Sumqayıtda Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

151

Sumqayıt şəhərində deputat Səbinə Salmanovanın təşəbbüsü, Batıgöz Klinikasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 103 illiyinə həsr olunmuş şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələr üçün göz müayinəsi təşkil edilib.

Toplantıda əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə çıxış edən deputat Səbinə Salmanova görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edib. Deputat qeyd edib ki, Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynayıb, həyatını insanların sağlamlığına və elmi tərəqqiyə həsr etmiş nadir şəxsiyyətlərdən biridir. O, xüsusilə oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlarla böyük nüfuz qazanıb, peşə xəstəlikləri ilə bağlı göz patologiyalarının öyrənilməsi istiqamətində mühüm yeniliklərə imza atıb. Zərifə xanımın elmi əsərləri bu gün də aktuallığını qoruyur və gənc həkimlər üçün dəyərli mənbə hesab olunur.

S.Salmanova bildirib ki, Zərifə xanımın fəaliyyəti yalnız elmlə məhdudlaşmayıb, eyni zamanda yüksək humanizm və insanlara qayğı prinsipləri ilə müşayiət olunub:

“Zərifə xanım Əliyeva hər zaman sadə insanlara yaxın olmuş, onların problemlərinə həssas yanaşmış və xüsusilə aztəminatlı ailələrin sağlamlıq məsələlərinə xüsusi diqqət göstərib. Bu xüsusiyyətlər onu cəmiyyətin yaddaşında təkcə alim kimi deyil, həm də böyük ürək sahibi bir insan kimi yaşadır”.

Parlamentari onu da bildirib ki, Zərifə xanım həm də güclü ailə dayağı, sədaqətli həyat yoldaşı kimi də tanınıb:

“O, Ümummilli Lider Heydər Əliyevin ən yaxın silahdaşı, çətin və məsuliyyətli dövrlərdə onun mənəvi dayaq nöqtəsi olub. Dövlət idarəçiliyinin ağır yükünü daşıyan Ulu Öndər Heydər Əliyevin yanında duraraq, ona həm ailə, həm də ictimai həyatında güc və ilham verib. Eyni zamanda, Zərifə xanım Əliyeva Azərbaycan xalqına böyük bir sərkərdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev kimi lider bəxş etmiş anadır. Onun verdiyi tərbiyə, aşıladığı dəyərlər və vətənpərvərlik ruhu bu gün ölkəmizin uğurlarında öz əksini tapır”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçisi Mehriban Nəcəfova çıxışında bildirib ki, şəhərdə fəaliyyət göstərən tibb müəssisələri əhalinin sağlamlığının qorunması istiqamətində mühüm rol oynayır və bu sahədə həyata keçirilən layihələr daim diqqət mərkəzində saxlanılır.

O qeyd edib ki, Sumqayıtda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, xüsusilə həssas qruplara göstərilən tibbi dəstəyin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Bu kimi sosial aksiyaların təşkilinin isə həm tibbi xidmətin əlçatanlığını artırdığını, həm də vətəndaş məmnunluğunu yüksəltdiyini vurğulayıb. Çıxışında görkəmli alim Zərifə Əliyevanın adını ehtiramla xatırladan Mehriban Nəcəfova bildirib ki, Zərifə xanımın Azərbaycan tibb elminə verdiyi töhfələr bu gün də böyük hörmətlə yad edilir.

“Batıgöz” Sumqayıt klinikasının icraçı direktoru Nigar Əliyeva rəhbərlik etdiyi tibb müəssisəsinin fəaliyyəti barədə toplantı iştirakçılarına geniş məlumat verib. O bildirib ki, klinika müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur və burada pasiyentlərə yüksək səviyyəli diaqnostika və müalicə xidmətləri göstərilir. Xüsusilə sosial həssas qruplara diqqətin artırıldığını vurğulayan Nigar Əliyeva bu kimi humanitar aksiyaların mütəmadi olaraq təşkil edildiyini qeyd edib.

O həmçinin söyləyib ki, həyata keçirilən bu cür təşəbbüslər Azərbaycan oftalmologiya məktəbinin banilərindən biri olan akademik Zərifə xanım Əliyevanın zəngin irsindən və humanist fəaliyyətindən qaynaqlanır. Zərifə xanım hər zaman insanlara qayğı ilə yanaşıb, xüsusilə ehtiyacı olan şəxslərə dəstək göstərməyi özünün mənəvi borcu hesab edib. Bu gün təşkil olunan belə sosial aksiyalar da məhz onun ideyalarının davamıdır.

Daha sonra çıxış edən “Batıgöz” klinikasının baş həkimi vəzifəsini icra edən, cərrah-oftalmoloq Sevinc Cəlilova tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, belə aksiyalar cəmiyyətin həssas təbəqələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Sevinc Cəlilova vurğulayıb ki, rəhbərlik etdiyi tibbi heyət tərəfindən həyata keçirilən müayinələr ən son tibbi standartlara uyğun şəkildə aparılır və əsas məqsəd göz xəstəliklərinin erkən mərhələdə aşkarlanaraq vaxtında müalicəsinin təmin olunmasıdır. O vurğulayıb ki, Zərifə xanımın insanlara qayğı, peşəkarlıq və fədakarlıq prinsipləri müasir həkimlər üçün örnəkdir və bu kimi aksiyalar da məhz həmin dəyərlərin davamı kimi həyata keçirilir.

Çıxışlardan sonra tədbirin əsas hissəsinə start verilib və şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələrdən olan 40-a yaxın şəxsin göz müayinəsi təşkil olunub. Müayinələr “Batıgöz” klinikasının ixtisaslı həkim heyəti tərəfindən müasir tibbi avadanlıqlar vasitəsilə yüksək dəqiqliklə aparılıb. Pasiyentlər ilkin diaqnostik yoxlamalardan keçirilib, onların görmə qabiliyyəti qiymətləndirilib, müxtəlif göz xəstəliklərinin olub-olmaması araşdırılıb. Eyni zamanda ehtiyac olan şəxslərə əlavə müayinələr, müalicə və əməliyyatlarla bağlı tövsiyələr verilib.

Tədbirin sonunda çıxış edən deputat Səbinə Salmanova bu sosial aksiyanın yüksək səviyyədə təşkilinə görə “Batıgöz” klinikasının rəhbərliyinə və tibbi heyətinə təşəkkürünü bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər