Sumqayıt şəhəri Xudafərin küçəsində yerləşən evlərdən birindən oğurluq edilib.
Hadisə ilə bağlı polisə müraciət edən ev sahibi dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə evdə olmadığı müddətdə mənzildən 31 450 avro, 4300 ABŞ dolları, 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “TP-link” markalı aparatın oğurlandığını bildirib. Zərərçəkən ona ümumilikdə 66 611 manat maddi ziyan dəydiyini qeyd edib.
Qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Musa Bayramov, Rövşən Ağayev və onun qardaşı Rüstəm Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü evin hasarından əvvəlcə Rövşən Ağayev və Musa Bayramov həyətə düşüblər. Rüstəm Ağayev isə pusquda dayanıb.
Daha sonra dəstə üzvləri mənzilin qapısının üzərində barmaqlıqlar olmayan pəncərənin şüşəsini qıraraq mənzilə daxil olublar. Mənzilin qapısı açılandan sonra dəstənin digər üzvü Rüstəm Ağayev də evə girib. Saxlanılan şəxslər evin yataq otağında olan külli miqdarda pulu və bir ədəd televizoru götürəndən sonra hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, saxlanılan şəxslər biri Rüstəm Ağayev hadisədən sonra ona çatan pulun bir hissəsi ilə özünə “Volkswagen” markalı avtomobil alıb. Həmin nəqliyyat vasitəsi də polislər tərəfindən müəyyən edilərək saxlanılıb. Dəstə üzvləri hadisədən sonra qapını qırmaq üçün istifadə etdikləri dəmir parçasını, həmçinin sındırdıqları şüşə qırıntılarını özləri ilə götürərək evdən bir qədər kənara atıblar.
Dəstə üzvü Rüstəm Ağayev evdən oğurladığı televizoru isə mənzilin yaxınlığında olan orta məktəbin həyətində gizlədib. Həmin televizor da aşkar edilərək polislər tərəfindən götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.