Sumqayıtda yeni, modern zavodların fəaliyyətə başlaması şəhərinin ümumi inkişafına da böyük töhfədir

1038

Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ölkəmizdə uğurla fəaliyyət göstərən bir neçə sənaye parkının idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) Məhdud Məsuliyyətli Cəmiyyəti yeni əsrin qabaqcıl sənaye mərkəzi kimi tanınır. On il əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış bu qurum Sumqayıt, Mingəçevir, Qaradağ və Pirallahıdakı sənaye parklarını birləşdirir. Hazırda SKSP-də 24 rezident var, hazırlanan məhsullar dünyanın bir çox ölkələrinə satılır.

…Bu yaxınlarda İraq Respubli­kasının İnşaat, Mənzil, Bələdiyyələr və İctimai İşlər nazirinin müavini Yılmaz Şahbaz Abbasın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında olub. Qonaqlar əvvəlcə “STP” MMC-nin kabel zavodunda gedən isteh­sal prosesi ilə maraqlanıblar. Sonra keçirilən işgüzar görüşdə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov rəşadətli Ordumuzun Qarabağda işğalçı Ermənistan üzərində qələbəsindən də bəhs edib, İraqın münaqişə ilə bağlı ədalətli mövqe tutma­sının, ölkəmizin ərazi bütövlü­yünü dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Həmin anlarda görüşdə iştirak edən Azərbaycan kim­yaçılarının gözləri önündə ərazilərimizin işğaldan azad olun­masında qəhrəmanlıq göstərmiş həmkarlarının işıqlı obrazları can­lanıb. Xüsusən də onlar Vətənin dar günündə döyüşlərə atılmış və ərazi bütövlüyümüz naminə canın­dan keçmiş gənc mühəndis Asəf Nəsibovla bağlı həzin xatirələrə dalıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini fərqlənmə diplomu ilə bitirən və perspektivli mütəxəssis sayılan Asəf cəbhəyə könüllü yollanaraq döyüşlərdə iştirak edib və oktyabrın 29-da şəhadətə qovuşub. Göstərdiyi igid­lik və şücaətə görə Prezidentin mü­vafiq sərəncamları ilə Cəbrayılın, Qubadlının, Laçının azad olunma­sına görə, eləcə də “Vətən uğ­runda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Həmkarları vaxtaşırı onun məzarını ziyarət edir, ailəsinə baş çəkirlər. Sabunçu rayonundakı Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə bir sinfə Asəf Nəsibovun adı verilib, şəhidin həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb. Ailəsi Abşeron rayonunda yeni mənzillə təmin olunub. İqtisadiyyat Nazirli­yinin, həmçinin SKSP-nin kollektivi şəhidin doğum gününü onun ruhu­na sonsuz ehtiramla qeyd edib.

Ürəkləri böyük vətənpərvərlik duyğusu ilə döyünən Sumqayıt Kimya Sənaye Parkının çoxsaylı əməkdaşları Azərbaycan iqtisa­diyyatının tərəqqisi yolunda da fədakarlıq göstərirlər. Parkın ərazisində neft-kimya və digər pri­oritet sənaye sahələri üzrə yüksək keyfiyyətli məhsullar istehsal və emal edilir. 2013-cü il oktyabrın 3-də cənab İlham Əliyevin iştirakı ilə sənaye parkının təməlqoyma mərasimi olub. Sonrakı dövrdə dövlət başçısı dəfələrlə buraya gəlib və yeni zavodların açılışında iştirak edib, kimyaçılara xeyir-dua verib.

Məlum olduğu kimi, sənaye parkı statusu sahibkarlıq fəaliyyəti üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, innovativ və yüksək texno­logiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün əlverişli ərazilərə verilir. Bu məqsədlə onlara münbit şərait yaradılır, sahibkarlıq dövlət səviyyəsində dəstəklənir, rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Sənaye park­larının rezidentləri 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.

Sumqayıt Kimya Sənaye Parkının ən çeşidli məhsullarına Azərbaycandan xeyli uzaq ölkələrdə, həmçinin beynəlxalq sənaye sərgilərində rast gəlmək olar. İki il öncə Prezident İlham Əliyev bu parkda “SOCAR Polymer”in yüksək sıxlıqlı polie­tilen zavodunun açılışında iştirak edib. Bu, son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihədir. Ümu­mi investisiya xərcləri 816 milyon dollar təşkil edib. Müəssisənin istismarı dövründə 6,6 milyard dollar məbləğində gəlir proqnoz­laşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılmış ilk şirkət kimi, zavodda “Made in Azerbaijan” brendi ilə qiymətli polipropilen məhsulları hazırlanır və sifarişçi ölkələrə yola salınır. Cənab İlham Əliyev açılışdakı çıxı­şında bildirib ki, bu müasir sənaye mərkəzi şaxələndirilmiş iqtisadiyya­tın uğurlu inkişafı nümunəsi, xarici maliyyə qurumlarının ölkəmizə inamının təzahürüdür. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin sayının artmasına nail olmaqdır.

Xüsusi vurğulamaq lazımdır ki, yeni, modern zavodların fəaliyyətə başlaması Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfədir. Son illərdə Sumqayıtda bir çox yeni müəssisələr işə salınıb, əhalinin həyat səviyyəsi xeyli yüksəlib, gözəl infrastruktur yaradılıb. Artıq bu şəhərin bir-birindən yaraşıqlı istirahət guşələri, heyranlıq doğu­ran bulvarı var. Dövlətimizin başçı­sının hər zaman verdiyi bir tapşırıq da elə budur ki, yerlərdə fəaliyyətin əsas istiqaməti kimi, məhz inves­tisiyalar cəlb edilsin, yeni iş yerləri yaradılsın, eyni zamanda, rayon və şəhərlərdə gedən işlərə təkan verilsin.

Ötən ilin sentyabrında Prezident İlham Əliyev yenidən Sumqayıta gələrək, SKSP-nin nəzdində Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib. Ölkədəki sənaye parkı ərazisində peşə təlimi müəssisəsi yaradılması bu sahədə bir ilkdir. Mərkəzin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub: 6 korpusu, 23 tədris otağı var. Burada təhsil proq­ramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və tədris prosesinə parkın rezidentlərinin mütəxəssisləri cəlb olunub. Təhsil mərkəzi açılmaqla bir neçə stra­teji hədəfə nail olunub. Əvvəla, tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanır. Təlim prosesində iştirak edən mütəxəssislər də elə par­kın rezidentlərinin yüksəkixtisaslı işçiləridir. Öz növbəsində, tələbələr Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanırlar.

Bu il yanvarın 18-də Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə isteh­salı müəssisəsinin açılışını edib.

Ötən hər gün, hər ay SKSP-nin həyatında bu və digər yeniliklərlə əlamətdar olur. Məsələn, ötən ayın sonuncu günü məlumat verilib ki, parkın rezidenti SOCAR karbamid zavodu tam gücü ilə fəaliyyətə başlayıb. Üç aya yaxın müddətdə burada, təxminən, 120,5 min ton məhsul buraxılıb. Daxili bazar­da karbamid fermerlərə güzəştli qiymətlərlə satılır. Elə SOCAR karbamid zavodu layihəsinin əsas məqsədi də Azərbaycanın azot gübrəsi idxalından asılılığını aradan qaldırmaq, yerli fermerlərin tələbatını sərfəli qiymətlərlə ödəməkdir. İstehsal olunmuş kar­bamid xarici bazarlara da çıxarılır.

Başqa bir xəbərdə bildirilir ki, Cənubi Qafqazın ən böyük sənaye parkı olan SKSP-də ümumi investisiyaların həcmi 3,2 milyard ABŞ dolları olan 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Qeydiyyata alın­mış 24 rezidentdən 16-sı artıq fəaliyyətdədir. İndiyədək onlar tərəfindən 2,9 milyard dollardan artıq investisiya yatırılıb. Parkda hazırda 5500 nəfər daimi işlə təmin olunub. Ümumilikdə, indiyədək rezidentlər 3,3 milyard manatlıq satış həyata keçiriblər ki, bunun da təqribən üçdə-biri ixracın payına düşür.

SKSP-də məhsul istehsalı və ixracı sahəsində müsbət dinamika davam edir. Əgər 2020-ci ilin ilk yarısında rezidentlər tərəfindən 534 milyon manatlıq məhsul isteh­sal olunmuşdusa, cari ilin müvafiq dövründə həmin göstərici 49 faiz çox – 794 milyon manat təşkil edib. Bununla yanaşı, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövründən 47 faiz çox – 267,5 mil­yon manatlıq ixrac həyata keçirilib. Bu ilin əvvəlindən ölkə sənayesinin qeyri-neft sektorunda SKSP-nin xüsusi çəkisi 11,5 faiz, qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi isə 21,8 faiz olub.

Sumqayıt Sənaye Parkının məhsulları Türkiyə, Rusiya, Ukray­na, Belarus, Çin, Tayvan, Bolqarıs­tan, Rumıniya, Polşa, Niderland, İtaliya, Çexiya, Makedoniya, Litva, Avstriya, Estoniya, Dani­marka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüs­tan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq, Yaponiya, ABŞ, Kanada və s. ölkələrə ixrac edilib. Parkın rezidenti “Azerfloat” QSC-nin də məhsullarının ixrac coğrafi­yası genişlənir. Belə ki, müəssisə ilk dəfə olaraq İsrail və İspaniyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlayıb. Bundan əvvəl “Azerfloat” 7 ölkəyə məhsul ixrac edirdi, indi onların sayı 9-a çatıb. Bu müəssisə SKSP ərazisində Almaniya texno­logiyası əsasında müxtəlif çeşiddə, yüksək keyfiyyətli rəngli və şəffaf şüşə vərəqələrin istehsalını həyata keçirir. QSC-nin vərəqə şüşə isteh­salı zavodu Azərbaycanda termo­formalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.

Prezidentin hər zaman müa­sir müəssisələrin yaradılması ilə bərabər, əhalinin sağlamlığının vacib məsələ olduğunu vurğulama­sı xüsusilə diqqətəlayiqdir. Sum­qayıtda “Tabaterra” QSC-nin tütün məmulatları fabriki işə salınanda dövlət başçısının söylədikləri buna misal ola bilər: “Çalışın ikinci, üçün­cü xətləri də qurun ki, istehsalat artsın və biz bu məhsulu ixrac edə bilək. O vaxt da demişdim, mən elə onu istəyirəm ki, bu məhsulun ha­mısı ixraca getsin, Azərbaycanda heç kim siqaret çəkməsin və daxili tələbat olmasın. Amma, əlbəttə ki, bu, mümkün deyil, ancaq buna çalışmalıyıq. O cümlədən, təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki, qadağalar qüvvəyə minibdir. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyö­nümlü müəssisə kimi görürəm”.

Əhalinin sağlamlığına qayğı ilə bağlı əsas fakt isə budur ki, bir za­manlar SSRİ-nin ekoloji cəhətdən ən çirkli şəhərlərindən biri kimi tanı­nan və sakinləri kimya zavodlarının ətrafa yaydığı zəhərli qazlardan təngə gələn Sumqayıt Azərbaycan dövlətinin bu məsələyə ciddi ya­naşması sayəsində havası təmiz şəhərə çevrilib. Hazırda burada turizm sektoru inkişaf etdirilir.

Nəhayət, onu da deyək ki, Kim­ya Sənaye Parkının məhz Sumqa­yıtda yaradılması çox uğurlu seçim olub. Burada yeni müəssisələrdən birinin açılışı zamanı cənab İlham Əliyev böyük nailiyyətlər qazanıla­cağına inamını ifadə edib: “Şadam ki, biz bu gözəl parkı Sumqayıt şəhərində yaratdıq. Sumqayıt ölkəmizin, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıtın inki­şafı üçün çox böyük işlər görülür, çox böyük layihələr icra edilir… Əlbəttə ki, Sumqayıt sənaye şəhəri kimi uğurla inkişaf edəcək. Mən əminəm ki, biz qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəyik”.

Azərbaycan rəhbərinin hər bir sözünün tezliklə konkret əməli işə çevrilməsi hədsiz fərəh doğurur. Hazırda Sumqayıtda yeni və daha modern texnologiyalı müəssisələr inşa olunur.

Əli NƏCƏFXANLI,

Xalq qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər