Düşünürük ki, şəhərimizin əsas problemlərindən biri və bəlkə də birincisi buradan paytaxta üz tutan intellektual beyin və fiziki işçi qüvvəsidir. Əslində, sovetlər dövründə belə bir problem yox idi, çünki Sumqayıtda kifayət qədər iş yeri vardı, zavod və fabriklər tam gücü ilə işləyir, hansısa ali məktəbi, yaxud texnikumu bitirən gənc kadr mütləq işlə təmin olunurdu. Müstəqilliyin ilk illərində sovetin bir çox idolları kimi, iri istehsalat müəssisələri də fəaliyyətlərini dayandırdı və şəhərimizin sakinləri məcburən Bakıya üz tutmalı oldular. Baxmayaraq ki, bundan kifayət qədər vaxt keçib, lakin durum dəyişməyib. Bununla belə ölkəmizin hazırkı inkişafı fonunda şəhərimizdə də konkret iş yerlərinin açılması mümkün görünür və bu, sakinlərimizin çörəkpulu üçün kütləvi olaraq paytaxta üz tutmasının qarşısını alar. Sakinlərimiz arasında sosioloji sorğu keçirmək qərarına gəldik. Respondentlərimizə aşağıdakı suallarla müraciət etdik:
Sumqayıt sakinlərinin iş dalınca paytaxta üz tutmasının əsas səbəbi Sumqayıtda iş yerlərinin heç olmamasıdırmı? Bəs siz nə təklif edirsiniz? Bu axının qarşısını necə almaq olar? Sumqayıtda hansısa iş yerləri açmaq mümkündürmü?
İsmayıl Kərimov (Gənclər və İdman Bİ-də baş məsləhətçi):
– Bəlkə də iş yerlərinin sayının az olması paytaxta üz tutmanın motivlərindən biri ola bilər. Amma dəməzdim ki, bu, əsas səbəbdir. Nəzərə almaq lazımdır ki, paytaxt həm maddi, həm də informasiya baxımından resurs paylayıcıdır. İş seçimində karyera imkanları, gələcək əlaqələr, informasiya paylaşımı, biznes və iş mühiti, ixtisasın həmin coğrafi məkanın əmək bazarına uyğunluğu, iş axtaranların əmək bazarındakı sektorlara həvəsi və istəyi də önəmlidir. Bu baxımdan məsələnin sadəcə əmək bazarı aspektindən qiymətləndirməsini düzgün hesab etmirəm. Sualın ikinci hissəsinə gəldikdə isə, hesab edirəm ki, bu məsələ daha konseptual məsələdir. Bunun üçün məsələ ilə bağlı maraqlı şəxslər və əlaqədar qurumların birgə səyi və təklifləri lazımdır. Maraqlı qurumlar ortaya bir konsepsiya qoymalı və bu konsepsiya ilə birgə hərəkət etməlidirlər. Sualınızın üçüncü hissəsi daha çox urbanizasiya ilə bağlı bir məsələdir. Bununla bağlı mən sizə bir xarici ölkədən praktika gətirmək istəyərdim. 1946-cı ildə İngiltərədə hakimiyyətdə olan Leyboristler Partiyası paytaxt London və digər böyük şəhərlərə axının qarşısını almaq üçün kənd-şəhər layihəsini həyata keçirirlər. Bu layihənin əsas məqsədi ondan ibarət olur ki, kənd yerlərində sənaye-istehsalat obyektləri tikilsin və iş üçün insanlar kənddən şəhərə axın etməsinlər. Amma lazımi effekt alınmır və paytaxta axın yenə də davam edir. Sonra araşdırmalardan belə qənaətə gəlirlər ki, urbanizasiyanı şərtləndirən psixoloji amillər də mövcuddur və burada ictimai-mədəni muhitin də önəmli bir amil olduğu meydana çıxdı. Buna görə də, məncə, vəziyyəti təhlil etmədən nəsə bir qərar qəbul etmək düzgün olmazdı. Axının səbəblərini araşdırdıqdan sonra axının qarşısını almaq üçün tədbirlər görmək olar. O ki, qaldı sualınızın dördüncü hissəsinə əlbəttə ki, Sumqayıtda çox sayda iş yerləri açmaq olar. Amma əvvəlcə biznesin öz qanunauyğunluqları var – hər bir sektorun bazar analizi aparılmalı, bazarın tələbatları bilinməlidir. Bunları bilmədən iş yerləri açmaq mümkün deyil. Bu artıq iqtisadi araşdırmaçıların işidir. Onlar araşdırmalı və sonra hansı iş yerlərinin açılmasının şəhər iqtisadiyyatına töhfə verə biləcəyinə qərar verilməlidir.
Aytən Vaqifqızı (ABPK-nin tələbəsi):
– Şəhərimizdə hazırkı dövrdə insanların maddi cəhətdən iş fəaliyyətinin qaneedici olmadığını söyləmək istəyirəm. Ona görə də sakinlər iş dalınca çox təəssüf ki, paytaxt Bakıya üz tuturlar. Sumqayıt şəhəri daim zavod və fabrikləri ilə başqa şəhərlərdən seçilirdi. Buranın sakinləri də hər zaman işlək, daha bacarıqlı və daha potensiallı olublar. Mən bir gənc kimi söyləmək istəyirəm ki, Sumqayıt şəhərində sahibkarların maddi dəstəyi ilə yeni zavodların və hal-hazırda fəaliyyəti dondurulan yeni iş yerlərinin açılması bu axının qarşısını alar, sakinlər üçün də daha əlverişli olar. Onlar da paytaxt Bakıya üz tutmazlar. Sumqayıt kiçik Azərbaycandır. Gənclər şəhəri olan Sumqayıtımızı yeni uğurlar gözləyir, ümid edir ki, yeni icra başçımız Eldar Əzizov şəhərimizə yeni inkişaf tempi gətirəcək.
Aydın Kərimli (Sumqayıtın Tarixi Muzeyinin Ekskursiya aparıcısı):
– Məncə, Sumqayıtda iş yerləri kifayət qədərdir. «Axtaran tapar» məsəlini əsas gətirərək belə deyirəm. İndi gənclər «Ay, o işi istəmirəm, ay, bu işi istəmirəm» deyirlər. Məncə, bu düzgün fikir deyil, mənim ilk qazancım 10 manat olub. Bekar dayanıb gözləməmişəm, çalışmışam. Məncə, işləmək, əziyyət çəkmək gərəkdi. Mən sosiologiya ixtisasını bitirmişəm. Amma hal-hazırda çox təəssüf ki, öz peşəmlə məşğul olmuram. Bu sahəni bitirən gənclər işsizdir. Çünki bu sahədə iş yerləri yoxdur. Zənnimcə, bu sahəyə də diqqət yetirmək lazımdır. İstərdim ki, təkcə bir istiqamətdə – «neft sektoru» üzrə inkişaf olmasın, qeyri-neft sektoruna da bu gün kifayət qədər ixtisasını bilən insanlar var, amma işsizdir.
Nilufər Elçinqızı (ADPU-nun tələbəsi):
– Əsas səbəbi yəqin ki, iş yerlərinin azlığı və orada işləyib aldığın məvaciblə burda yaşayıb özünü təmin etməkdir. İstəməzdim ki, bu axının qarşısı alınsın, çünki onda mənim doğma, sakit şəhərim – Sumqayıtım Bakıdan fərqlənməyəcək. O ki, qaldı hansı iş yerlərinin açılması mümkündür məsələsinə, məncə, hər bir sahədə bu, mümkündür. Çünki bizim şəhər indi-indi inkişafa etməyə başlayır və hər bir sahəsində müəyyən qədər boşluq var.
Günel Mehdiyeva («DNS Komputers» mərkəzində marketinq meneceri):
– Sumqayıtda biz gənclər üçün iş tapmaq çətindir. Ən əsas problem isə odur ki, tapılsa belə, əməkhaqqı çox aşağı olur. Buna görə məcburuq ki, Bakıya üz tutaq. Sumqayıtda İT-i sahəsinə aid, səviyyəli mağazalar açmaqla satış menecerlərini işlə təmin etmək olar. İnşallah inanıram ki, gələcəkdə bu problemlər aradan qalxacaq.
Hacı Məmmədov («Gənclərin Həmrəyliyi» ictimai birliyinin sədri):
– Düzdü, Sumqayıtda iş yerləri kifayət qədər azdır. Yaxşı olardı ki, zavodlara, fabriklərə, kiçik müəssisələrə şərait yaradılsın. Ən əsası odur ki, savadlı, intellektual gəncləri seçə bilsinlər. Elə olmadığı təqdirdə həmin gənclər Bakıya üz tutacaqlar.
Eyvaz Qocayev (“Sumqayitxeber.com” saytının baş redaktoru):
– Bir zamanlar insanlar bura ona görə gəlmişdilər ki, zavodlarda çalışsınlar və ailələrini dolandırsınlar. Lakin məlum olduğu kimi zavodların fəaliyyətsizliyi şəhərdə işsizliyin daha da artmasına gətirib çıxartdı. İnsanların bir qismi ölkəni tərk edərək xaricə, daha dəqiq dəsək, Rusiya bazarlarında işləməyə üz tutdu. Bir qismi isə əlbəttə ki, paytaxta üz tutdu. Bu hallara normal yanaşmaq lazımdır. Yəni insanlar iş dalınca hara olsa üz tuturlar. Yetər ki, ailələrini dolandırsınlar. Yaxşı olardı ki, şəhərimizdə çoxlu iş yerləri açılsın. Qoy başqa regiondan bura iş dalınca gəlsinlər.
Son dövrlər “Azərikimya” istehsalat birliyi yeni iş yerlərinin açılacağını vəd edir. Bunu alqışlamaq lazımdı, lakin bununla da kifayətlənmək olmaz. Yeni iş yerlərinin açılması üçün imkanlar yaradılmalıdır. Əlvərişli şərait yaratmaq lazımdır ki, iş adamları bura yeni investisiyalar yatıra bilsinlər. İş adamları da nəzərə almalıdır ki, şəhərdə kifayət qədər işçi qüvvəsi var və buna uyğun olaraq da müəssisələr açılmalıdır. Bilirsiniz, araşdırmaq lazıdmır ki, hansi sahələrdə boşluqlar var, Sumqayıta daha çox hansı məhsullar daxil olur və bu malları burda istehsal etmək olarmı, ya yox? Ümumiyyətlə, bu məsələyə kompleks yanaşmaq lazımdır, bunun üçün şəhər rəhbərliyi də geniş tərkibdə işçi qurumları yaratmalıdır. Bura iş adamları və iqtisadi bilikləri olan insanlar cəlb olunmalıdır. Şəhərin bir nömrəli problemi işsizlikdir. Buna görə də daha çox bu istiqamətdə addımlar atmaq lazımdır.
Vüsal Məmmədov (YAP Sumqayıt Şəhər Təşkilatının üzvü):
– Mənim fikrimcə, bunu səbəbi Bakı şəhərinin mərkəz olması, əksər iş yerlərinin, ofislərinin orda yerləşməsi və əmək haqqının yüksək olmasıdır. Bunun qarşısını almaq üçün həmin iş yerlərinin hansı ki, mərkəzi ofisləri Bakıdadır, onların filiallarının Sumqayıtda açılması lazımdır. Bir də təbii ki, əməkhaqqı amili. Məsələn, Bakı şəhərində bir təhsil mərkəzində işləyən müəllimin maaşı, bizim universitet müəlliminin maaşından daha yüksəkdir. Təbii ki, bu amillər insanların Bakıya axınını çoxaldır.
Anar Fərəcbəyli (AzTV-nin əməkdaşı, rejissor):
– Sumqayıt sakinlərinin iş dalınca paytaxta üz tutmasının əsas səbəbi burada iş yerlərinin azlıq təşkil etməsidir. Bu axının qarşısını, məncə, normal məvacibli yeni iş yerlərin açılması ilə az da olsa, almaq olar. Mənim fikrimcə, Sumqayıtı azad iqtisadi regiona çevirmək mümkündür.
Günel Rəcəbova (İREX Sumqayıt İcma Məlumat Mərkəzinin rəhbəri):
– İstərdim ki, Sumqayıtda navastroykaların yerinə yeni fabrik, zavod, şirkət və digər müəssisələrin ofisləri açılsın. Hansı ki, işsiz olan və Bakıya gündəlik iş dalınca gedən Sumqayıt sakinləri orada işlə təmin oluna bilərlər.
Anar Dünyamalıyev (SDU-nun müəllimi):
– Nə vaxta qədər bu cəmiyyətdə insanlar öz peşəsinə uyğun işlə məşğul olmayacaq, o vaxta qədər də işsizlik davam edəcəkdir. Energetika ixtisasını bitirən – bankda mühasib, filologiyanı bitirən isə – qaz idarəsində mühəndis işləyəcəksə, nə keyfiyyət əldə olunacaq, nə də ki, işsizlik problemi aradan qalxacaqdır.
Kamal Almuradlı (AzTV-nin əməkdaşı, rejissor):
– Sumqayıtda iş yerlərinin olmaması və olan iş yerlərində də maaşın az olması üzündən Sumqayıt sakinləri paxtaxta üz tutur. Məncə, Sumqayıt azad iqtisadi zona olsaydı, şəhərimizin sakinlərinin Bakıya iş dalınca getməsinə ehtiyac olmayacaqdı. Şəhərimizin iqtisadiyyatının güclənməsi bütün sahələrə təsir edəcəkdir. Misal üçün, Antalya turizm mərkəzi olmaqla, digər sahaləri də inkişaf edirdi, süpürgəçilikdən tutmuş, teatrına qədər.
Sevinc Umudova (13 nömrəli orta məktəbin müəllimi):
– Bakı paytaxt şəhər olduğundan, böyük əraziyə, əhaliyə malikdir və ona görə də iş yerləri burada çoxluq təşkil edir. Sumqayıtdan fərqli olaraq, Bakıda bahalıqdır, amma işlədiyin işin əməkhaqqı da yaxşıdır. Axının qarşısını heç vaxt almaq mümkün olmayacaq. Çünki bütün dövlətlərdə paytaxtlara işçi axını çoxdur. Yeni iş yerləri açmağa, məncə, ehtiyac yoxdur, sadəcə Sumqayıtdakı zavod, fabrik və kiçik sexlər var ki, onların təmirə ehtiyacı var. Həmin iş yerləri bərpa olunsa, biz Sumqayıtlılara bəs edər.
Kəmalə Haqverdiyeva (13 nömrəli orta məktəbin müəllimi):
– Sumqayıtda iş yerləri və əməkhaqqının az olması işçi axınının Bakıya yönəlməsinə səbəb olur. Əgər Sumqayıtdakı iş yerlərində əməkhaqqı artırılsa, bu axının qarşısı az da olsa, alınar. Mənim fikrimcə, Sumqayıtda daha çox gənclərə vacib olan, gəncləri cəlb edən iş yerləri açmaq lazımdır.
Ruhəngiz Qocayeva (13 nömrəli orta məktəbin müəllimi):
– Sumqayıta nisbətən Bakıda əməkhaqqı yüksəkdir, ona görə də Sumqayıt sakinləri paytaxta üz tutur. İşsizlik problemini az da olsa, həll etmək üçün zavod və fabrikləri bərpa edib, yenidən işçilərin üzünə açmaq lazımdır. Bütün sahələrdə yaşlı nəslin vaxtında təqaüdə çıxmaması həm işçi sıxlığına, həm də universitet məzunlarının işsiz qalmasına səbəb olur.
Şəfa Rzayeva («Gənc müəllimlər» şurasının sədri):
– Sumqayıt sakinlərinin iş dalınca paytaxta üz tutmasının əsas səbəbi kimi mən onu deyə bilərəm ki, digər region və şəhərlərimizə nisbətən Bakıda əməkhaqqı yüksəkdir. Bundan başqa paytaxt olduğu üçün hansısa cazibənin, bəlkə də müasir mühit, daha inkişaf etmiş atmosferin Bakıda olduğunu dana bilmərəm. Məncə, Sumqayıtda kifayət qədər iş yerləri var. Sadəcə, bu iş yerlərinin müasir texnologiyalarla təchiz edib zamanın tələbinə uyğun işlətmək lazımdır. Yeni açılan iş yerlərinə Sumqayıt sakinlərinin cəlb olunması isə əsas məqsəd olmalıdır. Diqqət yetirsək görərik ki, bütün xarici şirkətlər, böyük müəssisələr Bakıda yerləşir. Elə o müəssisə və şirkətlərdə kifayət qədər savadlı sumqayıtlı gənc kadrlar çalışır. Məncə, Sumqayıtda həmin gənclərə şərait yaratsaq, onlar Bakıya üz tutmazlar, elə Sumqayıtda işləyərlər.
Ramil Zeynallı (Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin əməkdaşı):
– Əsas iş yerləri Bakıda cəmləşdiyindən işləmək istəyənlər daha çox paytaxtda çalışmağa üstünlük verirlər. İlk növbədə onu qeyd edim ki, Bakı karyera imkanlarını artırmaq və vəzifə yüksəlişi baxımından daha əlvərişlidir. Paytaxtda işləyən insanlar yeni imkanlar arayır və bu istiqamətdə onların axtarışları müsbət nəticə verir. Sumqayıta gəldikdə isə, şəhərimizdə mövcud olan iş yerləri daha çox istehsal sahələrindədir. Gənclərin əksəriyyəti isə inzibati sahələrdə işləməyə can atırlar. İstehsal sahələri ilə yanaşı inzibati idarəetmə sahəsində də yeni iş yerləri açılsa, məqsədəuyğun olar.
Paytaxtda çalışan insanlar gələcək perspektiv baxımından Bakını yüksək qiymətləndirirlər. Paytaxtla müqayisədə şəhərimizdə mövcud olan iş yerlərində əməkhaqqı da aşağı səviyyədədir. Başlıca olaraq bu tendensiyanı aradan qaldırmaq lazımdır. Müvəqqəti deyil, daimi iş yerinin açılması lazımdır.
Aynur Məhərrəmova (SDU-nun tələbəsi):
– Sumqayıtda iş yerləri var, ancaq əməkhaqqı çox aşağıdır. Bəzi iş yerlərində isə işçiyə əmək kitabçası açılmır. Mən istərdim ki, əmək kitabçası açılan iş yerləri Sumqayıtda çox olsun. Bildiyimə görə, Sumqayıtın radiosu da yoxdur, radio açılıb işçi qəbulu olsaydı, əla olardı. İstərdim Sumqayıtımızın əla telekanalı olsun və ora yeni, perspektivli jurnalistlər götürülsün. Bizim isə bir kanalımız var, adam baxmaq istəmir, aparıcılara baxanda adam xəcalət çəkir. Nə danışıq qabiliyyətləri var, nə də ki, normal, baxımlı verilişləri.
İstərdim ki, yeni zavodlar açılsın (konfet, sabun və ona oxşar elə məhsullar istehsal etsin ki, zəhərli tüstüsü az olsun). Yeni tikiş fabrikləri, müasir tələblərə cavab verən mağazalar açılsın və ora Sumqayıt sakinləri işə götürülsün.
Elmir Ağayev
P.S. Ölkəmizin dövlət büdcəsi əsasən sosial və infrastruktur yönümlüdür. Sumqayıtda isə bu siyasi kursun infrastruktura yönəlik elementləri daha çox görünür. Gəlin ümid edək ki, ən qısa zamanda şəhərimizdə sosialyönümlü layihələri daha çox görəcəyik.
sumqayitdan bakiya islemeye gedenlerin ekseriyyeti ustalar ve fehlelerdir.hal-hazirda sumqayitda baslayan tikintiler haqqinda sumqayit kanalinda elan verilse mence ela olar.binalarin fasadlarinin yenilenmesi,parklarimizin abadlasdirilmasi bu islere misaldir.sumqayit hemise isci quvvesi ile secilib.bu islere elanlar verilse sumqayit genclerinin is bacariqlari yeniden ortaya cixar.diqqetinize gore sag olun.