Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə əhalinin profilaktik müayinəsi davam edir. Xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etmək məqsədi daşıyan bu humanist aksiya Sumqayıt da yüksək səviyyədə həyata keçirilir. Bu məqsədlə şəhər icra hakimiyyətində xüsusi qərargah yaradılıb, qrafik tərtib olunub. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət həkim briqadaları yaradılıb.
Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən AZƏRTAC-a bildirilib ki, şəhərdə qeydiyyatda olan əhalinin 240 min 540 nəfəri fevralın 12-dən mayın 12-dək pulsuz kütləvi tibbi müayinədən yararlana biləcək. Profilaktik tibbi müayinələrin aparıldığı müəssisələr müəyyənləşdirilib və lazımi tibbi ləvazimatlarla təmin olunub. Belə ki, əhalinin tibbi müayinəsi şəhərin əsasən 9 tibb müəssisəsi tərəfindən həyata keçirilir. Əhali yerli telekanal və qəzetlər vasitəsilə tibbi müayinələrin aparılması barədə ətraflı məlumatlandırılıb.
Tərtib edilmiş qrafik əsasında şəhər ərazisində fəaliyyət göstərən səhiyyə ocaqlarına profilaktik tibbi müayinələr üçün müraciət edən hər bir pasiyent qeydiyyatdan keçirilir və həkim-mütəxəssislər tərəfindən ilkin müayinə aparılır. Tibbi göstəriş olduqda onlara köməkçi – instrumental tibbi müayinə tətbiq edilir və lazım gəldikdə, digər mütəxəssislərlə konsultasiya olunurlar.
Fevralın 12-dən martın 1-dək 45 min 358 şəhər sakini tibbi müayinədən keçib. Onlardan 3672-si ambulator, 227-si stasionar müalicəyə cəlb edilib, 4 nəfər isə cərrahi əməliyyat olunub.