Sumqayıtın bugününü kaş görəydin, Ata! - SUMQAYIT 70

2077

Bugünkü Sumqayıt sənin bir vaxtlar gördüyün Sumqayıt deyil…

Sən Sumqayıtı çox sevirdin, Ata!.. Bəlkə də, oğlun və yaxın qohumların bu şəhərdə yaşadığına, ilk nəvən bu şəhərdə dünyaya göz açdığına görə. Tez-tez gələrdin Sumqayıta  – bayramlarda, nəvələrinin ad günlərində… Sumqayıta gəlişin sənin üçün də, bizim üçün də toy-bayram olardı.

Uğrunda vuruşduğun Qələbə günü – 9 may ərəfəsində Rusiya və  Ukraynadakı döyüş dostlarının dəvətilə onlarla görüşmək üçün də əvvəlcə Sumqayıta gəlib, burdan yola düşərdin gəncliyinin döyüşlərdə keçdiyi o yerlərə. Bir müddət o yerləri gəzib-dolansan da, dörd illik ağır döyüş yollarını birgə keçdiyin veteran dostların səni əziz qonaq kimi qarşılayıb, ehtiramla, hədiyyələrlə yola salsalar da, rayona – kəndimizə qayıdanda özünlə hökmən çox sevdiyin 5-10… Sumqayıt çörəyi də alıb aparardın: bəlkə də hələ bir-neçə gün də Sumqayıtın ətrini-dadını duymaq üçün. Mənə də həmişə tapşırardın ki, kəndə gələndə hökmən Sumqayıt çörəyi alıb gətirim…

 Bəli, sən Sumqayıtı çox sevirdin. Onun geniş, yaşıl küçələrini, sahil parkını gəzib, istirahət etməyi, bizimlə birgə dənizin ləpədöyəninə qədər gedib, yodla zəngin təmiz dəniz havasıyla nəfəs almağı xoşlayırdın.

Hərdən Bakıya da gedərdik. Dincəlmək üçün yolumuzu bulvara da salardıq. Orda nəvələrinlə gəzmək sənə başqa bir zövq verərdi. Paytaxt bulvarında uşaqların bir-birindən maraqlı əyləncə qurğuları və oyuncaqlarında əylənib-şənləndiklərini görərək, nəvələrinin də orda sevinclə oynadıqlarına baxıb fərəhlənsən də, onların bakılı uşaqlara həsədlə baxdıqlarını da yəqin ki sezməmiş deyildin. Axı, Sumqayıtda uşaqların o cür əylənə biləcəyi, böyüklərin də onlarla birgə rahatlıqla dincələ biləcəyi elə bir bulvar yox idi. Sən də, elə nəvələrin də sumqayıtlı uşaqların əylənməsi üçün doğma şəhərdə bulvarın olmamasına fikrən təəssüf edər, Sumqayıta bir az həvəssiz qayıdardınız… Sən yol yorğunu olardın və yəqin ki o zaman düşünürdün ki, axı belə bir gözəl bulvar niyə Sumqayıtda olmasın ki, xeyli vaxt itirib, Bakıya getmək lazım gəlsin? Axı, bu gözəl şəhərin də kilometrlərlə uzanıb gedən, bulvar yaradılmalı geniş dəniz sahili var. Qəlbən çox təəssüf edirdin yəqin.

İndi isə mən təəssüf edirəm ki, çox sevdiyin bu şəhərin sahil boyunca uzanıb gedən, gözəlliyi, füsunkarlığı ilə göz oxşayan Sumqayıt bulvarının gözəlliyini görmək, o böyük sevinci duymaq sənə nəsib olmadı…

Sumqayıt bulvarı – şəhərin brendi, vizit kartı

Kaş görəydin ki, indi Sumqayıtın özünün yerlərə-göylərə meydan oxuyan, brilyant boyunbağı kimi bütün sahil boyu uzanıb gedən (4 km-dən uzun. İndi daha bir kilometr uzadılır) necə gözəl, müqayisəyə gəlməyən füsünkar bir bulvarı var. İstirahət etmək üçün bura gündüzlər də, axşamlar da minlərlə adam axışıb gəlir – ailəsi-uşaqları ilə gələnlərin, bu gözəl şəhəri qurub-yaradan veteranların, gənclərin sevinci bu dənizli-səmalı geniş məkana sığmır. Sənin də bu füsünkar, ömür uzadan gözəllikdən zövq almağını, gəzib, istirahət etməyini çox istərdim. Axı, sən bu möhtəşəm gözəlliyi görsəydin, bəlkə ömrün də bir qədər uzanardı…

Təsadüfi deyil ki, ölkə başçımız İlham Əliyev də gördüklərinə az qala inana bilməyərək, Sumqayıt bulvarını möcüzə adlandırıb. Bu, həqiqətən də böyük bir möcüzədir – Xəzərin sahilində ucaldılmış bu gözəl şəhərdə onun 65 illik tarixi ərzində bulvarın olmaması fonunda cəmi 8-9 aya belə bir romantik gözəlliyin yaradılması həqiqətən bir möcüzə, fantastikadır.

Yadımdadır, son illər sən Sumqayıta gələndə mən Bakıdakı işimdən qayıtdıqdan sonra hərdən səninlə və uşaqlarla birgə dəniz sahilinə gəzməyə çıxardıq. Ancaq axşamlar dənizə doğru getdikcə işıq dirəklərinin tədricən azalması, əl fənərinin işığında, bəzən də qaranlıqda yol getməyimiz, şüşə tullantı-qırıqlarının, müxtəlif dəniz heyvanlarının sahilə atılmış iylənən cəmdəklərinin rast gəlindiyi sahələr, hər addımda yanından dolanıb keçməyə məcbur olduğumuz lehməli-palçıqlı iri gölməçələr, istirahət üçün dənizə gedib-gələnlərin yolunu kəsən 1,5 metr diametrli borular çox zaman bizim də, sahil gəzintisinə maraq göstərən digərlərinin də həvəsini öldürürdü (yaşlı adamlar o hündür, “ərəbzəngi” borulardan o taya keçə bilməyib, geri qayıtmalı olurdular). Üstəlik də yayda daha da çoxalan, adamı didib-dağıdan ağcaqanadlar… Bir sözlə, dəniz sahilinin bütöv antisanitariya “palitrası” məyusluq yaradırdı.

Bunlar təkcə səni və məni yox, bütün sumqyıtlıları narahat etsə də, “gözümüzü açıb” o cür gördüyümüzdən o yerlərin nə vaxtsa düzələcəyini, abad olacağını heç fikrimizə də gətirmirdik. O yerlərdən yalnız təəssüflə aralanmalı olurduq.

2015-ci ilə kimi elə belə də davam etdi. Bunlar azmış kimi, şəhərin əvvəlki rəhbərliyi kanalizasiya sularını da həmin əraziyə yönəltmək üçün böyük “təmizləyici kompleks” yaratmaq xülyasına düşmüşdü. İki ilə qədər o əraziyə yüzlərlə ton qum-torpaq daşındı, böyük “bənd-bərə” quruldu, ancaq sonradan özül qoymaq üçün hara qazıldısa, su çıxmağa başladı, nəzərdə tutulmayan böyük su basseyni əmələ gəldi. O keçmiş başçının, onun layihəçi və tikinti komandasının uğursuz işi dövlətə milyonlarla manat ziyan vurdu, külli miqdarda vəsail havaya sovruldu. Çox keçmədən onlar başçı qarışıq hamısı işləri yarımçıq qoyub, aradan çıxdılar.

Sahil şəhərciyi, dəniz mikrorayonu

Ata, indi həmin dənizkənarı sahəni görsəydin, onun necə bir reallıq, həqiqət olduğuna bəlkə də heç inanmazdın, gördüklərinin nağıl, yuxu olduğunu düşünərdin. Çünki indi həmin ərazidə – bir vaxtlar palçıqlı-bataqlıqlı, tullantılar yığnağı olan, yeraltı suların qarşısının alına bilmədiyi sahələrdə onlarla çoxmərtəbəli evlər ucalır, gözəl şəhərcik salınır. Axı, indi tikinti komandası da başqadır, onlara istiqamət verən şəhər rəhbəri də!..

İndi orijinal memarlıq üslubunda inşa edilmiş çoxmərtəbəli yaşayış binaları ilə yanaşı müasir otellərin də olduğu, bütün mühüm infrastuktura malik yeni yaşayış massivi, hər addımdakı gül-çiçək, qızılgül cərgələri göz oxşayır. İndi oranı tam əsasla Sahil şəhərciyi və ya Dəniz mikrorayonu da adlandırmaq olar. Orada 8-12 mərtəbəli binaların tikintisi bu gün də sürətlə, uğurla davam etdirilir. Bugünlərdə mən orada iki il əvvəl istifadəyə verilmiş yaşayış kompleksində mənzil almış bir dostumla görüşəndə onların çox gözəl, əyləncəli uşaq meydançası olan, böyüklərin də zövqlə, rahatlıqla  dincəldiyi yaraşıqlı həyətlərinə, mənzillərin orijinal və rasional layihələndirilməsinə heyranlığımı gizlədə bilmədim. Düzü, Sumqayıtın heç bir yerində belə gözəl yaşayış kompleksi görməmişdim. Ora sanki tamam başqa bir aləm, başqa bir dünya, uşaqların və böyüklərin mehribanlıqla, bir ailə kimi qaynayıb-qarışdığı alınmaz bir qala, Sumqayıtın “İçəri şəhəri”dir.

…Ata, sən ilk dəfə Sumqayıta gələndə 9 may qələbəsindən cəmi 22 il ötmüşdü, Sumqayıtın 18 yaşı hələ tamam olmamışdı. Müharibə illərində gözlərin qarşısında neçə-neçə dağılan, yerlə-yeksan olan şəhərlər görmüş bir döyüşçü kimi Azərbaycanda belə bir gənc, gözəl şəhərin yaradılması səni çox sevindirirdi, bundan böyük qürur hissi duyurdun (həmin illərdə sən də sürətlə inkişaf edən, gündən-günə böyüyüb-ucalan bu şəhərə köçmək istəmişdin, ancaq burdakı xudbin qohumlardan biri ona “yük” olarsan deyə, səni fikrindən daşındırmışdı).

Ancaq illər keçdikcə – ötən əyyamın 90-cı illərinə doğru respublikanın çox yerlərində olduğu kimi, Sumqayıtın həyatında da sanki bir durğunluq başladı. Sosial sahələrdəki bəzi nöqsanlar – yaşayış binalarının baxımsız, yeknəsəq görkəmi, yolların çox yerlərdə sökük-dağınıq, yamaqlı olması və s. sənin də diqqətindən yayınmırdı. Ancaq buna görə təəssüf hissi keçirsən də, çox sevdiyin bu şəhərin qüsurlarını da sakitcə qəbul edirdin (başqa neyləyə bilərdin ki?..). Şəhərin mərkəz hissələrindəki evlərə hərdənbir əl gəzdirilib, az-çox təmir edilsə də, “gözdən uzaq, könüldən iraq” olan məhəllə və mikrorayonların həyətlərinin, dalanlarının, qapı-pəncərələrinin vəziyyəti heç də ürəkaçan olmurdu. Hələ suyun, qazın, işığın da fasilələrlə verilməsi, evlərin damlarının çox yerlərdə yamaq-sökük olması, bu səbəbdən də qarlı-yağışlı günlərdə yuxarı mərtəbələrdəki mənzillərə yağış sularının damması haqlı narazılıq doğururdu.

…Yadımdadır, bir dəfə gecə yarısı gur, selləmə yağış yağanda tələsik oyanıb, məni də yuxudan oyatdın ki, yatdığın qonaq otağının künc-bucağından yağış damır. Əlacsızlıqdan evdəki vedrə-vannaları tez düzdük yağış damçılayan yerlərin altına. Və mən məcbur olub, gecə yarısı, soyuqda fənər işığıyla dama qalxdım ki, su daman yerləri mümkün qədər ordakı qırıq-kəsik şiferlərlə tutum. Küləyin-yağışın cövlan etdiyi şəraitdə dəlmə-deşiyi tutmaq heç də asan deyildi. Damdan düşənə qədər isə yaxşıca üşüyüb-islanmışdım.

Yayda da vəziyyət ürəkaçan olmurdu. Bəzi məhəllə və mikrorayonlarda rütubətli zirzəmilərdən qalxan üfunət iyi, həmin şəraitdə ağcaqanadların daha da çoxalaraq, gecələr evlərə hücum çəkmələri, sakinlərə “divan tutmaları” adi hala çevrilmişdi. Ona görə ki, ciddi tələbkarlıq olmadığından şəhərin Sanitar-epidemioloji stansiyası bu sahədə ardıcıl iş aparmır, vaxtında lazımi profilaktik tədbirlər görmürdü.

Bir dəfə isə axşam vaxtı Sumqayıtda səninlə getdiyimiz “Jiquli” maşınının qəfildən qapaqsız, ağzı açıq qalmış kanalizasiya lükünə düşmüşdü. Özümüz çox da zədələnməsək də, maşına ciddi ziyan dəymişdi, əlavə xərcə düşdük. Təəssüf ki, o vaxtlar yollara və kanalizasiya, kommunikasiya xətlərinə lazımi diqqət göştərilmədiyindən şəhərdə bir-çox qəza, yol-nəqliyyat hadisələri də baş verirdi. İndi belə hadisələrə, demək olar ki, təsadüf edilmir.

Abad şəhər yolundan bəlli olar…

Yaxşı ki, şəhərin problemlərinin artmaqda davam etdiyi bir vaxtda – 2015-ci ilin sentyabrında Sumqayıta bacarıqlı, nüfuzlu təşkilatçı, şəhərin sadiq, qayğıkeş və işgüzar yetirməsi İcra başçısı təyin olundu. O, sumqayıtlıların sosial-məişət qayğılarına, üzləşdikləri çətinliklərə yaxşı bələd olduğundan, ilk günlərdən çox düzgün olaraq şəhərin əsas problemlərinin həllindən – yolların, yaşayış binalarının, uşaq baxçalarının, məktəblərin və mədəniyyət ocaqlarının kompleks təmirindən başlamağa qərar verdi.

Çoxillik “mərkəzəqaçma” ənənələrinin əksinə olaraq yolların, küçələrin təmiri, yenidən, həm də keyfiyyətlə asfaltlanması, məhəllələrin abadlaşdırılması, binaların dam örtüklərinin yenilənməsi işləri şəhərin mərkəzi hissələrindən yox, ucqar mikroryonlardan başlanıldı.

Son 4 il ərzində Sumqayıtın daxili yollarının, küçə və meydanlarının, həyətlərin, uşaq meydançalarının böyük bir hissəsinin tam təmir edilib, yenidən asfaltlanıb-abadlaşdırılması olduqca geniş miqyaslı, ağır zəhmət və külli miqdarda vəsait tələb edən məsələlər olsa da, həmin işlər ardıcıllıqla, kompleks şəkildə və qətiyyətlə aparıldı. Sevindiricidir ki, şəhərdə görünməmiş miqyasda aparılan işlərin uğurla davam etdirilməsi üçün ölkə rəhbərimiz İlham Əliyev Sumqayıta bir-neçə dəfə böyük həcmdə maliyyə vəsaiti ayırmaqla dəstək oldu, həmişə olduğu kimi əməksevər sumqayıtlılara mühüm diqqət və qayğı göstərdi. Və çox yaxşı ki, şəhər rəhbərliyi Prezidentin ayırdığı vəsaitdən düzgün və səmərəli istifadə etməyə bacarıqla nail ola bildi. Məhz bunun nəticəsidir ki, aylarla aparılan gərgin işlərin bəhrəsi olaraq şəhərin həm Bakı-Quba magistral yolu tərəfdən olan əsas giriş yolu, həm şimaldan – Hacı Zeynalabdin qəsəbəsi tərəfdən gələn yol, həm də aeroporta, Novxanıya, Saray qəsəbəsinə aparan yollar son dövrlərdə genişləndirilib, yüksək keyfiyyətlə asfaltlandı, gözəl, qəlb oxşayan infrastruktur yaradıldı.

Ata, düşünürəm ki, bir vaxtlar Sumqayıta gəldiyin əsas giriş yolunun bu gün necə genişləndirildiyini, yolun hər iki tərəfində milli memarlıq elementlərindən istifadə edilməklə “bürclər”lə bərkidilmiş qədim qala sədləri şəklində divarlar hörüldüyünü, bütün yol boyu yerli və ekzotik ağaclar, cərgə-cərgə qızılgül kolları əkillərək, yaşıllıqlar gözəlliyi  yaradıldığını görsəydin, nə qədər fərəhlənər, sevinərdin. Şəhərin girişinə milli ornament və naxışlarla qədimi görkəm verilməsinin isə təsadüfi olmadığını sən də bilməmiş olmazdın. Axı, bir vaxtlar dəvə karvanlarının uzaq-uzaq ellərdən sıralanıb gəldiyi İpək yolu burdan, Sumqayıt ərazisindən keçirdi (yəqin elə Sumqayıt əfsanəsi də o vaxtlar yaranmışdı). Şəhərin girişində qonaqları qarşılayan həmin qala divarları ilk növbədə onlara İpək yolunun məhz bu ərazidən keçdiyini xatıraladır və daim də xatırladacaq.

Sumqayıtı ətraf şəhər və qəsəbələrlə əlaqələndirən yollarla bağlı ən böyük, gərgin iş bu şəhərlə Novxanını birləşdirən, bərbad hala düşmüş yolda, Sarıqaya ərazisində aparılıb. Hətta iki maşının yanaşı hərəkətinin çox yerdə çətinlik törətdiyi həmin yol ilk dəfə olaraq, həm də çox böyük, 4-5 aylıq zəhmət bahasına genişləndirilib, nəqliyyatın ikitərəfli problemsiz hərəkəti tam təmin edilib.

Ölkə Prezidentinin sumqayıtlılara və Bakı kəndlərinin sakinlərinə diqqət və qayğısı sayəsində Sumqayıtdan dəniz kənarı ilə Bakı aeroportuna qədər gedən yol da bütün infrastrukturu ilə tamamilə yenidən qurulub. Yolun ikitərəfli və çoxzolaqlı olmaqla Avropa standartlarına uyğun şəkildə, yüksək keyfiyyətlə çəkilməsi xarici səfərlərə təyyarə ilə getmək istəyən sumqayıtlıların işini xeyli asanlaşdırıb. Bir vaxtlar döyüş dostlarınla görüşmək üçün səni Rusiyaya, Ukraynaya yola salanda Sumqayıtdan aeroporta getmək üçün paytaxtın içindən keçməklə ümumilikdə ən azı bir saat yarım vaxt itirirdik, indi isə təyyarə limanına qısa yolla, dəniz kənarı ilə daha tez – 30-40 dəqiqəyə, həm də çox rahat  getmək olur. Yolun sağ-solunda ucaldılmış müxtəlif arxitekturalı yaşayış binaları, yaraşıqlı otellər, ticarət obyektləri, yaradılmış yaşıllıqlar və s. göz oxşayır.

İndi şəhərdaxili marşrutlarda hərəkət edən avtobuslar da sənin gördüklərin deyil. Bir vaxtlar səninlə narahatlıqla, yer olmadığından ayaq üstə, sıxlıq içərisində getdiyimiz, bəzən pəncərələri sınıq, içəri toz və dəm qazı (“uqar”) vuran, solyarka iyi dolan sınıq-salxaq, oturacaqları kor-kobud, neçə yerdən “yamaqlı”, böyük fasilələrlə hərəkət edən avtobuslardan indi əsər-əlamət də qalmayıb. Çox zaman həmin yararsız avtobusların istismar müddəti başa çatsa da, əlacsızlıqdan – maşın çatışmazlığı üzündən xəttə buraxılırdı. Ancaq son illərdə şəhərə xaricdən ideal dərəcədə yenilənmiş, “şüşə kimi” parıldayan yollarda onlara müvafiq olan, yayda salona sərinlik, qışda istilik yayan kondisionerlərlə təchiz edilmiş xeyli sayda müasir, komfortabelli, iri tutumlu avtobuslar gətirilib və onlar əvvəlki illərdən fərqli olaraq dəqiq qrafiklə hərəkət edir, sərnişinləri dayanacaqlarda intizarda qoymur. Düzünü deyim ki, əvvəllər də bu şəhərdə yaşasaq da, o zaman yox, məhz indi özümüzü şəhər adamı hesab edirik, çünki nəqliyyatda xidmət servisinin zövqünü məhz son illərdə duymağa başlamışıq.

Şəhərin bugününə, sabahına qayğı – hər bir sakinə olan diqqət və qayğıdır

Sənin sevdiyin şəhərin digər sahələrində də əhaliyə xidmət səviyyəsi yüksəlmişdir. Bir vaxtlar çoxmərtəbəli evlərin sakinlərinin “canını boğazına yığan” lift problemi də, demək olar ki, artıq bütünlüklə həll edilmişdir. Səninlə birgə bu problemlə də dəfələrlə üzləşmişdik. 12-mikrorayonda yaşayan qohumlarımızgilə gedəndə birinci mərtəbədə hərəkətsiz  “ilişib” qalmış lifti görəndə istər-istəməz əsəbiləşir, deyinməli olurdun ki, bu lift işləməyəcəkdisə, onu niyə quraşdırıblar? Və yaşlı, ahıl vaxtında 7-ci mərtəbəyə güc-bəla piyada, əsəbi halda qalxmalı olurdun. Liftin təmir edilib, işə salınması əvəzinə mərtəbələrin birində uşaqları təhlükədən qorumaq üçün qapısı örtülməyən lift şaxtasının sakinlər tərəfindən taxta və daşlarla hörülməsi də nəzərindən qaçmamışdı. Hər dəfə Sumqayıta gələndə ordakı liftin (bütün binada oxşar vəziyyət idi) nəinki həmin yararsız vəziyyətdə olduğunu, hətta günlər-aylar ötdükcə içərisinin zir-zibillə dolduğunu, üfunət verdiyini görüb yenə də əsəbiləşirdin. Axı, sən Rusiyaya, Ukraynaya gedəndə belə xoşagəlməz vəziyyətlə rastlaşmırdın. Şükür ki, indi vəziyyət sakinlərin sevincinə, rahatlığına səbəb olaraq tamamilə dəyişib. Şəhər rəhbərliyinin diqqət və qayğısı, şəxsi təşəbbüsü və ölkə başçısının böyük dəstəyi ilə Sumqayıt üçün xaricdən yüzlərlə müasir liftlər gətirilərək şəhərin əksər çoxmərtəbəli binalarında quraşdırılmış və sakinlərin ixtiyarına verilmişdir. Və mən bir müddət əvvəl həmin qohumumuzgilə gedəndə yeni lifti və mərtəbələrarası təmizliyi, səliqə-sahmanı görəndə çox sevindim. İndi o yaşlı qohumlarımız və 1-ci qrup əlil olan qızları onları pilləkənlə piyada düşüb-qalxmaq əziyyətindən qurtarmış şəhər rəhbərliyinə, lift təsərrüfatının işçilərinə səhər-axşam minnətdarlıqla dua edirlər. Əlbəttə, təkcə onlar yox, lift problemləri birdəfəlik həll edilmiş, aralarında şikəsti-xəstəsi, yaşlı adamları olan minlərlə şəhər sakini! Və heç şübhəsiz ki, onların sevincinə-alqışına sən də biganə qalmaz, bu cür xeyirxahlıqdan, qayğıkeşlikdən çox məmnun olardın.

Şəhərin su xətlərininin 40-50 il əvvəl çəkildiyini, boruların bəzilərinin korroziyaya uğradığını, çürüdüyünü nəzərə alan şəhər rəhbərliyi yaxın onillərdə sumqayıtlıların su problemi ilə üzləşməməsi üçün şəhərin bütün yeraltı su xətlərinin köhnəlmiş iri borularının, demək olar ki, bütünlüklə dəyişdirilməsinə nail olub. Həm də bu sahədə işlər su borularının çəkiliş və istismar texnologiyasına tam uyğun şəkildə aparılıb.

Səhər rəhbərliyinin birbaşa göstərişi və nəzarəti ilə şəhərin sanitariya məsələləri də xüsusi diqqətə götürülüb. Son 2-3 ildə şəhərin rütubətli, üfunət iyi verən bütün zirzəmiləri vaxtaşırı dezinfeksiya edilmiş və demək olar ki, tam təmizlənib-qurudulmuşdur. Bir vaxtlar səni də çox narahat bir antisanitariya mənbəyi də zərərsizləşdirilib – yay aylarında az qala bütün şəhər sakinlərini “iynədən” keçirən ağcaqanadların da kökü demək olar ki, artıq tam kəsilib və neçə müddətdir ki, sakinlər ağcaqanadlardan əziyyət çəkmirlər.

Ümumiyyətlə, Sumqayıtda son vaxtlar görülmüş son dərəcə mühüm, iri həcmli işləri sadalamaqla qurtarmaz. Şəhərin iki böyük mədəniyyət ocağının – H.Ərəblinski adına Sumqaylt Dövlət Dram Teatrının və “Kimyaçı” Mədəniyyət sarayının, uşaq baxçalarının və məktəblərin, poliklinika və xəstəxanaların əsaslı təmiri, həyətlərin, uşaq meydançalarının abadlaşdırılması, evlərin çardaq konstruksiyalarının yenidən qurularaq, davamlı dam örtüklərinin vurulması, şəhərin işıqlandırma sisteminin, digər infrastruktur sahələrinin daha da yaxşılaşdırılması və s. barədə daha geniş danışmaq olar. Ancaq yəqin ki deyilənlər də şəhərdə aparılan dəyişikliklər, yeniliklər haqqında kifayət qədər təəssürat yaradır.

Ata, şəhərimizi daha da gözəlləşdirən, zəngin edən iki böyük yenilik – sənin heç vaxt görə bilməyəcəyinə çox təəssüf etdiyim Sumqayıt bulvarı və Dəniz mikrorayonundan başqa şəhərimizi daha yaraşıqlı edən və gözəlləşdirən digər yeni sosial-mədəni obyektlər də – Heydər Əliyev Mərkəzi, Uşaq incəsənət məktəbi, Poeziya Evi, yeni Şahmat məktəbi, Bayraq muzeyi və şəhərin girişindəki yeni yaşayış kompleksi son illərin yadigarlarıdır. Yaxın vaxtlarda tikintiləri başa çatmaqda olan, milli-memarlıq üslubunda inşa edilən Muğam mərkəzi və yeni  “Nizami” kino-teatrı da sumqayıtlıların ixtiyarına veriləcəkdir.

Yadımdadır ki, vaxtilə elindən-obasından didərgin düşüb, Sumqayıta pənah gətirən talesizlərin lazımi şəraiti olmayan yataqxanalara, yarımçıq tikililərə sığındıqlarını,    uşaqlı-böyüklü ailələrin geniş olmayan bir otağa güclə sığışdığını görəndə ürəyin ağrıyırdı. İndi çox şükürlər ki, Prezidentimizin diqqət və qayğısı sayəsində Sumqayıtın 12-ci mikrorayonunda bütün infrastrukturu, ayrıca uşaq baxçası, məktəbi, mağazaları, apteki olan çox gözəl bir şəhərcik inşa edilmiş, 1000-dən artıq qaçqın-köçkün ailəsi – 4 minə qədər adam hər bir kommunal şəraiti olan mənzillə təmin edilmişdir. 25 ildən artıq Sumqayıtda məskunlaşmış daha 1000 ailə isə Sumqayıt stansiyasında yeni istifadəyə verilmiş yaşayış massivindəki mənzillərinə köçmüşlər.

…Ata, qarşıdan sənin çox sevdiyin, qoynuna hər zaman sevinclə tələsdiyin Sumqayıtın şərəfli 70 illik yubileyi gəlir!  Şəhərimiz, bütün xalqımız bu yubileyi böyük təntənə ilə qeyd etməyə hazırlaşır.  Çünki Sumqayıt Azərbaycanın çox mühüm, strateji əhəmiyyəti olan böyük sənaye şəhəri olmaqla ölkəmizin güclü iqtisadi dayağı, həm də mədəniyyət mərkəzi, qardaşlıq şəhəridir. İnanıram ki, yubiley tədbirləri günlərində sənin ruhun da Sumqayıtla, bu gözəl, sevimli şəhərlə olacaqdır… Və ruhun sevinəcəkdir. Çünki indi Sumqayıt tamam başqa bir Sumqayıtdır!..

Oğlun , Rəhman ORXAN

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər