GTZ-in dəstəyi ilə Sumqayıt və Lüdviqshafen arasında yeni layihəyə start verilirBu gün Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları salamlayan şəhər rəhbəri Sumqayıt və Lüdviqshafeni birləşdirən 33 illik dostluq əlaqələrinin son dövrlər ərzində daha da möhkəmləndiyini, birgə layihələrin şəhərlərə qarşılıqlı fayda verdiyini bildirib. V.Əliyev alman mütəxəssislərin dəstəyi ilə Sumqayıtda mühüm layihələrin icra olunduğunu, 2002-2009-cu illər ərzində şəhər təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və gənclərlə iş sahəsində tədbirlərin uğurla reallaşdırıldığını qeyd edib.
Səmimi qəbula görə təşəkkür edən alman nümayəndə heyətinin rəhbəri, Lüdviqshafen şəhərinin kommunal təsərrüfatının texniki direktoru Peter Lubenau Lüdviqshafenin meri xanım Eva Lozenin salamlarını V.Əliyevə çatdırıb. P.Lubenau Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə 2010-cu ildən etibarən yeni layihənin – “Cənubi Qafqazda yerli idarəetmənin inkişafına dəstək” proqramının başlanması barədə məlumat verərək bildirib ki, yeni proqram çərçivəsində Almaniyanın və Cənubi Qafqazın ümumilikdə 8 şəhərinin əməkdaşlıq edəcək, Sumqayıt və Lüdviqshafen şəhərlərinin iştirakı ilə tullantı təsərrüfatı, çirklənmiş ərazilərin reabilitasiyası, su və kanalizasiya sisteminin idarə edilməsi, ekoloji tərbiyə, yerli iqtisadiyyata dəstək sahələrində məsləhət tədbirlər həyata keçiriləcək, həmçinin narkomaniya əleyhinə anonim mərkəzin, əqli cəhətdən qüsurlu uşaqlar üçün emalatxananın, və əhaliyə xidmət bürosunun yaradılması istiqamətində səylər gücləndiriləcək. Görüşdə həmçinin tərəflər arasında maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində 2002-2009-cu illər arasında 3 mərhələdə icra olunan bu tədbirlər şəhərlər arasında əlaqələrin möhkəmlənməsinə xidmət etməklə yanaşı, Sumqayıtın da inkişafına öz müsbət töhfəsini vermişdir. Layihə nəticəsində Sumqayıtda Alman-dili Mərkəzi, “Etimad” telefonu ofisi fəaliyyətə başlamış, “Ekopark” layihəsinin biznes-planı, məişət tullantıları təsərrüfatı üçün konsepsiya hazırlanmış, su və kanalizasiya sisteminin idarəçiliyi, çirklənmiş ərazilərin təmizlənməsi sahəsində geniş təcrübə mübadiləsi aparılmış, sumqayıtlı mütəxəssislər Almaniyada təlim kurslarına cəlb olunmuşdur. Layihə zamanı Sumqayıtda 2005, 2007 və 2010-cu illərdə 3 beynəlxalq konfrans təşkil edilmiş, görülmüş işlər barədə ictimaiyyət məlumatlandırılmışdır.