Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu

1438
Bu gün Sumqayıt şəhərində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu keçirilib.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirə Sumqayıt şəhəri ilə yanaşı, ətraf rayonlardan olan 100-dən çox iştirakçı qatılıb.
Tədbirdə ilk olaraq iştirakçılar üçün informativ sessiya keçirilib, “İdeyadan Biznesə” layihəsinin konsepsiyası, layihə çərçivəsində keçirilən startap turlarının məqsədi, əldə olunan nəticələr və gələcək planlar barədə məlumat verilib.
Bildirilib ki, “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən turlar startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə reallaşdırılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “Microsoft” şirkəti ilə birgə həyata keçirilən layihənin əsas tərəfdaşı isə “Azercell” şirkətidir.
Tədbir çərçivəsində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən keçirilən infosessiyada Fondun startapçılara təqdim etdiyi imkanlar, ənənəvi olaraq elan edilən qrant müsabiqələri və bu müsabiqələrdə iştirakla bağlı ətraflı məlumat verilib.
Daha sonra “Sağlam Yaşam platforması” layihəsinin müəllifi Şahlar Paşayev öz uğur hekayəsini bölüşüb. Layihəsi haqqında məlumat verən Ş.Paşayev bildirib ki, istifadəçilər “Sağlam Yaşam platforması” mobil portalı tərəfindən tanındıqdan sonra əsas sağlamlıq parametrləri barədə 6 dəqiqə ərzində ətraflı məlumat əldə edə bilərlər.
O, layihəsinin tam formalaşmasında iştirak etdiyi startap tədbirlərinin böyük rol oynadığını qeyd edib.
Məlumat üçün bildirək ki, “Sağlam Yaşam platforması” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Rusiya Federasiyasının “Skolkovo” Fondu ilə keçirdiyi Açıq İnnovasiyalar üzrə Startap Turu çərçivəsində Azərbaycanın ən yaxşı startapı seçilib.
Tədbirin interaktiv hissəsində “AIESEC in Azerbaijan” və “Microsoft” şirkətinin nümayəndələri tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.
İnteraktiv hissədən sonra ideyası olan iştirakçılardan ibarət komanda formalaşdırılıb və komandalar peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb.
Müsabiqədə komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Komanda rəhbərlərinin təqdimatlarından sonra sual-cavab və layihənin müzakirəsi baş tutub.
Seçilmiş layihələr əsas yerlər uğrunda mübarizə aparıblar. İkinci hissənin sonunda mütəxəssislərdən ibarət münsiflər Sumqayıt şəhəri üzrə I, II və III yerlərin qaliblərini müəyyənləşdiriblər.
Beləliklə, müsabiqədə I, II və III yerlərə müvafiq olaraq “Smart reaktor”, “Zoolab”, “Order Bot” layihələri layiq görülüb. Tədbirin yekununda qaliblər təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılıb.
Bununla da Mingəçevir, Lənkəran və Quba şəhərləri ilə yanaşı, Sumqayıt şəhəri üzrə də ən uğurlu startap layihələri artıq bəlli oldu.Respublikanın rayon və şəhərləri üzrə startap turlarının qalibləri Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır.
Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri isə təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə edəcəklər.
Bundan başqa, startap turları çərçivəsində qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər