Sumqayıt Regional Elektrik Təchizat İdarəsində ciddi islahatlar gözlənilir
Ötən il noyabrın əvvəllərində dövlət başçısının sərəncamı ilə “Sumqayıtelektrikşəbəkə” ASC ləğv olundu və bu struktur “Azərenerji” SC-yə birləşdirildi. Növbəti iki ay ərzində isə Sumqayıtdakı qurumun “Azərenerji” SC-nin tərkibinə birləşdirilməsi praktik olaraq davam etdirildi. İlin sonunda bu prosedurlar sona çatsa da proseslə bağlı söz-söhbətlər, gözləntilər tükənmək bilmədi.
Qısa zamanda “Azərenerji” SC-nin prezidenti Etibar Pirverdiyev öz komandasını Sumqayıtda yerləşdirməyə başladı. “Sumqayıtelektrikşəbəkə”nin İdarə Heyətinin sədri Mehman Mehdiyev isə gözlənildiyi yeni komandada yer almadı.
Onu da xatırladaq ki, “Sumqayıtelektrikşəbəkə”də ciddi investisiya layihələrini Beynəlxalq Bank maliyyələşdirirdi. Odur ki, bu qurumun fəaliyyətinə xitam verilənədək Beynəlxalq Bankın İdarə heyətinin sədri Cahangir Hüseynovla “Azərenerji” SC-nin prezidenti Etibar Pirverdiyev arasında ciddi çəkişmələr getmişdi. Bu mübarizənin sonralar bitdiyini də söyləmək olmaz. Belə ki, Bank birləşdirilmədən sonra təbii olaraq, “Sumqayıtelektrikşəbəkə”yə etdiyi yatırımları tələb etməyə başladı və bu iki güc arasında yeni qarşıdurma predmetinə çevrildi.
Budur, baş verənlər Sumqayıtın elektrik təchizatı sistemində daha bir yeni mərhələnin başlandığından xəbər verir. Redaksiyamıza etibarlı rəsmi mənbələrdə daxil olan məlumata görə, Sumqayıt Regional Elekrtik Təchizat İdarəsində ciddi kadr və struktur islahatları gözlənilir. Hətta məlumata görə, Sumqayıtelektrikşəbəkə”nin İdarə Heyətinin sədri Mehman Mehdiyev bu quruma rəhbər təyin ediləcəyi istisna edilmir. Bu günlərdə xarici ölkələrdən birində yüngül ürək əməliyyatı keçirən M.Mehdiyevin yaxın ətrafına növbəti ayda belə bir dəyişiklik olacağı barədə danışığı bildirilir.
Hər halda, gözləyək – şəhərdə nəyin baş verəcəyinə zaman aydınlıq gətirəcək.
Sabir Zöhraboğlu, “168 saat”