Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə mədəniyyət işçilərinin Ağsaqqallar Şurasının üzvləri ilə görüşü keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Ağsaqqallar Şurasının, Sumqayıt Regional Mədəniyyət İdarəsinin, həmçinin ictimaiyyətin nümayəndələri iştirak edib.
Görüşdə son illər Sumqayıtda aparılan abadlıq və quruculuq işlərindən, inşa edilən mədəniyyət müəssisələrindən söz açılıb. Bildirilib ki, dövlətimizin başçısının mədəniyyət işçilərinə olan diqqət və qayğısı onları şəhərin 70 illik yubileyini daha böyük nailiyyətlərlə qarşılamağa ruhlandırır.
Şəhər ziyalıları da çıxışlarında Sumqayıtın 70 ildə keçdiyi tarixi yola nəzər salıb, son illərdə görülən işlərdən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarının ərazisi 1 kilometr də uzadılır. Hazırda 106 hektar olan bulvar ərazisinə daha 32 hektar əlavə edilir. Muğam Mərkəzi və kinoteatrın inşasına diqqət çəkən natiqlər sumqayıtlıların mədəni istirahətini təmin etmək üçün şəhərdə bütün lazımi şəraitin yaradıldığını və şəhərin sözün əsl mənasında, mədəniyyət mərkəzinə çevrildiyini vurğulayıblar.