Sumqayıtdakı Kimyaçı Mədəniyyət Sarayında baş verən “yanğın” söndürülüb

2372

Aprelin 18-də Sumqayıt şəhərindəki SOCAR “Azərikimya” İstehsalat Birliyinin balansında olan Kimyaçı Mədəniyyət Sarayında növbəti yanğın-taktiki təlimlər keçirilib.

AZƏRTAC xəbər verir ki, tamaşa zalında konsert proqramını izləyən sumqayıtlılar şərti yanğın hadisəsinin şahidi olublar. Yanğından Mühafizə Xidməti (YMX) ilə obyektin mühəndis texniki heyətinin, növbədə olan işçi personalın və şəhərin müvafiq qurumlarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək məqsədi daşıyan təlimdə ilkin olaraq Mədəniyyət Sarayının rəhbərliyi şərti yanğın barədə Sumqayıt şəhər Yanğından Mühafizə Xidmətinə və “Etilen-polietilen” zavodunun dispetçerinə məlumat verib.

Sonra Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin hadisə yerinə gəlməsinə qədər görülməsi vacib olan işlərin icrasına başlanılıb. İnsanların təxliyə olunması üçün bütün ehtiyat qapılarının açıq saxlanılması təmin edilib, Mədəniyyət Sarayında quraşdırılmış yanğın su nasoslarından və ilkin yanğınsöndürmə vasitələrdən istifadə etməklə baş vermiş “yanğının” yayılmasının qarşısının alınması və söndürülməsi işləri həyata keçirilib.

Hadisə yerinə gələn Sumqayıt şəhər Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal öz funksional vəzifələri çərçivəsində tapşırıqların icrasına başlayıb, “alovun” sarayın digər hissələrinə yayılmasının qarşısının alınması, sarayda təhlükəyə məruz qalmış insanların təxliyə edilməsi, zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi və baş vermiş “yanğının” söndürülməsi işlərini müvəffəqiyyətlə yerinə yetiriblər.

Təlim başa çatdıqdan sonra aparılan əməliyyat tədbirlərinin nəticəsi və təlimin plan üzrə gedişatı rəhbərlik tərəfindən müsbət qiymətləndirilib, müvafiq qurumlara tövsiyələr verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər