Sumqayıtın ekoloji cəhətdən təmiz şəhərə çevrilməsi diqqət mərkəzindədir

785

Bu günlərdə Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransda müxtəlif ölkələrdən rəsmi şəxslər, neft-qaz şirkətlərinin təmsilçiləri, ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər iştirak etmişlər.
Konfrans çərçivəsində “Neft və neft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyası və idarə olunması” mövzusunda keçirilən sessiyada Sumqayıt sənaye zonasında illərlə çirklənmiş ərazilərdə ARDNŞ tərəfindən həyata keçirilən ekoloji layihələr də müzakirə olunmuşdur.
Mövzu böyük marağa səbəb olmuşdur. Belə ki, son zamanlar bəzi kütləvi informasiya vasitələri baş ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşən beynəlxalq qeyri-kommersiya təşkilatı “Blacksmith” İnstitutunun 2007-ci il hesabatındakı şablon, əsassız və köhnəlmiş məlumatlara istinad edərək Sumqayıt şəhərinin dünyanın ən çirkli şəhərlərindən biri olması barədə həqiqətə əsaslanmayan məlumatlar yayırlar. Bununla da Sumqayıtın ekoloji vəziyyəti haqqında yanlış təsəvvür yaradırlar.
Bu kontekstə ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin müşahidə şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin “SOCAR Sumqayıt sənaye zonasında illərlə çirklənmiş ərazilərə yeni həyat verir” mövzusunda təqdimatı konfransda böyük maraqla qarşılanmışdır. AzərTAc-a açıqlamasında Muxtar Babayev demişdir:
– Ətraf mühitin mühafizəsi, gələcək nəsillərə çatdırılması, onun qorunması sağlam həyat baxımından mühüm əhəmiyyət kəsb edir. Tullantıların utilizasiya edilmədən ətraf mühitə atılması, çirkab suların tam zərərsizləşdirilmədən birbaşa dənizə axıdılması insanları qlobal ekoloji problemlərlə üz-üzə qoymuşdur. Əvvəllər ekoloji ziyanlı sənaye obyektlərinin, yalnız istehsal göstərici əldə etmək prinsipi ilə işləyən müəssisələrin intensiv şəkildə tikilib istifadəyə verilməsi, ətraf mühitin mühafizəsinə isə lazımı diqqətin ayrılmaması və nəticədə istehsalat tullantılarının utilizasiya edilmədən ətraf mühitə atılması ekoloji problemləri qloballaşdırmışdır. Bununla da insanların rifahı naminə, sosial–iqtisadi sahələrdə görülən işlərlə bərabər ekoloji layihələrin paralel aparılmasına zərurət yaranmışdır.
İnkişaf yolunda olan Azərbaycanda hər sahədə olduğu kimi, Sumqayıtın sənaye zonasına və ekoloji problemlərinə daha çox diqqətin ayrılmasını xüsusi ilə qeyd etmək istərdim. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ətraf mühitin mühafizəsi kimi daim diqqət mərkəzində olan ənənəsinə sadiq qalaraq fəaliyyətini davam etdirməkdədir. Yalnız neft-kimya sənaye zonasında deyil bütövlükdə Sumqayıt şəhəri regionunda da sağlam ekoloji mühitin yaradılması, ətraf mühitin mühafizəsi, miras qalmış ekoloji problemlərin savadlı şəkildə həllinə yönəldilmiş mərhələli geniş tədbirlər görülməkdədir. Bu gün Sumqayıtda neft-kimya sənayesindən başqa onun infrastrukturunu təşkil edən maşınqayırma, metallurgiya, yeyinti və yüngül sənayeləri də intensiv şəkildə inkişaf etməkdədir.
Sumqayıtda neft–kimya sənayesini özündə birləşdirən “Azərikimya” İstehsalat Birliyi 2010-cu ildən ARDNŞ-in tərkibinə daxil edilmişdir. Son illərdə ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii ehtiyatlardan səmərəli istifadə çərçivəsində “Azərikimya” İB-də istismara yararlı, mövcud istehsalat qurğularında müvafiq tədqiqat işləri aparılmış və həyata keçiriləcək yenidənqurma işlərinin istiqamətləri müəyyənləşdirilmişdir. Yenidənqurma çərçivəsində qurğularda müasir idarəetmə sisteminin tətbiq edilməsinə, mənəvi və fiziki cəhətdən köhnəlmiş avadanlığın daha müasirləri ilə əvəz edilməsinə başlanılmışdır. Bu sahədə susoyutma və azot-oksigen qurğularının tikintisini xüsusi ilə qeyd etmək olar.
Ərazidə formalaşan məişət və kimyəvi-çirkab sularının tam təmizlənməsi məqsədi ilə etilen və polietilen istehsalatlarında iki müasir bioloji təmizləyici qurğu yaradılmışdır. Görülən tədbirlər nəticəsində qurğulardan atmosferə atılan tullantıların miqdarının normalara uyğunlaşdırılmasına nail olunmuşdur.
Sumqayıt sənaye zonasının ekoloji böhran yaradan, istismara yararsız, mənəvi və fiziki cəhətdən tam köhnəlmiş avadanlıq və texnologiyalarla işləyən, dünya standartlarının tələblərinə cavab verməyən və ən önəmlisi ətraf mühitə külli-miqdarda bərpa olunmayan ziyan vuran müəssisələrin istismarı Dövlət Neft Şirkəti tərəfindən mərhələli şəkildə dayandırılmış və sökülmüşdür. Bu qurğuların istismarının dayandırılması atmosferə və dənizə atılan kimyəvi tullantıların miqdarını əhəmiyyətli dərəcədə azaltmışdır. Ən ciddi və uzun müddət həllini tapmayan ekoloji problemlərdən biri ötən əsrin ortalarından fəaliyyətə başlamış Sumqayıt neft-kimya sənayesi zonasında çox miqdarda yığılıb qalmış xlor, hidrogen-xlorid, ammonyak və s. maddələrin tullantıları atmosfer havasını çirkləndirirdi. Köhnə texnologiyalı istehsalat qurğularının ərazisində civə ilə çirklənmiş sahənin olması ətraf mühitə ciddi ziyan vururdu. Müəssisələrdə bərk sənaye tullantılarının anbarlaşdırma şəraiti olmadığından çoxlu miqdarda sənaye tullantıları – divinil, sintetik yağ turşusu, mis-sulfat, sulfidlər, kauçuk tullantısı və 84 adda tonlarla müxtəlif növ kimyəvi tullantılar əraziyə atılmışdı.
Səthi aktiv maddələr zavodunda fəaliyyət göstərmiş bir çox zərərli istehsalatlar, o cümlədən civə üsulu ilə kaustik soda istehsalı yalnız həmin müəssisə üçün deyil, bütünlükdə Sumqayıt şəhəri üçün ciddi problemlər yaratmışdı. Zərərli kimyəvi tullantılarla çirklənmiş ərazilərin tədqiq edilməsi, qiymətləndirilməsi və sahələrin təmizlənməsi, ətraf mühitin sağlamlaşdırılması üzrə proqramının həyata keçirilməsi məqsədilə “Azərikimya” İB-də “Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilmiş və Almaniyanın GİCON şirkəti ilə 2 illik saziş imzalanmışdır. Qabaqcıl təcrübəyə malik GİCON şirkəti ilə əməkdaşlıq çərçivəsində alman mütəxəssislərlə birlikdə çirklənmiş ərazilərin kadastrı tərtib edilmişdir.
Bu tədbirlərin həyata keçirilməsi üçün “Global Alliance on Health and Pollution” (GAHP) təşkilatı ilə “İnsan orqanizmi üçün potensial təsirə malik toksiki çirklənmiş ərazilərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi Proqramı” üzrə əməkdaşlığa başlanmışdır. “Blacksmith” İnstitutunun da daxil olduğu “Global Alliance on Health and Pollution” təşkilatı ilə “Azərikimya” İB-nin və Ekologiya İdarəsinin mütəxəssislərindən ibarət işçi qrup yaradılmış, seçilmiş ərazidə monitorinq və qiymətləndirmə işləri həyata keçirilmişdir. Çirklənmiş ərazilərdən təhlükəli tullantılar və çirklənmiş torpaq qısa bir zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli Tullantılar” poliqonuna daşınaraq zərərsizləşdirilmiş və sahədəki torpaqların təbii strukturu bərpa edilmişdir. İstismarı dayandırılmış zavodların sökülməsi və torpaqların təmizlənməsi nəticəsində əmələ gələn xeyli miqdarda civə qablaşdırılaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmaqla, müvafiq qaydada utilizasiya edilmişdir.
“Təmiz istehsalat” proqramının tətbiq edilməsi məqsədi ilə “Azərikimya” İstehsalat Birliyi ilə ARDNŞ-in Ekologiya İdarəsi arasında bağlanmış sazişlə Ekoloji Monitorinq Departamenti zavodlarda ekoloji monitorinq işləri aparmışdır. Atmosfer havasının, torpaqların, qrunt və sənaye sularının vəziyyəti haqda məlumatlar toplanmışdır. “Tullantının İdarə Olunması Plan”ı hazırlanmış və tullantının idarə olunması sistemi qurulmuşdur. Tullantılar növünə görə çeşidlənərək ARDNŞ-in “Tullantı Mərkəzi”nə təhvil verilmişdir.
Dövlət Neft Şirkəti Sumqayıt sənaye zonasında illərlə çirklənmiş ərazilərdə müvəffəqiyyətli işlər aparmışdır. Nəticədə atmosferə atılan sənaye tullantıları qısa bir zamanda minimuma endirilmişdir. Təmizlənmiş ərazilərdə son texnologiyaya malik, modern avadanlıqla və idarəetmə sistemi ilə təchiz edilmiş ekoloji təmiz yeni müəssisələrin yaradılmasına başlanmışdır. Bunlara Sumqayıt Texnologiyalar Parkındakı Azgüntex günəş modulları və LED lampaları zavodlarını, azot gübrəsi – karbamid istehsalatını, Sumqayıt Kimya Sənaye Parkındakı “Azərtexnolayn” polad boru zavodunu, SOCAR Polimer -polipropilen və polietilen istehsalatlarını misal göstərmək olar.
Bildirmək istərdim ki, bu istehsalatlar külli miqdarda kimyəvi tullantılardan təmizlənmiş ərazilərdə Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış müəssisələrdir. Layihələndirilən hər yeni istehsalatda ən yüksək standartlar, ətraf mühitin mühafizəsinin norma və qaydaları prioritet olaraq nəzərə alınmaqdadır.
Ekologiyanın öyrənilməsi, ətraf mühitin mühafizəsi və sağlam mühitin bərpa edilməsi proqramı çərçivəsində 2008-ci ildə tərtib edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekoloji siyasəti”nə uyğun olaraq nəinki kimya sənaye zonalarını əhatə edən ərazilərdə, eləcə də Sumqayıt regionuna aid bütün ərazilərdə abadlaşdırma tədbirlərində ardıcıl və planlı şəkildə işlər aparılmaqdadır. “Azərikimya” İstehsalat Birliyinə məxsus hektarlarla ərazilərdə salınmış tingliklər sayəsində minlərlə müxtəlif növlü dekorativ ağac və kollar əkilmiş, boş ərazilərdə, magistral yolların kənarlarında geniş yaşıl massivlər salınmışdır. Bu işlər fasiləsiz və ardıcıl şəkildə davam etməkdədir. Bu sahədə genişmiqyaslı ekoloji maarifləndirmə və təbliğat işləri aparılır, bir sıra səmərəli tədbirlər həyata keçirilir. Qeyd edim ki, ətraf mühitin mühafizəsi Dövlət Neft Şirkətinin prioritet elan etdiyi məsələlərdən biridir. Bununla bağlı əhali arasında ekoloji maarifləndirmə işinin fəallaşdırılması, təbiətə qayğı göstərilməsi, ekoloji biliklərin mənimsənilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilir. Neft-kimya sənayesinin işçiləri və şəhərin digər təşkilatları, ali və orta məktəblərin tələbələrinin, şagirdlərinin iştirakı ilə ətraf mühitin qorunması üzrə müxtəlif səpkidə tədbirlər keçirilir. Şəhərətrafı zonalar, dəniz sahili boyu ərazilər tullantılardan təmizlənir və sağlam ekoloji mühit yaradılır. Bu tədbirlər həm də gənc nəsildə təbiətə sevgi, ekologiyaya diqqət və qayğının göstərilməsində xüsusi vərdişlər aşılayır. ARDNŞ tərəfindən həyata keçirilən ekoloji tədbirlər şəhərin çiçəklənməsinə və onun sənaye-turizm şəhərinə çevrilməsinə öz töhfəsini verməkdədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər