Sumqayıtdakı «Karvan» Ticarət Mərkəzində kütləvi qanun pozuntuları aşkar edilib

854

Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən «Qiymətli metallar və qiymətli daşlar haqqında» qanunun tələblərinə əməl edilməsi ilə bağlı aparılan yoxlamada Sumqayıt şəhərində yerləşən «Karvan» Ticarət Mərkəzində kütləvi qanun pozuntuları aşkar edilib.

Maliyyə Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, Sumqayıt şəhəri, 32-ci məhəllə ünvanında yerləşən «Karvan İK» MMC-yə məxsus «Karvan» Ticarət Mərkəzindəki satış sahələri fərdi sahibkarlıqla məşğul olan vətəndaşlara icarəyə verilir. Aparılmış müşahidələr göstərib ki, bu icarədarlar əhaliyə qiymətli metallar və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatlarının satışını həyata keçirir: «Bu fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduğunu nəzərə alaraq Xidmət tərəfindən Ticarət Mərkəzinin rəhbərliyinə lisenziya olmayan fərdi sahibkarlarla icarə müqaviləsi bağlamamağa və onlara satış yerləri ayırmamağa dair xəbərdarlıq məktubları göndərilib. «Karvan» Ticarət Mərkəzinin rəhbərliyi isə bu xəbərdarlıqlara məhəl qoymayıb, bununla da, ayrı-ayrı fərdi sahibkarların qanunsuz fəaliyyətinə şərait yaradıb. Eyni zamanda qeyd edilənlərlə əlaqədar lisenziya olmadan fəaliyyət göstərən fərdi sahibkarlar barədə vergi orqanlarına müraciətlər edilib».

Aparılmış yoxlama zamanı «Karvan» Ticarət Mərkəzində fəaliyyət göstərən 29 fərdi sahibkardan Samid Nüsrət oğlu Rzayev, Zöhrə Oruc qızı Allahverdiyeva, Rəfail Firuz oğlu Əliyev, Azad Namid oğlu Əlibalayev və Tərlan Seyidxan oğlu Yusubovun lisenziya aldıqları, qalan 24 nəfərin isə qanunsuz fəaliyyət göstərdikləri aşkar edilib. Qanunsuz fəaliyyət göstərən obyektlərdə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 4 076 ədəd zərgərlik məmulatı aşkar edilib. Yol verilmiş nöqsanlar ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanun pozuntusu aşkar edilmiş sahibkarlara inzibati xəta protokolları tərtib edilib. Tərtib edilmiş protokollar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilib.

«Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti istehlakçılara qanuni fəaliyyət göstərən sahibkarların xidmətlərindən istifadə etməyi tövsiyə edir. Bu onların maliyyə itkilərinə məruz qalmamalarına, eləcə də dövlət standartlarının tələblərinə cavab verən zərgərlik məmulatlarına sahib olmalarına şərait yaratmış olar», – deyə Nazirlikdən bildirilib.  Nicat Mustafayev – APA-ECONOMICS.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər