Vətən Müharibəsi bitdikdən sonra hər kəs öz rayonu və kəndinə getmək haqda düşünürdü. Cənnət Qarabağın dilbər guşəsi Şuşa isə hər kəsin qəlbində talisman rolunu oynayırdı. Azərbaycan adlı ulu əcdadın ürəyi kimi ürəklərə yol tapan bu kiçik şəhər xüsusi təyinatlı qüvvələr üçün ən çətin- dağ və şəhər döyüşlərinin birgə taktiki-əməliyyat planı nəticəsində öz əcdadlarına qovuşaraq 28 ildən sonra dərindən nəfəs alıb, göz yaşlarını silməyi bacardı.
Vətən Müharibəsinin major nöqtəsi kimi tarixə qovuşan Şuşa çoxlarının yolunu gözləyirdi. Avqustun cırhacır, qorabişirən vaxtında bizə də Şuşaya getmək qismət oldu. Həm 1-ci, həm də Vətən Müharibəsinin iştirakçısı, Azərbaycan Bayrağı Ordenli Zahir Həsənov bizim sevincimizin reallaşması üçün uzun müddət əziyyət çəkməli oldu. Açığı, naviqasiya proqramının Sumqayıtdan Şuşaya qədər olan məsafəni 400 km-dən çox göstərməsi belə, Şuşaya görə gözümüzə görsənmirdi. Yola çıxan heyətdə zabit, YAP nümayəndəsi, həkim və jurnalistin yer alması yolboyu ağzıqıfıllı sakit oturacağımız anlamına gəlmirdi. Şuşa sevincindən dolayı, söhbətlərə əlavə olunan yumoristik epizodlar bizi darıxmağa qoymurdu. Yolüstü ağ gilas mürəbbəsi ilə təqdim olunan çay isə yoldaşlığın səmimiyyətini artırmağa hesablanmışdı.
Hadrutun dolanbac yolları, məskunlaşmağa yararlı kəndlər
Beləcə işğaldan azad olunmuş Füzuli ərazisinə daxil oluruq. Ətrafa göz gəzdirəndə Şuşaya doğru uzanan Zəfər yolu və alternativ Zəngəzur yolunda görülən işlər diqqət çəkir.
Füzuli viran görünsə də, Hadruta doğru kəndlər – Tağ, Tuğ, Dominin yaşamaq üçün normal vəziyyətdə olduğu sezilir. Dolanbac yollarla mənzələri seyr edirik. Ərgünəş dağında avtomobili saxlayıb, böyürtkənliyə hücum çəkirik.
Dostumuz Emin Əliyev öz fotoaparatını işə salır. Ucadan Səməd Vurğunun Azərbaycan şeirindən aşağıdakı parçanı səsləndirmək istəyirəm.
Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr…
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin
Amma komandir Həsənov “tez olun, böyürtkəni yekunlaşdırın, yolumuz uzundu” deyərkən özümüzü əsgər kimi hiss edirik. Bu arada yerdə qalmış erməni əsgərinin şalvarı diqqət çəkir. Zahir Həsənov 05.01.1994-cü il Horadiz əməliyyatını yada salaraq qeyd edir ki, “Biz Horadiz əməliyyatından sonra Füzuli rayonunun Horadiz qəsəbəsi və 22 kəndi işğaldan azad edəndə ermənilər rabitəyə çıxaraq, “Sevinmə, gör sənin başına nə oyun açacağıq” dedi. Mən isə ” vaxt gələcək, gəlib sizin şalvarınızı əyninizdən çıxaracağıq” dedim. Şükr, mən dediyim icra olundu. Emin komandirin əlində olan erməni əsgərinin şalvarını da fotoaparatın yaddaşına köçürür.
Səfərə çıxan heyət üzvləri hərəsi bir sahənin adamı olduğundan müzakirələr qızışır. Yol çəkilişi və onun keyfiyyəti haqda Emin Əliyev izahatlarından qalmır. Hətta köhnə iş yoldaşlarının bəzilərini də burda görür: “Hələ ki yol səthinin 1-ci qatı çəkilib, 2 qatı da çəkiləcək. Yolun bəzi hissələrində asfalt qatı tam döşənmədiyinə görə maillik yüksəkdi. Bu üzdən, tırları başqa xüsusi texnikalara qoşaraq Şuşaya çatdırırlar. Qış düşənə qədər yol tamamlanacaq ki, təminatda problem olmasın”. Görünən odur ki, Şuşa daxil bu ərazilər gələcəkdə turizm marşrutu olacağından yol çəkilişinə böyük diqqət ayrılıb.
Şuşa həyəcanı, İsa bulağında görüş
Sıx meşələr bol oksigen mənbəyi rolunu oynayır. Hündürlük artdıqca, eşitmədə nisbətən problem yaranır. Uzaqdan Daşaltı kəndi görsənir. Günorta saat 1-di. Arxa fonda Daşaltı kəndi olmaqla, bir neçə foto götürdükdən sonra Şuşa şəhərinin girişinə yaxınlaşırıq.
Bir tərəfdə Şuşa yazısı, yuxarısında isə Azərbaycan, Türkiyə bayraqları yer alıb. Əks tərəfdə rus sülhməramlıları ermənilərin Xankəndiyə giriş-çıxışına nəzarət edir. Azərbaycan əsgərlərinin dayandığı postu keçdikdən sonra həyatımda heç vaxt görmədiyim, amma Azərbaycan adlı ulu əcdadın ürəyi kimi qəbul etdiyim Şuşanı diqqətlə seyr edirəm. Şuşa qalası da dayanmaq üçün münasib yerdi.
Zahir müəlllim binaları bir-bir təqdim edir. Erməni əsirliyindən azad edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasına gəlib çatırıq.
Avtomobilin təkəri boşalıb. Bir qədər fasilə verib, təkərə hava vururuq. Həsənov vaxt tapıb Xankəndi, Kərkicahan, Xocalı və Əsgəranı ardıcıllıqla bizə göstərir.
Şuşa alınarkən, qələbəmizin elan olunduğu binanı və Yuxarı Gövhər Ağa məscidini də ziyarət edirik.
Dualarımızı etdikdən sonra yolumuza davam edirik. Qədim tikililərin insanda yaratdığı müsbət ovqatdan qopmaq olmur. Hər tərəfdə tikinti-quruculuq işləri sürətlə davam edir.
Xüsusi təyinatlılar üçün ən çətin dağ və şəhər döyüşlərinin izləri Şuşada açıq-aşkar görsənir. Beşmərtəbəli binalarda pəncərə qırıqları, divarlarda olan güllə izləri Şuşada çox çətin yaxınməsafəli döyüşlərin getdiyinə işarə verir.
Artıq İsa bulağına doğru istiqamətlənirik. Yol yorğunluğunu çıxartmaq olar. Xurcunumuzu açıb təndir çörəyi, pendir, kolbasa, yumurta soyutmasını süfrəyə qoyuruq. İsa bulağının suyu da sıx meşənin içində insana cənnət həzzi yaşadır. Hər kəs öz doğmalarına zəng edərək buraların necə gözəl olduğunu nümayiş etdirir.
Kimisi “kanistr”ə, kimisi də boş butulkalara su yığır.
Ordumuzun əsgərləri də yaddan çıxmayıb. Əsgərlər üçün apardığımız şirniyyat və siqaretləri onlar arasında bölürük.
Günorta saat 6 olar. Geri dönmək vaxtıdı, heç olmasa Füzuliyə alatoranlıqda çataq. Geri qayıdarkən yolda milli ordumuz tərəfindən vurulan, lüləsi və tırtılı bir-birindən 50-60 metr aralı düşən tankın tör-töküntüləri “bunu hansı silahla vurublar ?” debatına yol açır. Hadrutboyu yaşayışa yararlı evlər, gavalı, göyəm, üzüm sahələri buranın tezliklə məskunlaşmaga hazır olduğunu göstərir. Füzuli Hava Limanına istiqamət alıb, yekun işlərlə tanış olub, hərəkətə davam edirik.
Düzü, İmişlidən keçəndə yenidən təkər problemi yaşadıq. Bəxtimizdən qarşımıza sanki bizə qulluq etmək üçün hazır olan gənclər çıxdı. İçdikləri çayı bir kənara qoyub, tezliklə avtomobilin təkərinə girən yad cismi təmizləyib, havasını yenidən vururlar. Yolçu yolda gərək deyib, gecə saat 3-də Sumqayıta çatırıq. 23 saatlıq Şuşa səfəri beləcə yekunlaşdı.
Vüsal Hacısoy