Azərbaycan Prezidenti İlham Əliyev Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycanda iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkı (“YT Park”) yaradılsın.
Fərmanla müəyyən edilir ki, “YT Park” informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “YT Park”ın fəaliyyətinin təşkili üçün bu fərmana müvafiq olaraq ayrılmış ərazidə zəruri infrastrukturun yaradılması, xidmətlər göstərilməsinin və parkın fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün tədbirlər görülməsini; “YT Parkı”ın fəaliyyət istiqamətləri üzrə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, elmi-texniki və innovasiya sahələrində əməkdaşlığın təşkili və genişləndirilməsi üçün İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər görülməsini təmin etməlidir.
Qeyd olunur ki, “YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
“Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətində ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilir:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi; Cəmiyyətin icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; Cəmiyyətin müşahidə şurasının seçilməsi; Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifləri əsasında Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının həcminin və ona dəyişikliklərin təsdiqi; Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyində hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi; bu fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Cəmiyyətin yenidən təşkili və (və ya) ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinə üç ay müddətində “YT Park”ın fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeliyindəki Superfosfat Zavodunun ərazisindən 30 hektar torpaq sahəsinin Cəmiyyətə verilməsini təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə “Texnologiyalar parkları haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə “YT Park”da vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə təkliflər hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmanda nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin, habelə “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınması üçün tədbirlər görməli, Nazirlər Kabineti isə bu fərmanın icrası ilə bağlı görülən işlər barədə Azərbaycan Prezidentinə vaxtaşırı məlumat verməlidir.