Bir neçə gün bundan öncə Sumqayıt şəhəri dostluq və əməkdaşlıq əlaqələri qurduğu Çin Xalq Respublikasının Myenyan şəhərinə koronavirus təhlükəsi ilə mübarizə məqsədi ilə böyük miqdarda humanitar yardım göndərib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan yardıma 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min milli litr spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramin daxildir. Hansı ki, indiki situasiyada Çinin bir ədəd maskaya və ya 50-100 qramlıq spirtə belə böyük ehtiyac duyduğu bu ölkədən gələn xəbərlər sırasındadır.
Ölkəmiz adına qürurverici davranış…
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Çinə göstərdiyi bu dəstək şübhəsiz ki, ümumilikdə ölkəmiz adına qürurverici bir addım, örnək bir davranışdır. Hansı ki, bu addım Azərbaycanın ondan min kilometrlərlə uzaqlıqda yerləşən dövlətlərin, xalqların problemlərinə, üzləşdiyi faciə və fəlakətlərə nə dərəcədə həssas yanaşdığını ortaya qoyur. Bu addım göstərir ki, Azərbaycan xalqı milli problemləri ilə yanaşı, bəşəri problemlərə də eyni qayğı və həssaslıqla yanaşır, insan faktoruna, insan amilinə öz sərhədləri xaricində də böyük önəm verir. Məhz bu baxımdan Sumqayıt şəhərinin Çinin Myenyan şəhərinə yolladığı humanitar yardım sadəcə Çin insanının həyatını qurtarmağa edilən cəhd kimi qiymətləndirilə bilməz. Bu, həm də Azərbaycanı bütün dünyada, eləcə də Çin kimi böyük bir ölkədə bir kəs daha humanist bir dövlət kimi təbliğ etmək, ona beynəlxalq rəğbəti artırmaq, vətənimizin imicini yüksəltmək deməkdir.
Bu baxımdan şübhəsiz ki, hər birimiz Sumqayıt Şəhər İcra Hakimiyyətinə minnətdar olmalı, ölkə başçısının humanist siyasətini öz fəaliyyətində praktiki surətdə ortaya qoyduğu üçün onu alqışlamalıyıq.
Sumqayıt sadəcə Çini xilas edir, yoxsa bütün bəşəriyyəti?
Şübhəsiz ki, Suqmayıt şəhərinin Çinə göstərdiyi bu dəstək onun sadəcə Çin insanını deyil, bütün bəşəriyyəti xilas etmək cəhdi kimi qiymətləndirilməlidir. Çünki məşhur kəlamda deyildiyi kimi, “bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etmək deməkdir”. Bu mənada Suqmayıtın Çinin Myenyan şəhərinə göstərdiyi humanitar yardım bütün bəşəriyyətə göstərilən, bütün yer üzünün xilasına hesablanan addım kimi alqışlanmalıdır.
Heç şübhə yoxdur ki, gec-tez Çin və dünya səhiyyəsi koronavirus bəlasının da qarşısını alacaq, bu fəlakətdən də xilas yolunu müəyyənləşdirəcəkdir. Koronavirusla ölüm-dirim mübarizəsi başa çatandan sonra yaxın keçmişin ağrıları, acıları ilə yanaşı, yada salınan yeganə işıqlı xatirə isə Sumqayıtın Azərbaycan və insanlıq adına Çinə göstərdiyi yardım, bu yardımın xilas etdiyi minlərlə insan həyatı olacaq…. Əslində, ölkəmiz və xalqımız adına yaraşan da məhz budur!
Seymur ƏLİYEV