Səadət Akifqızı, AZADLIQ RADİOSU
Sumqayıta «fəhlə» adını gətirən zavodlar ləğv oluna bilər. Bəzi ekspertlər «Azərkimya» Dövlət Şirkətinin Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyinə verilməsi nəticəsində bu prosesin baş verəcəyini proqnozlaşdırırlar.
«Azərkimya»ya daxil olan zavodların bəzi işçiləri isə əksinə, minlərlə fəhlənin iş yeri kimi göz tikdiyi bu müəssisələrin öz fəaliyyətini gücləndirəcəklərinə ümid edirlər.
Ölkə prezidenti İlham Əliyevin sərəncamıyla «Azərkimya» Dövlət Neft Şirkətinə verilib. Sərəncamda bu addım neft-kimya sənayesində idarəetmənin təkmilləşdirilməsi ilə izah edilir.
Bəs zavod işçiləri, ekspertlər bu sərəncamı necə qiymətləndirirlər?
Sintez-Kauçuk Əavodunun baş mexaniki Zahid Şıxəliyev deyir ki, işçilər bu addımı razılıqla qarşılayıblar. Çünki əvvəllər də neft-kimya sənayesi bir rəhbərlik tərəfindən idarə olunub:
– Neftimiz dünya bazarında yaxşı qiymətə qalxır. Yəqin ki, bizim prespektivimiz də yaxşı olar.
YƏQİN Kİ, ƏMƏK HAQLARINI VERƏRLƏR
2006-cı ildə işdən çıxarılan və indiyə kimi də əməkhaqqını ala bilməyən Bəxtiyar Abbasov da ümid edir ki, yeni birləşmə maaşlarını ala bilməyənlərin də üzünə güləcək:
– Yəqin ki, əmək haqlarını verərlər. Mənim 4 illik maaşım qalıb orda. Bütün məhkəmələri udmuşdum, amma sonra cavabdeh şəxslər bir ildən sonra bu qərarı Ali Məhkəmənin Plenumuna çıxardılar və qərar ləğv olundu. İndi işim Konstitusiya Məhkəməsindədir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, «Azərkimya» keçmiş sovet məkanındakı bazarlarını itirməyə başlamışdı. Onun fikrincə, 2006-cı ildə elektrik enerjisinin qiymətinin qalxmasından sonra vəziyyəti daha da pisləşən şirkəti Nazirlər Kabinetinin etdiyi güzəştlər də (qiymət artımı dövlət müəssisəsi kimi bu şirkətə şamil olunmamışdı) ayağa qaldırmadı. Ekspertə görə, bundan sonra başlayan çökmə sonda belə bir sərəncamın verilməsinə gətirib çıxardı. İlham Şaban onu da deyir ki, vahid idarəetmənin müsbət tərəfləri danılmazdır, ancaq:
BÜROKRATİYA BÖYÜYÜR
– Vertikal tipdə idarəetmənin həyata keçirilməsi biznesin effektliliyini azaldan səbəblərdən biridir. Çünki artıq bürokratiya böyüyür, məsələlərin həyata keçməsi ləngiyir.
İlham Şaban
Xarici təcrübəni misal gətirən İlham Şaban deyir ki, neft biznesiylə məşğul olan qərb dövlətlərində hasilat, emal və satış bir mərkəzdə birləşsə də, hər birinin rəhbərliyi müstəqil davranır:
– Adətən bu qurumlar səhmləşdirilmiş şirkətlər olur. Biznesdəki uğuru da, istehsalatdakı uğuru da hiss edirlər. Uğursuzluq şirkət rəhbərliyinin işini itirməsinə gətirib çıxarır. Azərbaycanda isə belə bir model yoxdur.
İlham Şabanın fikrincə, «Azərkimya»nın Dövlət Neft Şirkətinin tərkibinə verilməsindən sonra Sumqayıtdakı müəssisələr ləğv olunacaq. Çünki hökumət neft-kimya sənayesiylə bağlı böyük bir layihə həyata keçirməyə hazırlaşır və bu müəssisələrin funksiyaları da daha müasir formada salınacaq kompleksə köçürüləcək.
İlham Şaban ixtisarların olacağını da istisna eləmir. Yeri gəlmişkən, «Azəriqaz» QSC Neft Şirkətinin tərkibinə veriləndən sonra onun ayrı-ayrı yerli idarələrində kütləvi ixtisarlara başlanmışdı.
Ancaq «Azərkimya»nın işçiləri ixtisarlardan narahat deyillər. Sintez-Kauçuk Zavodunun baş mexaniki Zahid Şıxəliyevin fikrincə, hətta müəssisələr Sumqayıtdan köçürülsə də, bir mütəxəssis kimi onlara ehtiyac olacaq.
BU İŞÇİLƏRİN MARAQLARINA UYĞUNDUR
Milli Məclisdə Sumqayıtı təmsil edən deputatlardan biri İkram İsrafil də nəticəsindən asılı olmayaraq, «Azərkimya»nın Dövlət Neft şirkətinə verilməsini müsbət addım sayıb və onun fikrincə, bu işçilərin maraqlarına uyğundur:
– Son dörd ildə «Azərkimya»da yaşayan insanların vəziyyəti, imkanları nəinki yaxşılaşıb, əksinə pisləşməyə doğru gedib. Bəzi işçilər əsasız yerə işdən çıxarılıb.
«Azərkimya»nın gələcək fəaliyyətinə gəlincə, ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirir ki, Nazirlər Kabineti bir ay ərzində şirkətin statusunu müəyyənləşdirəcək. Onun sözlərinə görə, «Azərkimya»nın Dövlət Neft Şirkətinin strukturunda hansı qisimdə, necə təmsil olunacağı dəqiqləşməlidir.