Sumqayıtdakı qurğular, doğrudanmı, bir yəhudinin maliyyə maxinasiyasının qurbanı olub?

1123

«Acı dərə» kanalı üzərindəki bütün obyektlər söküləcək

Necə oldu ki, təmizləyici qurğunun gücü 200 min kubmetrdən 40 minə düşdü?

Yəqin ki, ötən illərin qış aylarında, xüsusilə yağmurlu havalarda Sumqayıtın küçələrinin Venetsiyanı xatırlatdığını – şəhərin böyük bir hissəsinin süni dəryalar içində üzdüyünü unutmamısınız. Amma təkcə bu haqda danışmayacağıq.

Xəzərə axıdılan çirkab suların təmizələnərək dənizə buraxılması, şəhərin su təchizatındakı problemlər, yağış sularını axıtmalı olan sistemlərin işə yaramaması və s. məsələlərlə bağlı suallarımızı cavablandırmaq üçün «Azərsu» Səhmdar Cəmiyyətinin Sumqayıt Su-Kanal İdarəsinin rəisi Əhliman Mansurov «Qonaq otağı»mızdadır. 

 

– Başlayaq şəhərin su təchizatından. Bu istiqamətdə vəziyyət necədir?

– Şəhərin su təchizatı beşinci mərtəbə səviyyəsində 24 saat həyata keçirilir. Beşinci mərtəbədən yuxarı mərtəbələrdə isə əsasən müəyyən qrafiklə – səhər və axşam su verilir. Şəhərin 80 faizi 24 saat su ilə təmin olunur. Və hazırda müxtəlif tədbirlər görülür ki, növbəti ilin may ayına qədər karroziyaya uğramış borular dəyişdirilsin, ümumiyyətlə, problemli məsələlər həllini tapsın və bütünlüklə şəhərə 24 saat su verilsin.

– Bu məsələnin yaxşı tərəfləri idi. Bəs problemli nöqtələr hansılardır?

– Problemlər Ceyranbatandan gələn, Saraydan daxil olan – şəhərə gələn 1000 mm-lik su xətti ilə bağlıdır. Həmin xəttin müəyyən hissələrində borular köhnəlib və bəzi ərazələrdə hətta su axıntıları baş verir, həmin xətdə təzyiqi artırmaq mümkün deyil. Bu problemin həlli üçün layihə hazırdır və təsdiqlənib. Bu xətt yeniləndikdən sonra təzyiq qaldırılacaq və şəhər 24 saat su alacaq.

– Dövlət başçısı Sumqayıtda olarkən şəhərin kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı müzakirələr aparılmışdı. Bəs bu istiqamətdə hansı işlər görülüb?

– Şəhərin Sahil küçəsi boyu 1000 mm-lik, təxminən7 kmuzunluğunda boru xətti quraşdırılır. Bu, çirkab suların dənizə axıdılmasının qarşısını almaq üçün nəzərdə tutulur. Həmin ərazidə təmizləyici qurğu tikilməliydi, hazırda da orada işlər davam etdirilir. Suyun bir hissəsi isə oradan nasosla təmizlənmək üçün bağlar ərazisindəki təmizləyici qurğuya ötürüləcək.

– Qurğulardan və kanalizasiya sistemindən söhbət düşmüşkən, bu iki layihə ümumilikdə nə qədər büdcə tutur?

– Bu işlər «Azərsu» SC-nin sifarişi ilə podratçı təşkilat tərəfindən həyata keçirilib və buna görə də mən bu rəqəmi deyə bilmərəm.

– Yəni bu, kommersiya sirri deyil, sadəcə sizin məlumatınız yoxdur, eləmi?

– Bəli, sadəcə bizdə bu barədə məlumat yoxdur. Pul vəsaitini «Azərsu» podratçı təşkilata ödəyib.

– Səhv etmirəmsə, qurğulardan hələ ki, yalnız biri işləyir.

– Bəli. Bu qurğu sutkaya 40 min kub metr su təmizləyir. Bu, o deməkdir ki,  şəhərin çirkab sularının 40-50 faizi təmizlənir.

– 6-ci mikrorayon ərazisindəki qurğunun aqibəti necə oldu?

– O qurğunun tikintisi hələ ki, yerinə görə dayandırılıb. Ancaq Xəzər bağları ərazisində yerləşən qurğunun gücünün artırılması istiqamətində işlər görülür. Məqsəd bütün suların məhz bu stansiyaya qəbul olunmasıdır.

– Söylədiniz ki, tikinti qurğunun yerinə görə dayandırılıb. Problem konkert olaraq nədədir?

– Hazırda podratçı təşkilatlar bunu araşdırırlar. Bu suala cavab verməkdə çətinlik çəkirəm. Bildiyimə görə, bu, dənizlə, eyni zamanda həmin ərazidə qrunt suların axması ilə bağlıdır. Hər halda, problemin həlli üçün araşdırmalar, işlər davam etdirilir.

– Bəs işləyən qurğunun gücü nə qədərdir?

– Bu qurğunun gücü 80-100 min kub metr arasındadır.

– Bəs nəyə görə bu qurğu 40 min kub metr suyu təmizləyir?

– Çünki qurğu hələ ki, tam gücüylə işləmir, podratçı təşkilat tam olaraq qurğunu bizə təhvil verməyib.

– Podratçı təşkilat hansıdır?

– Bu, «Hidro-Lotus» təşkilatıdır.

– Bu qurğunun əvvəlcə 200 min kub metr suyu təmizləyəcəyi deyilirdi. Ancaq sonra məlumat yayıldı ki, onun gücü 47 mindən artıq deyil. Bu qədər fərq hansı səbəbdən yarandı?

– Mütəxəssislər tərəfindən aparlıan tədqiqatlar nəticəsində aydın oldu ki, onun gücü 200 min ola bilməz. Bu qurğu yalnız 80-100 min suyu təmizləyə bilər. Hazırda bu stansiyasının gücünün artırılması üçün işlər aparılır. Bu işlər 6-ci mikrorayondakı stansiyadan suyun qəbul olunmasını da nəzərdə tutur. Bütün bunlar 2013-cü ildə sona çatacaq.

– Bəs bu rəqəm haradan yaranmışdı? Dediyiniz təhlillər daha öncə aparılmamışdımı?

– Bəli, təəssüf ki, əvvəlki podratçı təşkilatlar bu cür rəqəmlər səsləndirmişdilər. Ancaq sonradan məlum oldu ki, bu rəqəm real deyil. Görünür, hesabatlarda səhvlərə yol verilib.

– Bu yanlışlığın səbəbi bir yəhudinin malliyyə maxinasiyası deyil ki? Hər halda belə bir məlumat da var.

– Xeyr, bu yanlış məlumatdır. Bu layihədə Amerika və Gürcüstan şirkətləri işləyiblər.

– Bildiyiniz kimi şəhərimizdə və onun ətrafında fərdi evlərin sayı kifayət qədər çoxdur. Və bu evlərin əksəriyyətinin su təchizatı onların özləri tərəfindən, fərdi şəkildə aparılıb. Hesab etmirsiniz ki, bu sonrakı illərdə əlavə problemlərin yaranmasına səbəb olacaq? Həmin ərazilərdə vahid su xəttinin çəkilişi daha optimal qərar olmazdımı?

– Bu barədə «Azərsu» tərəfindən məsələ qaldırılıb. Bildirilib ki, həyət evlərinin şəbəkəsi işlənməlidir. «Azərsu» rəhbərliyi tərəfindən ümumiyyətlə bütün Sumqayıtın su təchizatının yenidən layihələndirilməsi barədə tapşırıq verilib. Layihəçilər həm su təchizatı, həm kanalizasiya, həm yağış qəbulediciləri, həm də drenaj sisteminin yenidən qurulması ilə bağlı layihələndirmə işləri aparırlar.

– Ötən illərdə yağışlı havalarda əməkdaşlarımız şəhərin müxtəlif hissələrindən keçilməz su gölməçələrinin şəkillərini gətirirdilər. Biz bu ildəmi bu cür şəkillər dərc edəcəyik?

– Düşünürəm ki, bu il bu cür problem olmayacaq. Bu istiqamətdə müəyyən qabaqlayıcı tədbirlər görülüb: yeni yağış qəbuledici xəttlər tikilib, yağışlı havalarda daha çox problem yaradan «Acı dərə» kanalının daşmaması üçün təmizləmə işləri aparılıb, kanalın suyunun ötürülməsi üçün əlavə 1000 mm-lik yeni xətt çəkilib.

– «Acı dərə» kanalının izolyasiya olunması ilə bağlı plan var idi. Bu məsələ yenə aktual olaraq qalırmı?

– Bu kanal açıq kanaldır, üzərində isə xeyli kommersiya obyektləri var. Bu kanalın izolyasiya olunması üçün üzərindəki obyektlər sökülməlidir. Şəhər rəhbərliyinin, eləcə də «Azərsu»nun birgə təhlillərindən sonra qərara alındı ki, burada hələlik əlavə xəttlə kifayətlənmək lazımdır. Bu xəttin çəkilməsindən sonra kanal normal şəkildə işləyir, artıq kanalın daşması baş vermir. Ancaq, hər halda, bu kanal boruya salınacaq.

– Bəs borunun üzərində olan obyektlərin taleyi necə olacaq?

– Onlar yəqin ki, söküləcək. Bu kanalın boruya salınmasının layihəsi artıq hazırdır. Əgər gələn il bunun üçün maliyyə vəsaiti ayrılsa, bu işə başlanılacaq. Şəhərin «Sülh» küçəsini tez-tez su basması da bu kanalın daşmasının nəticəsi idi. Əlavə xəttin çəkilməsi və yeni yağış qəbuledicilərin qoşulmasından və əvvəlki qəbuledicilərin təmizlənməsindən sonra inanırıq ki, belə bir problem olmayacaq. Vətəndaşlarımız da bu işlərdə bizlərə yardım etməlidir. Qəbuledicilərin içinə hər nə gəldi atıb, onları çirkləndirmək olmaz. Təəssüf ki, bəzən onların qapaqları da oğurlanır. Vətəndaşlar bizə sayğaclaşma işində də kömək etmirlər, xüsusilə həyət evində onlar bu prosesin gedişinə mane olurlar, işlədilmiş suyun pulunu ödəməkdən boyun qaçırırlar.

– Bilmək istərdik, kommersiya obyektləri daha yaxşı ödəyicidir, yoxsa vətəndaşlar?

– Bizdə kommersiya obyektləri yüz faiz ödəniş edir. Doğrudur, bəzən smart kart sisteminin qoşulması ilə bağlı problemlər yaşanır, ancaq ümumilikdə kommersiya obyektləri yüz faiz ödəmə aparır. Əhali sektorunun ödəmələrində isə problemlər var.

– Bu baxımdan ən aşağı göstəricilər şəhərin hansı ərazilərindədir?

– Ən aşağı göstəricilər həyət evlərindədir – Yaşıldərə ərazisi, Xəzər bağları, Metallurq bağları, Tuqzavod, Stansiya Sumqayıt ərazisi, Tağıyev qəsəbəsi. Yaşayış binaları isə 80-85 faiz ödəmə aparırlar.

– Dövlət qurumları necə? Ödənişlərlə bağlı onlarla problem olmur ki?

– Yox, elə bir problem olmur. Yalnız Yaşıllaşdırma İdarəsi suyu çox götürür, sonra isə ödəniş edə bilmir. Bu idarənin su götürdüyü mənbələrdə də artıq smartkart sayğaclarının quraşdırılmasına başlamışıq.

– Yaşıllaşdırma idarəsinin borcu nə qədərdir?

– Ümumilikdə onların borcu 296501 manatdır.

– Şəhər icra başçısının iştirakı ilə keçirilən toplantılarda «Azərsu» sayğaclaşdırmanın ləng aparılmasına görə tənqid olunub.

– Çünki bizdə sayğaclaşdırma əhali üzrə 66 faizdir. Qısa zamanda bu problemi həll etmək çətindir. Çünki əksər ərazilərdə şəbəkə yoxdur. Hazırda bunun üçün layihələndirmə işləri aparılır.

İlin 11 ayı ərzində Sumqayıt şəhəri ərazisində16 kmsu xətti yenilənib, ya da tamamilə dəyişdirilib. İki il bundan öncəyə qədər Sumqayıtda ildə heç 1-2 kmboru xətti dəyişdirilmirdi. İldən-ilə «Azərsu»nun Sumqayıta qoyduğu investisiya artır: xətlərin, su stansiyalarının yenilənməsi, yeni nasosların qurulması, digər yenidənqurma işləri və s. üzrə ciddi işlər aparılır.

– Bu yaxın dövrələrə qədər «Azərsu» ilə «Sumqayıtelektrikşəbəkə» arasında borc qalmaqalı yaşanırdı. Bu sarıdan vəziyyət necədir?

– Bu sarıdan vəziyyət normallaşıb. Eldar müəllim Əzizovun müdaxiləsindən sonra bu problem yoluna qoyulub. Doğrudur, biz də borcumuzun bir hissəsini ödəmişik, ancaq istifadə olunan suyun haqqı əhali tərəfindən tam ödənilmədiyindən biz də işığa görə borcumuzu ödəməkdə çətinlik çəkirik. Hazırda onların da bizə borcu var, təxminən bir milyona yaxın.

– «Azərsu» Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə də əməkdaşlıq edirdi. Bu əməkdaşlıq davam edirmi və nə qədər səmərəlidir?

– Bəli, bu əməkdaşlıq davam edir. Əsasən laboratoriyalarla bağlı bizim əməkdaşlara təlimlər keçilirdi. Hesab edirəm ki, bu əməkdaşlıq olduqca faydalıdır. Onlar bizə müəyyən analizlərin aparılması üçün bəzi avadanlıqları da verirlər.

 

 

Söhbətləşdi: Vüsal Məmmədov, “168 saat” qəzeti

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər