanın Şahidləri» xristianların müqəddəs kitablarını özləri üçün düstur kimi qəbul etmiş və özlərinə sərf edəcək şəkildə bu kitabların mənalarını vermişlər. Bu hərəkat yarandığı gündən etibarən dünyanın hər yerində öz missiyalarını həyata keçirməyi qarşısına məqsəd qoymuşdur. Elə bu səbəblərdən də müxtəlif zamanlarda, müxtəlif dövlətlərdə təqib və təzyiqlərə məruz qalmış, əksər hallarda isə müxtəlif vasitələrlə məhv edilmişdir:

1. 1933-cü ildə Hitler Almaniyasında 100 000-dən çox Yehovanın şahidi həbs olunmuş, əksəriyyəti öldürülmüşdür.

2. Çexoslavakiyada 1948-ci ilin dekabr ayında cərayan liderlərindən 12 nəfər həbs olunmuşdur. Onların əksəriyyəti həbsdə olarkən ölmüşdür.

3. Polşada 1952-ci ildə 6000 Yehovanın şahidi nəzarət altına alınmış, ümumilikdə 838 il həbs cəzası almışdır.

4. Rumıniyada 1949-cu ildə Yehovanın şahidlərinin Bukreşdəki şöbəsinə polis əmaliyyatı keçirilib. Nəticədə hərəkat vaizləri və Yehovanın şahidləri olan qadınlar «əmək düşərgələri»nə cəlb olunublar.

5. Sovet İttifaqında 1947-1948-ci illər ərzində 100 000 Yehovanın şahidi ələ keçirilmiş və Sibirə sürgün edilmişdir.

Bu yalnız kütləvi şəkildə olan həbs və cəmiyyətdən bu və ya digər şəkildə islah olunanların ümumi statistikasıdır. Yehova şahidləri mövcud olduqları bütün siyasi cəmiyyətlər üçün təhlükə hesab olunduğuna görə, yarandıqları tarixdən bəri daim təqiblərə məruz qalmışdır. Lakin bütün bunlara baxmayaraq, öz missiyalarından əl çəkməmiş və minlərlə insana öz əqidələrini qəbul etdirməyi bacarmışlar.

İcma ilə bağlı məlumatda daha sonra deyilir:

–         «Yehovanın Şahidləri» bu gün dünyanın 229 ölkəsində özəklərini yaradaraq fəaliyyət göstərir. 6 milyona yaxındırlar. Azərbaycanda fəaliyyətlərinə 1994-cü ildə başlayıblar. 2002-ci ildə «Yehovanın Şahidləri» bir icma kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Rəsmi məlumatlara əsasən, 600-ə yaxın üzvü var.

 

 

Bizim üçün nələr təhlükəlidir?

 

Yehovanın Şahidlərini Avropa ölkələrinin maliyyələşdirdiyi bildirilir. Yox, qətiyyən, avropalılar pulunu çöldən tapmayıb. Burada strateji məqsədlər güdülür. Maliyyəçilərin əsas məqsədi xristian missionerliyini təmin etmək, ətraflarında ciddi sosial baza formalaşdırmaqdır.

Azərbaycan üçün bu sektorun genişlənməsinin ən arzuolunmaz tərəfi budur ki, Yehova Şahidlərinin dini inancına görə hərbi xidmət ləğv edilməli, insanlara alternativ hərbi xidmət imkanı verilməlidir. Bu isə o deməkdir ki, azərbaycanlı gənc erməni gəncə silah çevirə bilməz. Müharibə qəti olaraq qəbuledilməzdir. Nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, torpaqlarımızın 20 faizi işğal altındadır, onda strateji sahənin iflicinə yönəlmiş bu strateji xətt bizi daha çox qorxutmalıdır.

Azərbaycan üçün icmanın fəaliyyətinin ən təhlükəli yönü isə sektanın ali məqsədi ola bilər – hakimiyyəti ələ keçirmək!

Yehova Şahidlərinin fəaliyyəti barədə qəzetimizə məlumat verən mənbənin sözlərinə görə, icma üzvləri fəaliyyətlərində cəlbedici slavyan qızlardan da istifadə edirlər. Qızlar kimlərisə ələ almaqda və propaqanda işində istifadə edilir.

Bir neçə regionda olduğu kimi Bakıda da bu sektanın üzvlərinin kilsələri fəaliyyət göstərir. Etibarlı mənbənin məlumatına görə, Bakının ucqar ərazilərində, xüsusilə Yeni Əhmədli ərazisində Yehovanın Şahidlərinin toplaşdığı yerlər var: “Burada hər həftənin bazar günü yüzlərlə qadın azyaşlı uşaqları ilə birlikdə “Qaçaq Nəbi” küçəsindəki binalardan birində toplaşır, müxtəlif ayinlər icra edirlər. Onların əksəriyyəti isə bu toplantılara öz dolanışıqlarını təmin etmək üçün gəlirlər. Məsələ burasındadır ki, bu adamlara burada maddi yardımlar da edilir”.

Nəhayət, Sumqayıta gəlincə şəhərimizdə də bu sektanın  toplantıları olur. Əsasən əhalinin kasıb təbəqəsi ilə işləyən, maddi cəhətdən yaxşı təmin olunmamış ailələri öz tərəflərinə çəkməyə çalışan sekta üzvlərinin Sumqayıtda 2-3 yerdə toplaşdığı məlumdur. Məlumata görə, bu sektanın üzvlərinin sayı Sumqayıtda 300-dən artıqdır. Sektanın əsasən şəhərin 26-cı məhəlləsində və Kotecə yaxın ərazilərdə 1-2 evdə toplaşdığı söylənilir.

“Yehova”çıların Sumqayıtla bağlı ən ilginc “uğur”u ötən illərin birində polis sahə müvəkkillərindən birini slavyan qızlardan biri vasitəsilə ələ alması olub. Sahə müvəkkili isə bu tora düşərək qarşı tərəfi özü də bilmədən informasiya ilə təmin edib.

Hər halda, sekta üzvlərinin qanunsuz, yoxsa qanunlar çərçivəsində fəaliyyət göstərməsinə biz qiymət vermək iqtidarında və səlahiyyətində deyilik, ancaq ümid edirik ki, bu iqtidarda və səlahiyyətdə olan qurumlar vəziyyəti tam olaraq nəzarətdə saxlayırlar.

 

 

Eldəniz Əhmədov

Aybəniz Vəliyeva

“168 saat”

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər